Öncə bütün zəhmətkeşlərimizi 1 may Əmək Bayramı münasibətiylə qutlayaq. Hazırda işsizliklə mübarizə dövlət proqramı nəticəsində hamı işlə təmin olunubdur. Boğaza qədər işin içindəyik. Bəzi adamlar iki-üç yerdə işləyir. Təki vətən yaşasın. Axı bizim Qarabağ dərdimiz vardır.
Daha sonra türmə idarəsini təbrik edirəm, çünki onlar ingilis yazıçısı Corc Oruell-in “1984″ romanındakı bir hissəni son iki gündə rəsmən həyata keçirtdilər. Artıq bu qurumu Həqiqət Nazirliyi adlandırmaq olar. Siyasi dustaq Mehman Qələndərovun Kürdəxanı türməsində intihar elədiyi xəbəri yayılmışdı. Həmin türmə idarəsi bunu təkzi elədi, dedilər yalandır, dustaq sağ-salamatdır. Ancaq üstündən 1 gün keçdi, baş prokurorluq Qələndərovun öldüyünü təsdiqlədi. Bəs türmə idarəsi niyə o açıqlamanı vermişdi? Yazdım axı: əsəri oxumaq lazımdır. Orda bunun izahı verilib. Hər hansı tarixi faktı dolaşığa salmaq, izini itirmək üçün Həqiqət Nazirliyi onu bir neçə dəfə dəyişdirirdi. Nəticədə axırda heç nazirlik özü də bilmirdi həqiqət necədir. Gəl baş aç. Oruell orada ”tarixi saxtalaşdırmaq mümkün deyil”, “yazıya pozu yoxdur”, nə bilim, “əlyazmalar yanmır” tipli söhbətlərin kökündən baltanı vurmuşdur.
Bir duruma da hazır olmalıyıq ki, artıq yumşaq repressiyalar dövrü geridə qaldı. Avtoritar sistemlərin pullusu daha üzüyumşaq görünür. Pulla alınan adamlar, böyük maliyyə axınları ilə parçalanan cəmiyyət qruplarına indi sözün əsl mənasında paz, ling çalınır. Kasıbçılıq zorakılığı artırır. Tək cəmiyyət arasında yox, dövlətin də cəmiyyətə münasibətdə. Tarixən belə olubdur. Yadınıza salın: SSRİ-də Stalin dövrü kasıbçılıq idi, 700 min adamı 1 ildə güllələmişdilər. Sonra Brejnevin yumşaq repressiyası dövrü gəldi, çünki 70-ci illərdə dünya bazarında qiyməti qalxan neftin pulları sistemin yağlamağa, hansısa azadlıq istəyənlərin ağzını çörəklə yummağa müəyyən dərəcədə imkan verirdi. (“Çörək olarsa, mahnı da olar” – Brejnevin məşhur afyorizmi idi). Həmin dövrdə ölkədə heç babat dissident də qalmamışdı, olanlar çayxanada lətifə danışan aspirantlar idi, onları isə tutanda 1 il yarımlığa karyerdə daş yonmağa göndərirdilər, ta Sibirdə donub ölmək perspektivi gözləmirdi. Cəza müddəti bitəndən sonra isə dissident başının üstündən onu həbsə salan KGB generalının portretini fəxrlə asırdı. Maraqlı günlər idi…
Bizim müstəqil “70-ci illərimiz” də elə eynilə 10 ilə yaxın çəkdi, 2005-2015 arası bitdi getdi. İndi “yenidənqurma” və münaqişələr epoxasını yaşayırıq. Fövqəladə vəziyyətlər və Daxili Qoşunların, xüsusi təyinatlı polis dəstələrinin dövrünə keçid almışıq – manıslardan veriliş qayıran telekanalizasiya zəhmətkeşlərinin zəhləmgetmiş leksikonu ilə yazsam… Ancaq Mişa müəllimin həmin kasıb repressiyası necə nəticə verdi – bunu yəqin sistem rəhbərləri məndən yaxşı bilir. Bəlkə bu da əjdaha və qılınc haqda məşhur mifin həyatımıza növbəti proyeksiyasıdır: bunlar o qədər Qorbaçovu söydülər ki, axırda özləri də onun hakimiyyətinə bənzər bir zad qayırdılar.
Rusiyanın keçmiş baş nazirlərindən Çernomırdinin bir aforizmi yadıma düşdü: “Bizdə hansı partiya yaradırsan yarat, axırda Kommunist Partiyası alınır”. Eyni məkanın varisləri olduğumuzdan bizdə də keçərli söhbətdir. İki gün qabaq mənfur işğalın rəmzlərindən olan 28 aprel günü idi, bir daha hiss elədim ki, bu işğal, müstəmləkəçilik, kölə psixologiyası bizim canımıza əməllicə yeriyibdir.
Rus kino rejissoru Sergey Loznitsa-nın bir fikri var, deyir Rusiyada yollar həmişə dalana dirənir, hansısa kəndə gedirsən, görürsən daha burdan yol heç yana çıxmır. Qonşuluqdakı, gözlə görünən, hava məsafəsi 3-4 kilometr olan kəndə getmək üçün gərək rayon mərkəzinə qayıdıb 100 kilometrə yaxın məsafə ölçəsən.
Bizdə də eynilə bu dalan vəziyyətidir. Yolsuzluqda yaşayırıq. Sözgəlişi, 3-4 gün qabaq Sibiri meşə yanğınları bürümüşdü. Neçə kəndlər, evlər külə döndü. Orda hər yaz belə yanğınlar olur. Sən demə kəndlilər keçən ildən qalma quru otu yandırırlar, bundan da böyük yanğın törənir. Cinayətə görə saxlanan kəndlilərin bəziləri deyib ki, əgər külək qonşu kəndə tərəf əsəndə biz otu yandırmasaq sabah onlar külək bizə tərəf əsəndə yandıracaq. Kim qabağa düşdü məsələsidir.
Belə mənəvi deqradasiya yaşayan imperiyanın törəməsiyik. Ruslardan bizə qalan acı miras budur. Üstəlik, fikir versəniz bütün keçmiş sosialist düşərgəsinə də Rusiyanın münasibəti elə həmin Sibir mujiklərindən fərqlənmir. Hər yerdə “köhnə otu yandırıb” bir süni münaqişə ocağı düzəldiblər, xalqları bir-birinə qırdırırlar. Sonra isə guya yanğınsöndürən sifətinə peyda olurlar.