Moskvadakı Qarabağ danışıqlarından bir gün sonra erməni təbliğatının yaydığı dezo diqqətimi çəkdi. Düşmən ölkə mediası hay-küy qaldırdı ki, bəs, Azərbaycan ordusu Ermənistanın Tavuş vilayətindəki kəndlərini atəşə tutub. Əlbəttə, bu iftira xarakterli xəbər təkcə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın ağlının məhsulu deyildi, burada xüsusi məkr var, şübhəsiz.
Düşmənin “atəşə tutulduğu”nu dediyi Noyamberyan rayonunun Baqanis və Koti kəndləri tərəfdən illərdir ki, Azərbaycanın Qazax rayonunun yaşayış məntəqələri, həmçinin hərbi mövqelərimiz atəşə tutulur. Özü də düşmən əsgəri adətən, yaşayış məntəqələrinin arxasında gizlənir ki, özünü qoruya bilsin. Azərbaycan cavab atəşi açanda isə şivən qoparırlar. Necə ki, ötən ilin aprelində təxribat-diversiya hərəkətlərinin cavabını alandan sonra Talış kəndində hələ kim tərəfindən öldürüldüyü bilinməyən üç erməni sakinin fotolarını yayıb əks-təbliğata başladılar. Hətta həyasızcasına bu fakta görə Azərbaycana qarşı Avropa Məhkəməsində dava açdılar. Lakin bir qurum, bir səlahiyyət sahibi bu mənfurlara demir ki, sizin Azərbaycan torpağınızda nə ölümünüz var?
Erməni tərəfin budəfəki şivəni, Noyamberyan kəndlərinin guya “atəşə tutulması” iddiası isə sözsüz ki, Rusiyaya mesajdır. Bununla demək istəyirlər ki, Azərbaycan KTMT-nin üzvü olan Ermənistanın “ərazilərinə müdaxilə edir, ona təhlükə yaradır”. Kəsəsi, işğalçı Qarabağ cəbhəsində, Azərbaycan sərhədləri daxilində ordumuza müqavimət göstərə bilmədiyini anlayıb savaşı Ermənistan-Azərbaycan cəbhəsinə çəkmək istəyir. Ötən ilin dekabrında belə bir cəhd olmuşdu, o zaman əsgərimiz Çingiz Qurbanov – Azərbaycanın Milli Qəhrəmanı – düşmənə qəhrəmancasına müqavimət göstərib şəhid olmuşdu.
O zaman da Ermənistan rəhbərliyinin “qan-qan” dediyi vaxtlar idi, aprel döyüşlərində burnu ovulduğu üçün Rusiyadan “İsgəndər payı” almışdı, danışıqlardan imtina etmişdi, ona görə də gərginliyi dövlət sərhədlərinə keçirmək istəyirdi. Sonrakı aylarda, yanvar-fevralda bütün cəbhəboyu baş verənlər, qarşılıqlı itkilər də İrəvanın müharibə ritorikasına kökləndiyini, sülh danışıqlarında maraqlı olmadığını göstərdi. Bu dəfə də eyni taktika işə salınır.
Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov mayın 2-dən KTMT baş katibi vəzifəsini icra edəcək. Əsas məqsəd budur ki, Bordyujanın zamanında əldə edə bilmədiyi uğuru-Ermənistan-Azərbaycan savaşına KTMT-ni cəlb etmək planını bu dəfə reallaşdırsın.
Əslində Rusiya rəsmilərinin bir-birinin ardınca sərgilədiyi anti-Azərbaycan mövqeyi bizi narahat etməlidir, bəlkə elə Tavuş təxribatı rus planıdır. Rusiya Ermənistanı silahlandırır, işğalçı ölkə ilə birgə hərbi birləşmə yaradır, XİN rəhbəri Sergey Lavrov “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” deyir, onun mətbuat katibi Mariya Zaxarova Şuşada 3 ilə yaxındır girov saxlanılan Ruisya vətəndaşı (!) Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər soruşan azərbaycanlı jurnalisti təhqir edirsə, şimaldan hər cür təhlükə gözləniləndir.
Fakt budur ki, Azərbaycan ərazilərindəki erməni ordusu son günlər göz açmağa imkan tapmır, bir-birinin ardınca itki verir. Beynəlxalq qanunlar isə bunu Azərbaycanın daxili işi hesab etdiyi üçün Serj Sərkisyan çarəsiz durumdadır. Eyni zamanda nə qədər silah-sursat yardımı alsa da, Azərbaycan ordusunun qarşısında acizdir.
Budur, “Global Firepower” təşkilatının son hesabatına görə, Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 59-cu yerdədir. Qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb. 2016-cı ildə Azərbaycan 60-cı olmuşdu və 94-cü yerdə qərarlaşmış Ermənistanı 34 pillə qabaqlamışdı (Virtualaz.org). Bunun nəticəsini aprel müharibəsində hər kəs gördü.
Bu il isə ordumuz daha bir pillə irəliləyib, düşmən isə geri gedib – “İsgəndər M” hədiyyəsinə baxmayaraq. Sərkisyan da bu reallığı dərk edir. Azərbaycan ordusunun sonuncu 30 minlik hərbi təlimləri, həmçinin Azərbaycan-Türkiyə birgə təlimləri düşməni narahat etməyə bilməzdi. Odur ki, “ən uğurlu variant” savaşı dövlət sərhəddinə keçirməkdir onun nəzərincə…