Bilirəm, bu söhbət əvvəl-axır fırlanıb “hər uğur qazanmış kişinin arxasında bir fədakar qadın dayanır” kəlamına gələcək. Allahdan bu hikmətli kəlamı artıq dünyada bilməyən yoxdur. Ancaq bu mətləbə sonra gələrik.
İndilikdə onu deyək ki, Fransanın gələcək prezidenti Emmanuel Makronun ömür-gün yoldaşı, yəni Fransanın gələcək birinci xanımı Bricit Troqne ərindən düz 24 yaş böyükmüş və bu, Avropada olmasa da, dünyanın çox yerində, o cümlədən bizdə bir qədər təəccüb doğurub.
Hələ onu da deyək ki, seçki ikinci olan Makronun prezident seçkisinin mayın 7-də keçiriləcək ikinci turunda qalib gələcəyinin belə asanlıqla proqnozlaşdırılmasının özü də təəccüblüdür. Hərçənd bu işin içində olanların analizinə şəkk gətirmək olmaz. Bir bildikləri var. Hamı əmindir ki, Fransa xalqı Emmanuel kimi cayılı qoyub faşist qızı faşisti prezident seçməz. (“Faşist qızı faşist” ifadəsi orada söyüş-təhqir deyil, doğrudan da Marin Le Penin atası da məşhur faşist idi, özü də faşistdir və heç biri bunu gizlətmir).
Makronun ailə həyatı hazırda məhz yoldaşı ilə arasında olan yaş fərqinə görə gündəmə gəlib. Bizim camaat hər nə qədər “Yaşın nə fərqi var ki” mahnısına qulaq asa-asa gerçəkdən də sevgidə yaşın elə bir fərqinin olmadığına inansa da, bu intervalda 10 (istisna hallarda 15) yaşı qəbul edir – o da hələ sevən kişinin sevilən qadından böyük olması halında. Ancaq qadının kişidən 24 yaş böyük olması 39-42-ci paralellərdə hələm-hələm rast olunan fakt deyil.
Söhbət, əlbəttə, xalq arasında geniş yayılmş “fiktivni nikah” məsələsindən getmir. Bidiyiniz kimi, ev alqı-satqısında, miras-vərəsə məsələsində, vətəndaşlıq almaq maxinasiyarında “fiktivni nikah” amilindən gen-bol istifadə olunur və bu, “halal fırıldaq” sayılır. Bu, heç. Makronunku saxta nikaha oxşamır. Adam sözün birbaşa mənasında madam Biriciti sevib, evlənib, özü də ərindən boşatdırıb alıb. Düzdür, yanaşı duranda ana-balaya (minimum xala-balaya) oxşayırlar, yaşın fərqi dərhal gözə çarpır, amma əsas məsələ sevgidir.
Bu xüsusda o, yenə biz azərbaycanlılardan fərqlənir. Bizdə də orta məktəbdə oxuyanda gənc müəlliməsinə vurulan yeniyetmələr çox olur, amma heç biri almır. Heç bizim müəllimələr də özlərini endirib şagirdlərinə ərə getmirlər. Mentalitet yol vermir. Amma iş ondadır ki, fransız mentaliteti buna yol verir və ona görə də Biricit özündən 24 yaşlı şagirdinə ərə getməyə razılıq verib, o da kişi oğlu kimi sözünün üstündə durub (Emmanuel 11-də oxuyanda Bricitə deyibmiş ki, “onsuz da səni özüm alacam”).
Hiss olunur ki, müsyö Makronun 35 yaşında nazir, 38 yaşında prezidentliyə şanslı namizəd olmasında madam Troqnenin böyük rolu, xidməti var.
Dolanıb birinci abzasda dediyimiz kəlamın üstünə gəldikmi? Gəldik. Çünki əsas məsələ budur. Emmini Makron edən bu qadındır – Bricit Troqne.
Təsəvvür edin ki, bu xanım ali məktəbi bitirib gənc məzun kimi işə başlayanda Makronun atası ilə anası hələ təzə-təzə bir-birilə “amur-mamır” söhbəti edirdilər. Deməli, Bricit öz əngin, zəngin həyat təcrübəsi ilə Emmanuel Makronu yetişdirib karyera sahibi edib, onun arxasında durub, dəstəkləyib və sair və ilaxır.
Bizdə olsa, heç vaxt Emmanuelin valideynləri, qohumları, nəsil-nəcabəti onu qoymazdılar ki, gedib Biriciti alsın, deyəcəkdilər, nənən yaşındadır, səndən qabaq ərdə də olub, gəl gedək sənə sütül xalan qızını alaq, 9-dan qayıdıb, ev qızıdır. Azərbaycanlı Emmanuel də bir az müqavimətdən sonra xalası qızını (ya da əmisi qızını – bu, baxır ata və ya ana tərəfinin hansının güclü çıxmasına) alacaqdı.
İlk açıqlamalarından görünür, xanım Troqne ağıllı və müdrik qadındır, ölkəsinin birinci madamı olmağa layiqdir. Təki elə olsun və madam Yelisey sarayına gedib-gələndən, böyük adamlarla oturub-durandan sonra cızığından çıxıb, gənc prezident ərinə deməsin: “10 il qabaq kim idin ki? Mənim hesabıma kişi oldun”.
Bax, bu yaman dərd olar…