Yeriniz məlum, o gün bir toydaydıq. Bildiyiniz Azərbaycan toyu: qohum-əqrəbadan və qudaların kollektivlərindən, əsgərlik, universitet yoldaşlarından, həmkəndlilərdən və qonşulardan ibarət yüzlərlə qonaq, təpli-tıxılı masalar, musiqi nömrələrini yola verən sazəndə və müğənnilər. (Hesabınızı götürün ki, xanəndə Vaqifdən dediyi qoşmada “Pərişanlıq zülfün öz qaydasıdır” yerinə “Pərişanlıq QƏLBin öz qaydasıdır” deyirdi).
Allah tərəfi, toy öz ritmiylə, adət-ənənəyə və ssenariyə uyğun şəkildə davam edirdi. Bu mənzərələr hamınıza tanışdır, bilirsiniz, əlavə təsvirlərə ehtiyac yoxdur.
Amma bir yeni detal vardı. Masaların üstündə N qədər ləziz təamla yanaşı bir neçə cür kolbasa məmulatları da görünürdü, ancaq onlara əl uzadan yox idi. Əvvəllər belə olmazdı. Saat 6-da toy salonuna girən qonaqlar isti xörəklər gələnə qədər kolbasaları aşırardılar. İndi isə kolbasalar qızara-qızara nimçələrdə qalmışdılar.
Əcəba, xalqımız vegetarian olmuşmu? Bunun sirri tez bir zamanda çözüldü. Dostlardan biri bir dilim kolbasanı çəngələ vurub öz boşqabına qoyanda üzbəüzündə oturan daha bir dostumuz dedi: “A kişi, neynəyirsən? O itən eşşəklərdən xəbərin yoxdur?”
Belə anlaşıldı ki, kolbasaya tamah salan tanışımız mediadan uzaq, sosial şəbəkələrdən kənar adamdır, yoxa çıxmış 5 min eşşəkdən, rayonlardan Bakıya daşınan at cəmdəklərindən, ölü heyvanların ətindən xəbəri yoxdur, heç Yolçu Xanvəlini də tanımır. (Aydıralım ki, şair Yolçu Xanvəli Kənd Təsərrüfatı Nazirliyinin yanında Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibidir və mənşəyi məlum olmayan ət məhsullarının tutulması haqqında vaxtaşırı məlumatlar yayır).
Söhbət bu yerə dirənəndə adama zəruri və qısa izahat verildi, dostlardan biri “o itən eşşəklərin ətinin bu süfrədə olmadığına təminat yoxdur” dedi. Bir az öncəyə qədər kolbasanı delikates sayan adamın sifətinin ifadəsi dəyişdi, bıçağı ilə kolbasa dilimini çəngəlindən siyirib əsasən sür-sümük üçün nəzərdə tutulmuş külqabıya boşaltdı və günah iş üstündə yaxalanmış adamlar kimi dedi: “Vallah, bilmirdim. Belə şey də varmış? Görün, bizə nə yedirdirlər”.
Bilmirəm, başqa masalarda da buna bənzər söhbətlər oldu ya yox, amma gözucu fikir verdim ki, o masalarda da kolbasa boşqablarda qızara-qızara qalıb.
Bu gedişlə toylarda masaya kolbasa məhsulları verilməsinin sonu gələcək. Bir şey ki, yeyən yoxdur, ta onu masaya düzməyə nə ehtiyac var. Həm də əlavə yer tutur. Hərçənd bizdə belə bir prinsip var ki, süfrədə boş yer qalmamalıdır. Qalarsa, bu, kasıblıq əlaməti sayıla bilər.
Başqa bir simsar and içir ki, axır vaxtlar camaat lüləkababa da şübhə ilə yanaşır. Nəyə, nəyə, lüləkababa. Milli mətbəximizin şedevr təamlarından birinə. Bu, o lüləkababdır ki, beş-altı il əvvəl ölkəmizə Avropadan qonaq gəlmiş əcnəbləri aparıb mərifətli bir yerdə lüləkabab yedirdirdilər. İlk tikələr boğazdan keçəndə sonra onlar dərhal bloknot, qələm çıxarıb lüləni necə bişirməyin reseptini yazırdılar, ölkələrinə qayıdandan sonra “skayp”la dəqiqləşdirmələr aparırdılar, nəyi necə edəcəklərini soruşur, Avropada lüləkabab bişirməyə cəhd edir, alınmayanda, sırf lüləkabab yemək üçün şəhərlərindəki türk lokantalarının daimi müştərisinə çevrilirdilər. İndi o lüləkabab masalarda qalır.
Nədən, nəyə görə? Hamısı həmin o “mənşəyi bilinməyən ət məhsulları”na görə. Restoran müdirləri daha çox qazanmaq üçün ucuz başa gələn və mənşəyini yaxşı bildikləri əti alır, başqa ətlərə qatır, camaata yedirdirlər. Bunun üstü açılanda isə camaatın gücü öz çəngəlinə çatır, dalı üstə qoyur boşqabının böyrünə, məhzun-məhzun baxır.
Bəzi vasvası adamlar da var ki, toyda yemək xoşuna gəlməyəndə xanımına zəng edir, deyir, toydayam, kasıbın olanından bir şey bişir, bir azdan evə gələcəm.
Bu gedişlə bilirsiniz, nə olacaq? Heç nə. Oxumuş adamlar, Yolçu Xanvəlinin gündəlik məlumatlarından xəbərdar olanlar gedib toyda nəmərlərini yazdırıb, qayıdacaqlar evlərinə, məlumatsız adamlar isə, süfrədə nə var, basıb yeyəcəklər. Axırı da nə olar, olar.