İran parlamentində bir deputat var, adı Kazım Delxoşdur, bir az, necə deyim ki, təhqiramiz çıxmasın, gicbəsər adamdır.
Çox güman ki, adamın soyadı bizdəki “dilxoş” sözündəndir. İranlıların “İ” yerinə “E” işlətdikləri çox olur. Məsələn, bir də görürsən, “Nicat” adlı adama “Nejad” deyirlər. Dilləri o cür dönür. Ona qalsa, özbəklər “Azad”a “Ozod” deyir, taciklər də “Rəhman”ı “Rahmon” çağırırlar.
Bunlar heç. Əsas söhbət odur ki, ağayi Delxoş camaatın içində telefonla danışarkən farsca xəttin o başındakı adama “bunlar türkdür, heç nə anlamazlar” deyib, amma bizimkilər türk olduqları üçün deputatın nə tort yediyini dərhal anlayıblar.
O da ona görə ki, bu regionun türkləri dövri-qədimdən başqa xalqların dilini yaxşı öyrənə bilirlər. Məsələn, Bakıda yaşayan minlərlə adam sovet dövründə rus dilində ruslardan gözəl danışırdı, indi də elədir. Çində uyğurlar dövlət dilində elə danışırlar, sanasan, yerli xan sülaləsindəndirlər. Gedib İngiltərədə ingilislərə ingilis dərsi keçən həmvətənlərimiz var. Elə İranın özündə də fars dilini gözəl bilən azərbaycanlılar az deyil.
İndi belə bir qənaət var ki, cənab Delxoş telefona dilxoşluq edərkən güneyli Azərbaycan türklərinin dil bilmək məsələsini nəzərdə tutmayıb, qanıb-qandırmaq, anlayıb-anlamamaq məsələsini qəsd edib, başqa sözlə, yaxınlığında olanları “qanmaz” adlandırıb.
Bu da o üzdəndir ki, Delxoş bundan əvvəl də İran azərbaycanlılarını təhqir edibmiş. Demək ki, adamın canında bir faşistlik var.
Hazırda ağızdan avara bir adama görə İran kimi həssas ölkədə millətlərarası münasibət gərginləşməkdədir, orda-burda alt-üst danışanlar, yazanlar, söyüb-söylənənlər var. Çünki belə təhqirlər heç zaman cavabsız qalmır.
Başqaları da çıxıb o boyda parlamentin üzvünü “eşşək” adlandırır. Razılaşaq ki, parlament üzvünün “eşşək” adlandırılması sıradan bir məsələ deyil, yekə təhqirdir.
Amma gərək biz bunu çox da ürəyimizə salmayaq. Ola bilər ki, deputat Delxoşun zarafatlaşma qabiliyyəti bundan ibarətdir və o, həmin kəlməni dilinə gətirərkən zarafat edirmiş.
Belə adamlar da olur. Məsələn, öz ölkəmizdə də, bir də görürsən ki, kimsə etnik azlıqlarla bağlı bir yersiz zarafat elədi, ortalıq qarışdı. Araşdıranda məlum olur ki, adamın dostlarının çoxu məhz o etnik qrupdandır, amma bunu ictimaiyyətə bəlli edənə qədər adamın söyülməyən yeri qalmır. Hətta onu məsələni ayırdetməyə çağıranlar da tapılır.
Bu günlərdə elə bir söhbət olmuşdu, ta axırı necə oldu, bilmədim. Hər halda, mediada “Tanınmış jurnalist naməlum adamlar tərəfindən vəhşicəsinə döyüldü” başlıqlı xəbər çıxmadısa, demək, hələlik nisbi sakitlikdir. Ya da adamı hərləyirlər, mətbuat üçün xəbər yetişir.
Dediyim odur ki, hansısa şovinist deputat ağzını Allah yoluna qoyub etnik kimlik etibarilə bizimlə eyni qrupdan olan şəxsləri ümumi şəkildə təhqir edəndə xoşumuza gəlmədiyi kimi, biz də hansısa etnik qrupla bağlı lətifə danışanda onların xoşuna gəlmir.
Bəs nə etmək lazımdır? Heş nə. İnsanları incidəcək, milli heysiyyata toxunacaq ifadələri, lətifələri leksikondan çıxarmaq lazımdır. Onda dava düşməyəcək. Necə deyərlər, söymə çilingər atamı, söyməyim oliqarx atanı…
Son vaxtlar hətta rayonlarımızdan biri haqqında da silsilə lətifələr qoşulur və sosial şəbəkədə paylaşılır. Bu lətifələrə görə o rayondan olan adamların bəzilər cırnayır, kəskin cavab verirlər, güman ki, lətifə qoşan adam onların əlinə düşsə onu tərəkəmə kilimi kimi paya ilə çırparlar. Amma bu zarafatları anlayışla qarşılayanlar, hətta o lətifələri özləri yayıb tirajlayanlar var.
Hiss olunur ki, münaqişədən qaçmağın ən optimal yolu budur: cırnamırsan, zarafata zarafatla cavab verirsən, söhbət bitir. Bizim camaatda bir xasiyyət var, görəndə ki, sataşdığı adam cırnayır, daha da şitənir, əl çəkmir, yox, adamın cırnamadığını görürsə, özü pərt olur.
Onsuz da hamı bilir ki, həmin rayondan çıxan adamların heç yüzdə biri də maşın alverçisi, yaxud ticarətçi deyillər və hamısı o işlə məşğul olmur. Sadəcə, hamısı bu işin biləndarıdır (zarafat edirəm).