PKK lideri Abdulla Öcalanın qardaşı Osman Öcalan ilginc anons verib. Terrorbaşının qardaşı bildirib ki, Avropa Türkiyədən – Osmanlıdan qisasını türk-kürd qarşıdurması yaratmaqla alacaq. Maraqlıdır deyilmi? Türkiyə sizə nə edib, niyə onun daşı belə ağırdır?
Əslinə qalsa, Öcalan hamının çoxdan bildiyi, Avropadakı məkrli antitürk çevrələrinin əsas kartını açıb. Xüsusən də son illər öz qoynunda PKK-çılara geniş sığınacaq verən, bu azmış kimi, qardaş ölkədən terrorçulara qarşı yumşaq davranmağı tələb edən, fəqət tələb-istəyi daşa dirənən dairələrin Türkiyədə qarışıqlıq yaratmaq planı tam məntiqlidir.
Diqqət edin: söhbət Ərdoğan iqtidarından deyil, məhz Türkiyədən qisas almaqdan gedir. İkinci önəmli məqam: belə çıxır ki, Avropa da Rusiya kimi köhnə imperiya siyasətinə – “Parçala, hökm sür” siyasətinə qayıdır. O zaman Krıma görə Moskvaya qarşı sanksiya tətbiq edən Brüsselin, Strasburqun siyasətinin Kremlin ənənəvi siyasətindən nə fərqi qaldı?
Hərçənd, fərq var, özü də Avropanın ziyanına: bu da odur ki, Brüsseldən və Parisdən fərqli olaraq, Moskvada PKK-nın leqal ofisləri hər halda yoxdur. Belədisə, o zaman demokratiya mantiyası geyib terrorçuların pişvazına çıxmağın, onlara öz ağuşunda yer verməyin, üstəlik, Türkiyədən onlara qarşı yumşaq davranmağı tələb eləməyin adı nədir və bunun insan haqlarına dəxli ola bilərmi?
Belə baxanda olduğu kimi görünən Rusiya Türkiyəyə münasibətdə daha səmimidir, nəinki PKK məsələsində göründüyü kimi olmayan Avropa. Amma bu cəhdlərin, yeni “xaç yürüşlərin” hamısı bihudədir. Tarixin 600 illik bir nəhəng imperiyasının varisi olan Türkiyəni belə cılız planlarla zəiflətmək, daxildən çökdürmək mümkün deyil. Haqsız və əsassız tələblərin ünvanı səhv salınıb yüz faiz.
Amma qisas cəhdləri var və olacaq – qardaş ölkə diqqətli olmalıdır. Çünki Avropa Türkiyə sarıdan çox yanıqlı görünür. Fəqət, yəqin Avropada bir şeyi də ciddiyə almırlar ki, Türkiyədəki kürd toplumunun, kürd xalqının özü heç PKK-ta rəğbət bəsləmir, vahid Türkiyə dövlətinin tərkibində yaşamağı üstünlük tutur, türkü özündən ayırmır.
Yəni sadə kürdlər PKK-ya və onun xaricdəki havadarlarına deyil, öz dövlətlərinə – Türkiyə dövlətinə inanırlar. 16 aprel referendumunda kürd bölgələrinin əsasən “evet” deməsi Türkiyə dövlətinə inamı bir daha ortaya qoydu. Bununla da Avropadakı anti-Türk çevrələrinə layiqli yerini göstərdi. Qısacası, Türkiyədə milli məsələ, milli konflikt yoxdur, heç vaxt olmayacaq – bunu arzu edənlərin də arzusu daim ürəklərində qalacaq…
*****
Əcəb işdir. Türkiyə öz milli və dövlət təhlükəsizliyi ilə əlləşirkən, o sırada PKK, İŞİD, miqrant problemləri ilə baş-başa ikən, Avropa ona “insan haqları”, “demokratiya nağılı” ilə əlavə başağrısı yaratmaq, daha dəqiqi, “ikinci cəbhə” açıb bu ölkənin qiymətli enerjisini lüzumsuz səmtə xərcləməsinə, bununla da Türkiyəni xarici təhdidlər önündə taqətsiz duruma düşməsinə çalışır.
Ancaq nədənsə ötən ay işğalçı Ermənistanda kobud saxtakarlıqlarla keçən parlament seçkiləri gözəlim Avropanın diqqətini çəkmədi. Eləcə də bir suveren dövlətin – Azərbaycanın ərazisinin 20%-nin 30 ildir digər “suveren” dövlət – Ermənistan tərəfindən işğal altda saxlanmasına da “Qoca qitə” on illərdir qibtəediləsi laqeydliklə baxır, ermənilərin Dağlıq Qarabağda, digər torpaqlarımızda etnik təmizləmə, soyqırım həyata keçirməsinə misilsiz dözüm göstərir.
Doğru, illər öncə AŞ PA Ermənistanı işğalçı kimi tanıyan qətnamə qəbul edib. Lakin bundan o yana keçməyib axı. Rusiya kimi (Krımın işğalına görə) Ermənistana da sanksiyalar tətbiq etməyib, onun səsvermə hüququnu əlindən almayıb. Amma indi Ermənistanı yox, Türkiyəni monitorinq altına almaq qərarı verir. Hansı haqla? Türkiyə haranı işğal edib, harda etnik təmizləmə apararaq bütöv bir toplumun təməl haqlarını tapdayıb ki, buna layiq bilinir?
Məsələ də ondadır ki, illərdir Azərbaycana qarşı müşahidə olunan “ikili standart” siyasəti indi bütün dolağı ilə qardaş məmləkətə qarşı işə salınıb. Ancaq bihudə məşğuliyyətdir və onun bədəli məhz Avropaya daha başa gələcək. Çünki Türkiyə “ikinci sort” dövlət deyil. Çünki… “Su səhəngu suda sınar”.