Təzə bir elmi araşdırma çıxıb, sən demə, ulu babalarımızdan neandertallar hannibalizmlə məşğul olubdur. El dilində yazsaq, bir-birini basıb yeyirmişlər. Hətta neandertalların mətbuatı vaxtaşırı olaraq adam ətindən kolbasa hazırlanması haqda xəbərlər yayırmış. Kromanyonlar isə deyirmişlər ki, bəsdirin bir-birinizi yediniz, yoxsa sizi Avropa Şurasından çıxardarıq. Necə ki, elə axırda çıxardıblar – kromanyonlar neandertalların nəslini kəsiblər. Bir versiya da var: neandertalların evini elə hannibalizmdən yaranan xəstəliklər yıxıb.
Zarafat bir yana, məni neandertalların bir-birini yeməsini öyrənməyim təəccübləndirmədi. Bu, adi bəşər tarixidir. İnsanın insanı öldürməsində təəccüblü heç nə yoxdur. Ümumiyyətlə, insan tək canlıdır ki, öz həmcinsini, o cümlədən başqa canlıları kef üçün öldürə bilir. Yəni, başqa heyvanlar ova ehtiyac üçün çıxırlar, normaları qədər əti əldə edib çəkilirlər. İnsan isə öldürmək xatirinə öldürür.
Elə neandertallar haqda bu təzə araşdırma da həmin “məntiqi” ortaya çıxarıbdır. Alimlər hesablayıb ki, bir orta yaşlı insanın sümük, dəri və ətində – hamısında bir yerdə 144 min kalori var. 25 nəfərlik neandertal ailəsi həmin 1 nəfəri yeməklə yalnız yarım günlük ehtiyacını qarşılaya bilərmiş. Bir mamontda isə 3 milyon yarım kalori olurmuş, bununla qəbilə 1 ay kef içində yaşayarmış.
Deməli, neandertalların öz qardaşlarını yeməsinin səbəbi aclığa bağlı deyil. Burda nəsə ritual, dini səbəb olması ehtimal edilir. Sözgəlişi, hazırda Yeni Qvineya adasında yaşayan və adam yeyən qəbilələr də bunu aclıq yox, ritual üçün edirlər.
Oxucular fikirləşə bilər ki, bu temanın bizə nə dəxli var, hazırda dərd-sərimiz ayrıdır. Millətin çoxu sosial yardım və pensiyalarını almaq uğrunda çarpışır, bir hissəsi guya Türkiyədəki referendumla maraqlanır, yerdə qalanları da əmisinə qoşulub qaçan qızın əhvalatını izləməkdədir. Bu dövriyyənin arasında isə xırda-para fərqli əhvalatlar da sayrışır. Misal üçün, kimsə it balasının vurub gözünü çıxardır. (Bu zaman it balası kimdir, bunu müəyyən etməyi oxucunun ixtiyarına buraxaq). Başqası ağacları kəsir, dövlət rəhbərliyi işə qarışandan sonra ədalət zəfər çalır və adamı cərimə edirlər.
Referendum demişkən, deyəsən ona bənzər bir şey keçən payız bizdə də olmuşdu. Ancaq heç biz öz referendumumuzu Türkiyədəki qədər müzakirə eləmədik. Bu, laqeydlikdən, senzuradan irəli gəlirmi? Yox. Sadəcə, biz planetar xalqıq. Dünyanın başqa yerlərindəki əhvalatlardan daha çox narahat oluruq. Əvvəl evin çölü, sonra içərisi – məşhur məsəlimizin yazıya yanlış alındığını güman edirəm.
Üstəlik, Türkiyənin indi yaşadığı “əvət, hayır” dilemmasını biz hələ 90-cı illərdə “Xalq hə deyir” aksioması şəklində yaşamışıq. Bunun özü də qürur vericidir ki, başqa xalqlar bizim 20 il qabaq keçdiyimiz yolu təkrar edirlər. Cığır açmaq, pioner olmaq, avanqardlıq belənçik şeydir. Ramiz Rövşənin bir şeirində deyilən kimi: “Hamı mənə tərəf gəlir, Mən durmuşam yerimdə”. Hərçənd, biz də yerimizdə durmamışıq, hər gün yeni zəfərlər çalırıq, baş həkim söz verib ki, özümüzü yaxşı aparsaq, hələ hovuza su da buraxacaqdır.
Doğrudan da adam yemək söhbətinin bizə nə dəxli var idi, mən indi heç özüm də bilmirəm. Əslində nəyəsə dəxli olan yazılar yazmaq öhdəliyi də götürməmişəm. Yenə mən yazıb yorulmuşam, guya başqası gəlib yazsa nə olacaq? 92-93-də başqa yazanlar gəlmişdi, gördük də nə oldu. Gecələr yazı oxumaq olmurdu. Hərə o birisinin yazısını cırırdı, dəfələrlə küçədə qələmlə öldürülən müəlliflər və oxucular görürdük. Bundan sonra uca millətimiz baş müəllifi çağırdı, gəlib hamının yazısını birbaşa alnına yazdı, çıxdı getdi. O vaxtdan bu yazıya pozu yoxdur.
Sonda mövzuya uyğun bir lətifə.
Adamyeyənlər klounu tutub yeyirlər. Biri o birisinə deyir:
– Hə, necə idi?
O biri cavab verir:
– Qətiyyən gülməli deyildi.