Yeni açılan skrom.net saytının rəhbəri, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür musavat.com-a müsahibəsində fəaliyyətləri və digər ictimai məsələlər barəsində danışıb. Çingiz Özgürlə müsahibəni təqdim edirik:
– İlk olaraq yeni fəaliyyətə başlayan saytınızdan danışaq. Sayt açmaq ideyası necə yarandı?
– Əslində Azərbaycanda mövcud vəziyyəti hər birimiz bilirik ki, bu gün kifayət qədər sayt fəaliyyət göstərir. Bu baxımdan sual yarana bilər ki, sayt bizə lazım idimi? Qeyd edim ki, mən ilk köşə yazımı “Yeni Müsavat” qəzetinə yazmışam. Bir dəfə Xalid Kazımlı öz köşə yazısında qeyd etmişdi ki, indinin oxucusu nə oxumaq istədiyini özü seçir, hətta tapa bilməyəndə özü yazıb, göndərir. Yəni məsələyə bir az da bu cür yanaşaq. İstədim ki, öz tribunam olsun və mən də kiməsə kömək edə bilim. Əgər mən qeyri-şərtsiz “Yeni Müsavat”da, lent.az saytında və ya digər mətbu orqanlardakı dostlarımın köməkliyi ilə fikrimi bildirirəmsə, bunu hər kəs edə bilmir. Mən də kiməsə bu cür köməklik etməyi düşündüm. Kiminsə bir təklifi, yazısı olarsa onu saytda verməyə hazıram. Biz sosial şəbəkələrdə statusla bir məsələni qabarda bilərik. Ancaq bunu hər hansı bir sayt vasitəsi ilə edəndə, daha təsirli olur. Məsələn, bu yaxınlarda bir dostumuz dedi ki, bir nəfərə kömək etmək üçün problemi işıqlandırmaq lazımdır. Biz onu yerləşdirdik, 6-7 nəfər də bizdən paylaşdı. Yəni kiməsə bu kimi hallardan bir qədər kömək olursa, bax elə bunun özü sayt açmaq üçün bəs edir. Düşünmürəm ki, bunun üçün daha böyük məqsəd olmalıdır.
– Saytı tək özünüz işlədirsiniz, yoxsa işçiləriniz də var?
– Xeyr, təkcə özüm deyiləm. İşçilər, kömək edənlər, dostlarımız var. Deyərdim ki, hər kəs mənə işləyir (gülür). Sayta demək olar ki, özüm çox az yazı qoyuram. Daha çox yardım edirlər.
– Sirr deyilsə maliyyə qaynaqlarınız barəsində də danışardız…
– Konkret olaraq bu gün hansısa işçiyə maaş kəsib, “sən burada otur, səni maaşla təmin edəcəyəm” deyə bilmirəm. Düşünürük ki, bir müddət sonra reklam cəlb edə bilsək, sayt normal işləsə, gələn gəliri bölə bilərik.
– Bəs nə üçün “skrom.net”?
– Bu mənə ən çox verilən sualdır. Hər kəs ilk olaraq deyirdi ki, ad uğursuz olacaq və eyni zamanda hamı bu informasiyanı bir-birinə ötürürdü. Ona görə də düşünürəm ki, bəlkə də daha uğurlu adla bundan az nəticə əldə edə bilərdik. Bizə lazım idi ki, klaviaturada tez yığılan, uzun-uzadı olmayan ad qoyaq. Mənasını rus dili ilə əlaqələndirib “ciddi.az” qoysaydıq, bu da alınmayacaqdı. Ona görə də belə bir ad seçdik və istədik ki, öz adımızı özümüz brendləşdirək.
– Ciddi dedikdə nəyi nəzərdə tutursuz?
– Yox, adı o cür düşünüb qoymamışam. Sadəcə olaraq düşünürük ki, bu adı brendləşdirəcəyik.
– Köşə yazmanızı bilirik bəs mətbuatda kimləri oxuyursunuz?
– Gündəlik izlədiyim adamlar var, ancaq hər kəs haqqında məlumatlıyam. Misal üçün davamlı olaraq Zamin Hacının, Xalid Kazımlının və ya Samir Sarının, Vüsalə Məmmədovanın, Sevinc Telmanqızının yazılarını oxuyuram. Bundan başqa da bir-iki ad çəkə bilərəm. Ancaq dediyim kimi, başqalarının da nə yazdığından xəbərim olur.
– “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri olaraq sizcə cəmiyyəti hansı sahədə maarifləndirməyə ehtiyac var?
– Ümumiyyətlə, maarifləndirməyə bütün sahələrdə ehtiyac var. Ancaq hesab edirəm ki, biz, misal üçün Suriyaya şəhid olmaq üçün gedən gəncliyimizi maarifləndirə bilərik. Biz İranın yollarında haranısa ziyarət etmək adı ilə sürünə-sürünə, ayaqyalın gedən insanlarımızı, kriminal avtoritetlərə meyl edib, bu aləmdə adı çəkilsin deyə baş kəsən, oğurluq edən gənclərimizi maarifləndirməliyik. Ümumilikdə hesab edirəm ki, bütün insanların maariflənməyə ehtiyacı var. Maariflənmək də doğru bildiyini demək deyil, doğru olanı söyləməkdir. Doğru bildiyin belədir ki, hər kəsin öz doğrusu var. Doğru olanı bilirsənsə, maarifləndir.
– Azərbaycanda bəzi şəxslər medianı müxalif və iqtidar yönlü deyə iki yerə ayırırlar. Bu cür yanaşsaq, sizi hansı tərəfdə qeyd edə bilərik?
– Biz insanyönümlü mediayıq. İnsan dedikdə müxalifət də, iqtidar da nəzərdə tutulur. Birincisi müxalifət mediası deyə bir şey görmürəm. İqtidar mediası deyilən də ola bilər ki, rəsmi dövlət orqanlarıdır. Yoxsa mən, iqtidar mediası da görmürəm. Deyək ki, illərin narazılıqlarından yazmağına baxmayaraq, bir nazirliyin tədbirindən reportaj verən qəzeti, saytı o dəqiqə iqtidaryönümlü çıxara bilərik. Eyni ilə bunun əksini də söyləmək olar. Ancaq düşünmürəm ki, media bu cür olmalıdır. Ümumiyyətlə, bu haqda danışmağım bir qədər təvazökarlıqdan kənar olar. Sadəcə olaraq öz düşüncələrimi deyirəm.
– Özünüzü jurnalist kimi görürsünüz, yoxsa iş adamı kimi? Bəzən deyirlər ki, jurnalistika ilə bağlı olmayan adam sayt aça bilməz.
– Bunu deyənlərin çoxu jurnalistika ilə məşğul olmayan adamlardır. Köşə yazarlığı çox gözəl şeydir. Buna həm də maddi tərəfdən dəyər verilsəydi özümü köşə yazarı və iş adamı hesab edərdim. Başqa ölkələrdə bu, həm də kifayət qədər böyük iş sayılır. Misal üçün qardaş ölkə Türkiyədə iqtisadiyyatla bağlı adamlar hər səhər iqtisadiyyatdan yazan köşə yazarlarının yazılarını oxuyurlar. Eynilə digər sahələrdə də bu, belədir. Köşə yazarları cəmiyyəti yönələndirir, ictimai rəy yaradır, həm də yaxşı pul qazanırlar. Bu baxımdan özümü köşə yazarı hesab etsəm, bir qədər böyük çıxar. Lakin yazdıqlarımdan heç zaman şikayət almamışam. İş adamı da deyiləm.
– Sosial şəbəkələrdə də aktivsiniz. Bir müddət öncə Xəqani Səfəroğlu metroda öpüşməklə bağlı status yazdı və bu, xeyli qınağa səbəb oldu. Bu hadisəyə sizin münasibətiniz necədir?
– Xəqani tarixlə bağlı çox gözəl yazılar paylaşırdı. Xəqanini itirmək əslində doğru deyil. İnanmıram ki, Xəqani “facebook”dan birdəfəlik getsin. Deyərdim ki, məlum statusuna qədər hər şey qaydasında gedirdi. İndi bilmirəm Xəqaniyə münasibətimi soruşursunuz, yoxsa ki, metroda öpüşməyə (gülür). Statusla bağlı hesab edirəm ki, bu səhv idi. Bəlkə də onun etdiyinə haqq qazandırmaq olardı, ancaq bunu vaqondan çıxarıb, ictimailəşdirmək doğru deyildi. Metrodakı öpüşə gəlincə isə düşünmürəm ki, orada iki gəncin öpüşməsi hər hansı bir intim münasibət öncəsi prosesdir. Nə üçünsə Xəqani və çoxları düşünürlər ki, iki adam öpüşürsə, bunun, davamı gələcək. İki insan bir-birini çox istədiyi üçün də öpə bilər və sən övladına da o cür yanaşa bilərsən. Birdən olur də adamda istək yaranır. O insanların da birdən-birə bu cür hissi yarana bilər. Savaşmaqdansa, öpüşmək yaxşıdır.
– Bu yaxınlarda deputat Araz Əlizadə də sosial şəbəkə istifadəçilərini “avara” adlandırmışdı. Siz də sosial şəbəkədən çox istifadə edirsiniz, deputat nəyi nəzərdə tuturdu, sizcə?
– Bir şey deyim ki, bu adamların dövrü xəstəlikləri var. Yaxşı ki, bu, 3-4 aydan bir tutur. Əslində bu məsələyə ciddi münasibət bildirmək doğru deyil. Çünki ciddi münasibəti, ciddi adamların ciddi sözünə bildirməlisən. “Facebook”da olmaq avaraçılıqdır”, deyən adamın sözü, elə həmin sosial şəbəkəyə görə tirajlandı. “Facebook” olmasaydı, açıqlamanı verdiyi müxbirdən başqa heç kim onun fikirlərini oxumayacaq və bu məsələ də gündəmə gəlməyəcəkdi. Həyatda kim varsa, sosial şəbəkədə də həmin adamlardır. “Facebook”, həyatın inikasıdır. İnsanın içərisində nə varsa, sosial şəbəkədə də həmin şey ortaya çıxır. Kimsə sosial şəbəkəyə görə qoşulub qaçıbsa, demək ki, o adamın içərisində belə bir xarakter var. Bir misal deyim ki, döyüşdə şəhid olmuş adamla, ayağını itirmiş adamın fərqi yalnız onlardan birinin həyatda olmasıdır. Əslində isə ayağını itirən də elə ölməyə hazır olub. Yəni bir şeyə hazırsansa, elə onu etmiş kimi varsan. Sən bir mənəviyyatın daşıyıcısısansa bunu etmək, artıq məlumun elanıdır.
– Naxçıvana tez-tez gedirsiniz. Bildirilir ki, Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri olduqdan sonra orada xeyli dəyişiklik baş verib. Doğrudurmu?
– Mən sizə gözümlə gördüyüm həqiqəti deyəcəm. Bu gün Naxçıvanın ən ucqar, 3-5 ailənin yaşadığı kəndinə təbii qaz, heç bir problemsiz şəkildə verilir. Bu gün əgər siz Bakının mərkəzində belə yaşayanların sosial şəbəkələrdə yazdığı “qazımız yoxdur” statusunu oxuyursunuzsa, başqa nə isə söyləməyə dəyməz. Tam arxayınlıqla deyirəm ki, Naxçıvanda nəinki bu il, çəkiləndən indiyə qədər hələ bir dəfə də qazın verilişi dayanmayıb. Ola bilər hansısa kənddə iş aparırlar, buna görə təbii qazın verilişində 2-3 saat fasilə ola bilər. Onu da öncədən hər kəs bilir. Naxçıvan çox gözəl və təmizdir. Oranın özünün yas adətləri var ki, ölüsü düşən adamın bir manat belə xərci çıxmır. Şəxsən mən özüm bununla qarşılaşmışam. Eyni zamanda camaatın özünün də qəbul etdiyi qayda-qanunlar var. Yasa gələn heç kimə ehsan verilmir. Uzaqdan gələn varsa, bu başqa… Orada hətta ehsan yemək söhbətinə də deyərdim ki, yaxşı baxılmır. Bütün bunların hamısı Vasif Talıbovun şəxsi iradəsi hesabına baş verib. Son zamanlar Naxçıvanda dəbdəbəli qəbirlərin üzərindəki əlavə tikililərin sökülməsi ilə bağlı mətbuatda xəbər getdi. Deyim ki, bu da Vasif Talıbovun iradəsi idi. Birinci elə o, öz yaxınlarının məzarları üzərindəki artıq tikililəri sökdürdü. Daha sonra isə bunu digər naxçıvanlılar da etdilər. Vasif Talıbov öz anasının yasından çıxıb, şəhidin yasına gedən adamdır. Bütün bunlar həqiqətdir.
– Son olaraq sizdən bir şeyi də soruşum. Əksəriyyət sizə “abi” deyə müraciət edir. Bunu gənclər desə, haradasa başa düşüləndir. Bəzən sizdən yaşlılar da bu cür müraciət edirlər. “Abi” məsələsinin kökü hansı hadisəyə bağlanır?
– (Gülür). Bu, bir qədər mənim öz müraciətimin özümə qayıtmasıdır. Türkiyədə bir qədər “vurub-yıxan” qızlara “abla” deyə müraciət edirlər. Mənim bu cür müraciətim, bəzi xanımlardan “abi” formasında geri döndü. Həqiqətən də doğru deyirsiniz ki, məndən yaşca böyük adamlar da bir də görürsən “abi” deyə müraciət edir. Bəlkə elə gördükləri üçün bu cür deyirlər. Bir qədər qəbul olunub deyəsən. (gülür). Yox, xoşuma gəlir bu müraciət. Mənə abi deyən adamlar var ki, onlardan bəzilərinin bir qədər neqativ günlərində yanlarında olmayanda, özümü pis hiss edirəm. Bəlkə də bu, həm də bir məsuliyyətdir.