“Sərhədsiz Reportyorlar” beynəlxalq qurumu dünyada söz azadlığı reytinqini açıqlayıb, Azərbaycan yenə xəritədə qara rənglə göstərilib. Bilənlər bilir, bu, təxminən bizim Dədə Qorqud dastanındakı məşhur çadıra yerləşdirmə səhnəsi fason bir prosedurdur. Tam söz azadlığı olan dövlətlər bu xəritədə ağ rəngdə, bir az pozulanlar sarı, ondan da pis olanlar qırmızı, lap pislər qara rəngdə boyanır. Necə deyərlər, günümüz qaradır.
Ancaq dahi şair Nekrasovun diliylə desək, “kimin günü xoş keçir” ki? Baxırsan dünyada hərənin bir dərdi vardır.
Örnək üçün, ispaniyalı deputat Pedro Aqramunt adlı ağsaqqal var, bunu kimsə Avropa Şurası Parlament Assambleyası (AŞPA) adından siyasi dustaqlar üzrə məruzəçi sifətində Azərbaycana soxuşdurmuşdu. Nəticədə Pedro vedrə ilə kürü daşıdı, 5 il regionda süləndi, bir yazıq məhbusun barmağına “çiş” eləmədi. Aqramunt arqument-zad da göstərmirdi, eləcə gəlirdi seçkidə-filanda pulunu alıb gedirdi. Bəs buna görə ona Avropada pis baxdılarmı? Əksinə, aparıb AŞPA prezidenti qoymuşdular. Bəs necə, ağlınız bizə getməsin, bizim pulu xaricdə hansı yetimə qoysan, bərəkətli olur. Təkcə bizə düşmür – kim yesə, qusur. Elə dünən məşhur qusanlardan birinə – Əli İnsanov müəllimə dəxi 7 il 5 gün həbs verdilər. O 5 gün məhz işarə idi ki, dünya beş gündür, beşi də qara. Əsas odur Əli müəllim həyatda heç nəyin peşmançılığını çəkməsin.
Nağıl dili yüyrək olar, Pedro müəllim 2016-cı ildə AŞPA prezidenti oldu, 2017-ci ilin yanvarında təzəcə yenidən təsdiq olunmuşdu ki, ortaya qalmaqal çıxdı. Sən demə, bu tip heç kimə xəbər vermədən Suriyaya yollanıbdır. Şeytan bilir, Bəşər Əsəddən nə qədər alıbdır. Bir növ yas mollası kimi adamdır, dünyada harda ölü düşsə, qara gün olsa özünü ora təpir, aşdan basır. Pedro Arqamunt kimiləri üçün dünyada nə qədər problem olsa yaxşıdır, bulanıq suda balıq tutmaq asanlaşır.
Ancaq iki gün qabaq bunun özünü qovdular. Su çanağı suda sındı. Avropalılar nəhayət bezdilər, dedilər, a kişi, bir azca da Avropa dəyərlərinə layiq olardın da!
Məncə fürsət ikən biz AŞPA prezidentliyinə elə Səməd Seyidovun namizədliyini verək, pulumuz da bir növ cibimizdə qalsın, xaricə axmasın. İmkan da var. Uzağı nəsə təzə qanun yazıb Səməd müəllimi AŞPA prezidenti elan etmək olar. Mürəkkəb işlətmişkən Səyavuş müəllimi NATO komandanı da qoymalıyıq.
Bu ideya ağlıma dünən gəldi. Bilirsiniz, təzə sərəncam çıxmışdı, jurnalistlər isə bunu yanlış anlayıb “Prezident administrasiyası ləğv olundu” başlığı atmışdılar. Aparatın yuristi (guya hüquqşünas bizim dildədir ki?) Şahin müəllim Əliyevi hirsləndiriblər. Sitat: “Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub”. Sitatın sonu.
Müdrik əhvalatdır. Doğrudan da bizim jurnalistlər konstitusiyanı oxumurlar. Oxusalar, görərlər orda başqa maraqlı məzmunda maddələr də vardır. Misal üçün, mənim yadımda qalanı, bir yerdə yazmışdılar: “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. Təsəvvür edin. Elə bil müxalifət qəzeti oxuyursan. Çoxdandır konstitusiyanı təkrar oxumuram, ümid edirəm indiyə qədər o təxribatçı maddə ləğv edilər.
Sonda Azərbaycan Aşıqlar Birliyinin bəyanatından bir parçanı oxuyaq, “Sərhədsiz Reportyorlar”ın gözü çıxsın. Harda belə demokratiya var? Buyurun: “Goranboyda itin toyunda saz çalan aşığın AAB üzvü olmadığı tərəfimizdən aşkarlandı. Ancaq təəssüf ki, balabançı bizim üzvümüz imiş. İtin toyunda balaban çaldığı üçün onu üzvlükdən qovduq”.
Məndə informasiya var ki, o toyda saz çalıb söz deyən aşıq Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Min təəssüf, təşkilat hələ münasibət bildirməyibdir.