Hələ 22 il öncə o dövrün qeyri-leqal satirik qəzeti “Çeşmə” mədəniyyət naziri postunu tutan Polad Bülbüloğlu haqqında bir lətifə dərc etmişdi, yazmışdı ki, Azərbaycanda prezident postuna seçilən şəxslər üç şeyə and içir: Konstitusiyaya, Qurana, bir də Polad Bülbüloğlunu vəzifədən çıxarmayacağına.
Qəzet bunu ona görə yazmışdı ki, Polad Bülbüloğlu köhnə iqtidarların komandasından qalan yeganə yüksək mənsəbli şəxs idi. O, barəsində fərman verərək, onun işdən azad edə biləcək 5 rəhbər şəxslə işləmişdi.
1988-ci ildə, SSRİ dövründə Polad Bülbüloğlunu mədəniyyət naziri postuna respublikanın faktiki rəhbəri, Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov təyin etmişdi. O zaman 42 yaşlı Bülbüloğlunun təyinatı hansısa dairələrdə qıcıq doğurmuşdu. Vəzirov həmin tənqidlərə cavab olaraq televiziya ilə nümayiş etdirilən bir toplantıda dedi ki, Poladın yaşını irad tuturlar, amma onun 42 yaşı var. “Oçen solidnıy vozrast”, – deyə Vəzirov söhbətə nöqtə qoydu.
Sonradan Vəzirov getdi, Mütəllibov gəldi. Ayaz müəllimin formalaşdırdığı yeni komandada da Polad Bülbüloğlu sevimli və populyar nazirlərdən biri oldu. Hətta Mütəllibov 1991-cı ildə keçirilən prezident seçkisindən sonra yenidən formalaşdırdığı və Ali Sovetin təsdiqinə təqdim etdiyi komandaya Polad Bülbüloğlunu yenidən daxil etdi.
Mütəllibovu əvəz edən Yaqud Məmmədov çox nazir dəyişməyə imkan tapmadı, əsasən güc nazirliklərini yenilədi, amma prinsipcə, Polad Bülbüloğlunu vəzifədən çıxara bilərdi, çıxarmadı.
Yaqub Məmmədovdan sonra parlamentin sədri vəzifəsini tutan, eyni zamanda prezidentin səlahiyyətlərini icra edən İsa Qəmbər xeyli nazir və İH başçısı dəyişdi, amma Polad Bülbüloğlu vəzifəsində qaldı.
Ona prezident Əbülfəz Elçibəy də toxunmadı. Polad Bülbüloğlu yenə postunda qaldı. Heydər Əliyev Vəzirovun, Mütəllibovun, Eçibəyin dövründən qalan bütün yüksək mənsəbli kadrları vəzifədən götürsə də, yalnız Polad Bülbüloğluna dəymədi və on il boyunca ölkənin mədəniyyət sahəsini ona etibar etdi.
Ölkənin ən uzunömürlü naziri statusunu qazanandan xeyli sonra onu mədəniyyət naziri postundan götürüb daha məsuliyyətli, hətta daha prestijli dövlət postuna təyin etdilər – Polad Bülbüloğlu ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri oldu.
Budur, o, 29 ildir ki, yüksək dövlət postunda fəaliyyət göstərir, indi də UNESKO-nn baş katibi olmaq üçün namizədliyini verib.
Artıq məşhur bəstəkar-müğənninin, diplomatın 42 yaşı yoxdur, 72 yaşı var. Amma Vəzirov demişkən, 72 yaş da mötəbər yaşdır.
İndi sosial şəbəkələrdə Polad Bülbüloğlunun ingiliscə danışmasını əks etdirən videokadrlar yayılır və əksəriyyət onu qınayır. Əslində, bu ingiliscə danışmaq da sayılmaz, Polad Bülbüloğlu ingiliscə yazılmış mətni üzündən oxumağa çalışır və əziyyət çəkir.
Vaxtilə rusca danışanda rəvan, səlis, savadlı təhkiyəsi ilə rusların özünü belə mat qoyan adamın ingilis dilindəki mətni bu cür hıqqana-hıqqana oxuması, daha dəqiqi, oxumağa çalışması kənardan çox pis görünür.
Belə olmamalıdır. Səhnədən vaxtında çəkilmək lazımdır. Bunu kim bilməsə də, parlaq artist keçmişi olan, dünyanın ən böyük səhnələrində fırtınalar əsdirən, SSRİ dövrünün ən yaxşı filmlərindən birində rol alan şəxs bilir, bilməlidir.
Belə durumlarda adam ikili hiss yaşayır. Bir yandan istəyirsən ki, mötəbər beynəlxalq təşkilatın rəhbəri sənin ölkənin vətəndaşı olsun, ötə yandan fikirləşirsən ki, o adam həmin vəzifəyə seçilsə, istər-istəməz ölkənin adını batıracaq.
Çünki o post ona uyğun deyil. Bu aydın görünür. Avropada isə bir adamı vəzifəyə təyin edənlər, seçənlər onun atasının məşhur tenor, opera müğənnisi olduğunu, özünün keçmiş şöhrətini nəzərə almırlar, tutduğu posta nə qədər layiq olduğuna, öz funksiyalarını nə dərəcədə icra etdiyinə baxırlar.
Bir dəfə Polad Bülbüloğlu ORT-də bir musiqi verilişinə qonaq idi. O, həmin verilişdə dilimizin nə qədər gözəl, musiqiyə yatımlı olduğunu göstərmək üçün ana dilimizdə bir kupletlik mahnı oxudu:
“Dişlərin incidəndir, dürdəndir, incidəndir, özün əcəb gözəlsən, dilin can incidəndir”.
Aparıcı ritmə, sözlərin düzülüşünə heyran qaldı, mat-mat baxdı. O gün Polad Bülbüloğlu ingiliscə danışanda da ətrafdakılar mat-mat baxırdılar, amma heç kəs demədi ki, dilin can incidəndir.