İlin əvvəlləriydi, bir axşam işdən sonra yaxın qohumgilə getmişdim, 5-10 dəqiqəlik bir söhbət vardı. Mən evə daxil olanda televiziyada “Zühal Toplalla izdivac” (ya da “Evlənəcəksən,gəl”) verilişi gedirdi və evdəki hər kəs – ailə başçısı da daxil, oturub bu verilişə baxırdı. Dedim, siz Allah, bu nədir baxırsınız. Dedilər, maraqlıdır, verilişə iki azərbaycanlı gənc qatılıb, birinin adı Nazdır, o birininki Alidir, bu gün nişanlanırlar.
Baxdım ki, oğlan sanki modeldir, podiumdan yenicə düşüb, qız da gözəldir,elə bir gözəllik müsabiqəsindən yarımçıq çıxıb. Verilşin daimi izləyiciləri dedilər ki, elədir, oğlan modeldir, ölkəmizdə məşhurdur, indi də Türkiyəni fəth edir və sırf ona görə, onunla ailə qurmaqdan ötrü Türkiyənin hər yanından, hətta xaricdən verilişə qatılanlar var.
Dedim, ay əzizlərim, bir azərbaycanlı oğlanla bir azərbaycanlı qız nişanlanırlarsa, ailə qururlarsa, bunu 2 min kilometr uzaqda niyə edirlər, öz ölkəmizdə VVAQ şöbəsi, şadlıq sarayı, telekanallar yoxdurmu? Gərək bunların izdivacını bütün türk dünyası (eləcə də İranın, Ərəbistanın yarısı) görsün?
Dedilər, verilişin formatı belədir. Yaxşı, dedim, bir halda ki, iki bakılı gedib İstanbulda tapışıblar, lap əla, çıxıb gəlsinlər ölkəmizə, ailələrini qursunlar, təzədən niyə qayıdıb iştirakçılar arasına girir, “talib”, qismət gözləyirlər.
Əlavə olaraq dedim ki, bunların hamısı quramadır, düzməcədir, əvvəlcədən razılaşdırılmış rollardır, xüsusi bir ssenariyə əsaslanır, heç bir gerçəklik yoxdur, əvəzində siz saatlarla ekran qarşısında oturursunuz, vaxtınız gedir, onlar isə reklamlardan milyonlar qazanırlar.
Aradan iki-üç ay keçdi, həmin evə eyni saatda bir də gedəsi oldum, yenə hamını eyni verilişə baxan yerdə, ekran qarşısında yaxaladım. İnanmazsınız, 3 ay qabaq nişanlanan Ali və Naz yenə nişanlanırdılar. Heç demə, onlar o vaxt evlənməyiblər, arada iki-üç dəfə mübahisə edib ayrılıb-barışıblar, indi yenə talelərini birləşdirirlər. Üç ay öncə danışdıqlarımı xatırlatdım, bu dəfə mənə haqq verdilər, dedilər, hə, vallah, bunlar da başımızı xarab ediblər, nə evlənən kimi evlənirlər, nə də ayrılan kimi ayrılırlar.
Onları çox da qınamıram. Çünki Türkiyədə və ölkəmizdə bənzər verilişlər hazırlayan telekanallara baxırlar, amma bu verilişlərin pərdəarxası məqamlarını yazan qəzetləri oxumurlar.
Oxusalar, bilərdilər ki, Türkiyənin beş məşhur jurnalistindən biri olan Emil Çölaşan hələ ötən ildən bu cür verilişlərə dair sırf həqiqəti əks etdirən məqalələr yazır və bu verilişlərin nə qədər saxta, qurama olduğunu, prodüsser və aparıcıların, eləcə də “evlənməyə gələn”,əslində isə qeyri-peşəkar aktyor olan bu insanların həmin düzməcə-qurama şoulara görə nə qədər pul-para qazandıqlarnı millətə çatdırır.
Əlbəttə, insanların istədikləri kimi əyləncəli şoualara baxmaq hüquqları var, amma bu məsələdə ortada yekə bir dələduzluq faktı olduğu da gerçkdir. Milyonlarla insanı ekran qarşısında oturdub aldadır, həyəcanlandırır, həvəsləndirir, kədərləndirib, sevindirirlər və bütün bunların hamısı böyük bir yalandır. Realiti-yalan.
Bu cür verilişlərin gənc nəslin təlim-tərbiyəsinə nə qədər mənfi təsir göstərdiyini isə heç bir taksometr ölçə bilməz. Dünənə qədər bu ölkədə yüzlərlə, bəlkə də minlərlə gənc xanım vardı ki, əsas arzuları bir yolla Türkiyəyə getmək, orda o cür verilişlərə qatılmaq və özlərinə “qismət bulmaq” idi. Bəs necə, görmürlərmi Ali və Naz bütün Türkyəni necə valeh edib.
Bu binəvaların ağlına da gəlmirdi ki, Ali və Nazı o verilişlərə əsasən üstün fiziki göstəricilərinə, xarici görünüşlərinə və rol oynamaq qabiliyyətlərinə görə götürüblər.
Bənzər verilişlərdə aylarla çəkilən xanım iştirakçılardan birinin bahalı apartmanda yaşadığı, telekanalın studiyasına sürücü və mühafizəçilərlə gəlib-getdiyi məlum olmuşdu. Bizim millət də ekran qarşısında oturub həyəcanlanırdı ki, görəsən, bu həyalı, ismətli xanım özünə “hayırlı kısmet” tapacaqmı? Nə qismət, a kişi, xanm artıq Yeşilçam aktrisaları qədər para qazanır, “əlini sallasa əllisi” moduna girib və bu günə bu gün heç Bred Pitti də bəyənməyəcək durumdadır.
Nə yaxşı ki, srağagün o cür verilişləri bağladılar. İndi qohum-əqrəbaya qonaq getmək olar. Ali və Naz ekranda görünmədiklərinə görə artıq qonağa bir stəkan çay təklif edən olacaq, hər halda.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.