İlk efirimdə bir tərəfdən xəbəri təqdim edirəm, eyni anda da özümlə danışıram ki, Əsmər sakit ol, yaxşı olacaq hər şey
-Azərbaycan efirində ən gənc aparıcılardan birisiniz. Bu uğura çatmaq üçün hansı çətinliklərdən keçməli olmusunuz?
-ATV mənim ilk iş yerimdir. Atv-ə gələndə 19 yaşım var idi. 1 həftə sonra 20 yaşımı Atv-də qeyd elədim. Aprelin 23-ü Atv-yə gəlməyimin 5 ili tamam olacaq. 1 həftəlik təcrübə üçün, televiziya məkanını öyrənmək üçün gəlmişdim. Əsasda xəbərləri, çünki müəllimlərim həmişə məni xəbərlərdə görürdülər. Həm səs tonuma görə, həm də deyirdilər ki, ümumiyyətlə sən daha çox xəbərlərə yaraşırsan. 1 həftə təcrübə müddətində içimdəki istəyi gördülər və dedilər ki, sən stajor olaraq qal, biraz daha öyrən. 2 ay stajor oldum. Sonra gənc müxbir, daha sonra müxbir oldum. 4 il tamam olduqdan sonra isə efirə çıxdım.
-Xəbər hər zaman hərəkət, həyəcan dolu bir həyat deməkdir. Müxtəlif peşələr varkən necə oldu bu sahəni seçdiniz?
-Uşaq vaxtı da çox aktiv olmuşam. Baxçada, məktəbdə çox tədbirlərə gedirdim. Hətta səsim olmasa belə mahnı oxumağa da getmişəm.(gülür) Həmişə bir tədbir olanda mən aparıcılıq edirdim. Həmişə deyirdim ki, mən televiziyada işləyəcəm, aparıcı olacam. Amma bütün gün oturub televizora baxmırdım. 8-9 cu siniflərdə mən Coğrafiyaya meyilli oldum, dedim ki, mən coğrafiya müəllimi olacam. Bir müddət keçəndən sonra dedim ki, Əsmər nə danışırsan, sən uşaqlıqdan aparıcı olacam deyirdin. Və düşündüm ki, arzumun arxasınca gedəcəm. Belə də oldu. Bu sahəni seçdim. Yaxşı ki, seçmişəm.
-Aparıcı olmaq arzusu necə yaranıb? Hər hansı aparıcıya baxıb həvəslənmisiniz, yoxsa ailədə, ətrafınızdakı kimlərinsə təsiri olub?
-Uşaq vaxtı mənə ən çox dəstək olan nənəm idi. O, da çox istəyirdi məni aparıcı olaraq görmək. Televiziya məkanında bəyəndiyim aparıcılar olub, indi də var. Elə Atv xəbərdə də var. Uşaq vaxtı yox, ondan sonrakı dövrlərdə məni aparıcılığa həvəsləndirən elə aparıcılar olub.
-Jurnalistlərin peşəsi elədir ki, maraqlı hadisələrlə çox qarşılaşırlar. Sizin üçün indiyədək ən maraqlı,yadda qalan belə bir hadisə nə olub?
-Gün ərzində o qədər hadisələrlə rastlaşırıq ki, danış-danış bitməz. Çox yadımda qalan TRT-də təcrübə keçməyim olub. Belə bir proqram var idi. Hər il bir aparıcı və operatoru aparırdılar təcrübəyə. 3 il əvvəl mən getmişdim. Bu vaxt ərzində həm iş, həm də oranın kollektivi ilə çox maraqlı vaxt keçirtmişdik orada. Digər maraqlı hadisə də Türkiyəylə bağlıdır. 2 il əvvəl məni Türkiyəyə çəkilişə göndərmişdilər. Çanaqqala savaşının 100 illiyi ilə bağlı böyük bir tədbir idi. Müəyyən problemlər oldu, biz tədbirə daxil ola bilmədik. Əvvəldən qeydiyyatdan keçmək lazım idi, bizi aparan şirkət də buna fikir verməyib. Əsas rəsmi hissə bitmişdi və biz məyus halda İstanbula qayıdırdıq.Yolda dedilər ki, Rəcəb Təyyub Ərdoğan gəlir, ona görə yollar bağlıdır. Biz də gözlədik onların keçməyinə baxırdıq. Təxminən 10 nəfər jurnalist olardıq. Əlimizdə Azərbaycan və Türkiyə bayraqları ilə dayanmışdıq. Bir də gördük avtobus dayandı, Rəcəb Təyyub Ərdoğan avtobusdan düşdü, yanımıza gəldi və bizlə görüşdü. O çox yadda qalan olmuşdu mənim üçün.
-İlk efir həyəcanınızdan danışaq. Həmin efiri necə xatırlayırsınız və həyəcanınızı necə nəzarətdə saxlaya bildiniz?
-İlk efir həyəcanım yadımdadır. Atv Xəbər yeni mövsümə başlayırdı. Mən 12:00 buraxılışında idim. Və yeni mövsümün ilk buraxılışı da 12-də idi. Çox həyəcanlı idim. Efirdən əvvəl bizdə şapka gedir. O səsi eşidənə qədər rahat idim. Ondan sonra daha da həyəcan gəldi. Salamlaşdım. Bir-iki xəbər oxudum. Bir tərəfdən xəbəri təqdim edirəm, digər tərəfdən özümlə danışıram ki, Əsmər sakit ol, yaxşı olacaq hər şey. Çünki ondan əvvəl 3 həftə hazırlaşmışdıq. Sonra sakitləşdim. Yaxşı keçmişdi ilk efir günüm. Bir neçə ay sonra bir efir günündə kefim yox idi, özümü yaxşı hiss eləmirdim. Axşam efirində idim. Hazırlaşdım. Bloku götürdüm, xəbərlərlə tanış oldum. Studiyada əyləşmişdim, rejissor qulağıma dedi ki Əsmər, ikinci kameraya bax. İkinci kameraya baxdım heçnə görmədim. Eynəksiz gəlmişəmmiş studiyaya. Sonra eynəyimi gətirib verdilər mənə.
-Bəzən faciəvi hadisələrlə bağlı xəbərləri də oxumalı olursunuz. Bu an hansı hissləri keçirirsiniz?
-Təki heç vaxt faciəli xəbərlər oxumayım. Amma bu qaçılmazdır. Və biz bu xəbərləri də tamaşaçılara təqdim etməliyik. İstər-istəməz xəbəri oxuyanda gözümdə canlanır, çünki özüm müxbir olaraq görmüşəm bunları. Xüsusilə də azyaşlılarla bağlı xəbər olanda, daha çox təsir edir. Amma təsir etsə də, necə xəbər olur olsun oxuyursan. Çünki, bu bizim işimizdir.
-Bir çoxlarına görə qibtə olunacaq mövqedəsiniz. Bəs siz Əsmər Nəcməddin qızından razısınızmı, yoxsa daha nələrisə etmək üçün başqa hədəfləriniz var?
-Yox, Əsmər Nəcməddinqızından hələ razı deyiləm. Təbii ki, çox istəklərim, arzularım, planlarım var. Öz –özümə deyirəm ki, bəlkə çox şey istəyirəm. Hələ etmək istədiyim çox şey var. Çalışıram. Əsmər Nəcməddinqızının daha uğurlu biri olması üçün çalışıram.
-Dostlarınızı necə seçirsiniz? Sizə dost olacaq insan mütləq hansı keyfiyyətlərə sahib olmalıdır?
-Həm işlə bağlı, həm də digər sahələrdə ətrafımızda çox insanlar olur. Mən insanları tez yaxınıma buraxmıram. Hətta bizə işə yeni biri gələndə də belə olur. Görürəm ki, digərləri ilə söhbət edirlər, amma mən hələ ki, kənardan qulaq asıram. Özümçün analiz edirəm, görüm kimdir gələn. Hətta sonradan həmin insanlarla aramızda səmimi münasibət yarananda deyirlər mənə, sən o vaxt belə idin. Hamı danışırdı, gülürdü, sən kənarda dayanırdın. Ümumiyyətlə hisslərimi biruzə verə bilən biri deyiləm. Dostlarımla da münasibətlərim zamanla yaranıb. Dost səmimi olmalıdır. Mən əmin olmalıyam ki, onunla nəyisə paylaşa bilərəm, vaxt keçirə bilərəm. Çünki dostluq çox dəyərli münasibətdir, hisslərdir. Ona görə də onları hədər etmək olmaz. Diqqətlə seçmək lazımdır. Amma təbii ki, seçdiyin adamı da dəqiq bilmək olmur. Bunlar zamanla yerinə düşür. Tanıyırsan, görürsən. Hələ ki, rəfiqələrimi düz seçmişəm.
-Hansı insanlarla münasibətiniz alınmır? Yəni istəmirsiz ki, belə adamlarla münasibət qurasınız?
-Səmimiyyətinə inanmadığım insanlarla. Onları heç yaxın buraxa bilmirəm. Onlarla ünsiyyət qurmuram. Məcburiyyət çərçivəsində olur. Elə insanlar var, baxırsan ki, özünü çox səmimi göstərir. Ancaq, ilk baxışdan görürsən ki, bu hərəkəti saxtadır.
-Əsmər xanım, jurnalist olaraq işiniz göz qabağındadır. Bəs mətbəxdə nələr bacarırsınız?
-Yemək yeməyi də, bişirməyi də çox sevirəm. Hiss olunmasa da. Yemək, şirniyyat da bişirə bilirəm. İnternetdə baxıb tapıram, xoşuma gələni bişirirəm. Hər gün vaxtım olmur. Ancaq bazar günləri bunu edə bilirəm.
-Jurnalistlər üçün boş vaxt az olur. Ümumiyyətlə desək boş vaxtınızı necə və harada keçirməyi xoşlayırsınız?
-Gəzməyi çox xoşlayıram. Bir bacım, bir qardaşım var. Bacım tələbədir, qardaşım işləyir. Onlarla danışıram, vaxtlarımız uyğun gəlirsə görüşürük, nələrsə edirik. Onlarla olmayanda rəfiqələrimlə görüşürəm. Ailəmlə vaxt keçirirəm. Gəzməyi sevdiyimçün boş vaxtımı dəyərləndirirəm.
-Ən çox səyahət etmək istədiyiniz ölkə hansıdır və niyə məhz həmin ölkə sizə daha cəlbedici gəlir?
-Səyahət etmək istədiyim o qədər ölkə var ki, saymaqla bitməz. Maldiv adalarına getməyi çox istəyərdim. Günəşi, qumu, dənizi çox sevirəm. Bu üç ünsür harada varsa, ora getmək istəyərəm. Bir də Afrikaya səyahət etmək istəyərəm. Çünki oradakı tayfaların yaşayışı mənə çox maraqlıdır. Düzdür heyvanlardan qorxanam. Yenə də gedib oraları görməyi çox istəyərdim.
-Ən çox sevdiyiniz kitab və film hansıdır və niyə diqqətinizi çəkiblər?
-Əslində çoxdur. Son oxuduğum kitablardan mənə çox təsir edən Robin Şarmanın “Ferrarisini satmış rahib” əsəridir. Düşünürəm ki, bir müddət sonra yenə oxuyacam o kitabı, hər bir şey yadımda qalsın deyə. Filmlərdən “Everest” i bəyənirəm. Mən psixoloji mövzularda olan kitabları oxumağı çox sevirəm. O kitabda da baş qəhrəmanın özünü tapmaq üçün etdikləri, keçdikləri mənə çox təsir elədi. Və o kitab əslində bir çox mesajlar verir insanlara. Film xoşbəxt sonluqla bitmədi, amma əsas odur ki, onlar istəklərinə nail oldular. Çox çətinliklərlə rastlaşırlar, bəziləri şaxtaya davam gətirə bilməyib ölürlər. Neçə dəfələrlə gəlib Everestə qalxa bilməyib geri qayıdanlar olub. Amma öləcəklərini bilsələr də yenidən gəlirlər. Onların bu əzmi insanı heyrətləndirir.
-Sizcə bir qadın olaraq işiniz,yoxsa ailəniz daha dəyərlidir, yəni ailəniz tələb etsə işinizdən ayrılmağı düşünərsinizmi?
-Təbii ki, ailə hər şeydən önəmlidir. Ailəmi heç nəyə dəyişə bilmərəm. İşimi nə qədər çox sevsəm də, uşaqlıq arzum müəyyən çətinliklərdən sonra reallığa çevrilsə də ailə önəmlidir. Ailəmi işimlə müqayisə belə edə bilmərəm.
-Hər kəsin həyatını dəyişən insanlar olur. Sizin üçün belə biri varmı və nələri dəyişib həyatınızda?
-Ümumiyyətlə həyatımızda olan insanlar hər biri bir rola malikdir. Həyatımda xüsusi nələrisə dəyişdirəcək biri olmayıb. Dəstək olan insanlar çox olub. İndi də dəstək olurlar. Amma düşündüyüm odur ki, həyatımızda olan hər bir insan, biz düşünsək belə ki, heç bir funksiyanı yerinə yetirmir həyatımızda, amma belə deyil. Hər kəsin bizə öyrətdiyi bir şeylər var.