Bu coğrafiyada tarixən belə olub. Mürəkkəb situasiyalardan baş çıxarmaq, qəliz problemləri aram-aram, hövsələ və səliqə ilə çözmək yerinə, daima bəsit situasiyaya qaçıb, sadə prosesləri idarə ediblər.
Stalin niyə deyirdi ki, “adam yoxdursa, problem də yoxdur”. Çünki onda və silahdaşlarında çoxsəsli xora tablaşmaq, fikir və mövqe müxtəlifliyi şəraitində kombinasiyalar qurmaq, Avropada olduğu kimi, çoxpartiyalı sistem əsasında dövləti idarə etmək qabiliyyəti yox idi. Bircə onu bilirdi ki, assın, kəssin, situasiyanın mürəkkəbləşməsinə imkan verməsin. Daha filan opponent düz deyir, ağıllı yol göstərir, ona dəxli yox idi. “İdarə etməyə mane olur, demək, məhv edilməlidir”, – düşüncə bu idi.
Asanına qaçmaq, “məsələni birdəfəlik həll etmək”, özünü çətinə salmamaq vərdişlərimiz üzündəndir ki, ölkəmizdə vaxtaşırı belə bir situasiya yaranır: xırda problem yaranmamasına çalışaraq daha böyük problem yaradırıq.
Məsələn, son günlərin ən aktual problemini götürək, sarı zolaq məsələsini.
Ölkənin yetkin və fəal kəsiminə, xüsusilə də paytaxt sakinlərinə bəllidir ki, Bakıda İslamiada adlandırılan idman yarışması keçirilir və bu yarışla bağlı şəhərin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Başqa sözlə, yolların bəzi hallarda üçdə biri, bəzi hallarda isə yarısı sarı xətlərlə xüsusi zolağa alınıb, bu zolaqla yalnız idmançıları daşıyan nəqliyyat vasitələri, bir də İslamiadanın təşkilatçılığına cəlb edilmiş xüsusi avtomobillər hərəkət edə bilər.
Məqsəd odur ki, idmançıların yaşadıqları otellərdən idman arenalarına daşınmasında problem yaranmasın. Bir neçə min idmançının yarış saatına gecikməməsi, problem yaşamaması üçün tətbiq edilən sarı zolaq yasağı isə bir neçə yüz min insana ciddi problem yaratmaqdadır.
Onlar mənzil başına çatmaq üçün saatlarla tıxacda qalırlar. Baxırsan ki, yolun bir hissəsi, sarı zolaq bomboşdur, amma artıq “qara zolaq” adlandıra biləcəyimiz hissədə minlərlə avtomobil ard-arda düzülüblər.
Bəlkə buna da tablaşmaq, vərdiş etmək mümkündür, anlayış göstərərək düşünmək olar ki, belə kütləvi idman tədbirləri iki-üç ildən bir, o da 15-20 gün ərzində olur, necə deyərlər, müvəqqəti çətinlikdir.
Ancaq problemin həlli yolu var axı, bir az artıq diqqət, bir az artıq səy, əmək, enerji sərf edərək, sarı zolaq problemini həll etmək olar.
İdmançıların öz otel otaqlarında mışıl-mışıl yatdığı, idman arenalarının qapısının bağlı olduğu gecə və səhər saatlarında nəyə görə sarı zolaq bomboş, “qara zolaq” isə avtomobillərlə təpili-tıxılı olmalıdır? Səhər saatlarında sarı zolağı xalqın üzünə açmaq, hərəkətə icazə vermək olar, çünki o yolda hərəkət iki-üç saatdan sonra başlayacaq. Bir də idmançılar yarışıb-qurtarandan, otellərinə varid olandan sonra yenidən yolda intensiv hərəkəti bərpa etmək mümkündür. Çünki onlar gecənin bir aləmi yenidən arenaya qayıdıb güləşəsi, dombalaq aşası deyillər.
Bax, bunu düşünən, idmançıların hərəkət cədvəlini, yarış qrafikini incəliyinə, son detalına öyrənən və situasiyanı çevik, operativ və effektiv şəkildə (“gəlirlər, yolu açaq, getdilər, camaatı buraxaq” düsturu ilə) idarə edən yoxdur. “Yolu birdəfəlik bağlayın” demək asandır, “sarı xətti keçəni cərimələyin” göstərişi vermək isə asan olduğu qədər də sərfəlidir. Büdcəyə əlavə milyonlar gəlir. Gəlir də nə olur? Heç nə, Küveyt kimi milyardlara sahib ölkələrin idmançılarına sərf olunur.
Ən pisi odur ki, üzrlü səbəbdən tələsən, hövsələsizliyi və saymazlığı üzündən gözləməyə təhəmmül etməyən yüzlərlə sürücü o sarı zolağa məhəl qoymur, şütüyüb gedirlər, onlara baxan bəziləri də gedənlərin ardınca düzülür. İrəlidə onların çoxu ya YPX-nin, ya da müşahidə kamerasının qorxusundan yenidən “qara zolağ”a qayıdırlar, beləliklə, sarı zolaqdan heç çıxmayanları daha da ləngidirlər.
Yəqin ki, o cür sürücülərin bir çoxu cərimələnəcək, sarı zolaqda hərəkət etməyin baha başa gəldiyini dərk edəcəklər. Hazırda isə hiss olunur ki, “yığılan cərimələri sildirəcəyi”nə ümid edənlər çoxdur.
Uzun sözün kəsəsi, bu sarı zolaq qadağasının üzərində yenidən düşünmək lazımdır. İnsanlarımız lüzumsuz yerə niyə əziyyət çəksinlər ki? Yolun yarısı boş ola-ola uzun müddət, həm də gecə saatlarında səbəbsiz yerə tıxacda qalan insanın nəinki ölkəsinə, hətta özünə də hörməti azalır.
Hamı bu qara zolaqdan çıxmaq istəyir.