Elçin Mirzəbəyli: “Rusiyanın iddiaları böyüdükcə xarici siyasəti cılızlaşır”

ÜAK-ın ləğv olunması iddiası ilə bağlı yeni gəlişmələr

Rusiya Ədliyyə Nazirliyinin iddiası ilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə bağlı Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesinin təxirə salınması bir sıra müzakirələrə yol açıb.

Azərbaycan tərəfdən göstərilən ciddi təpkinin səmərə verdiyi bildirilir. Xüsusilə ölkə parlamentinin son iclasında bu məsələnin geniş müzakirə olunmasının müsbət nəticələr verdiyi, Rusiya tərəfin geri çəkildiyi barədə fikirlər yer almağa başlayıb.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasının məhkəmə tərəfindən təmin olunmaması ilə bağlı kifayət qədər əsaslar var: “Bildiyiniz kimi, Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı iddia ərizəsinə baxılması iddiaçı tərəf məhkəməyə gəlmədiyinə görə təxirə salınıb. Rusiya İnzibati Prosessual Məcəlləsinə əsasən, əgər iddiaçı üzürsüz səbəbdən 2 dəfə məhkəmənin iclasına qatılmazsa, o zaman iddiaya baxılmasından imtina oluna bilər. Rusiyada fəaliyyət göstərən qeyri-kommersiya təşkilatları Ədliyyə Nazirliyində qeydiyyatdan keçir və dövlət reyestrinə salınırlar. Onların fəaliyyətinin qanuniliyinə də Ədliyyə Nazirliyi nəzarət edir. Rusiya qanunvericiliyinə görə, əgər hər hansı qeyri-kommersiya təşkilatının sənədlərində və fəaliyyətində, eləcə də onların müvafiq dövlət qurumlarına, o cümlədən Vergilər Nazirliyinə təqdim etdikləri hesabatlarda hüquq pozuntuları aşkarlanıbsa, bununla bağlı onlara rəsmi xəbərdarlıq olunmalı və bu pozuntuların aradan qaldırılması üçün vaxt verilməlidir. Bildiyim qədər Ədliyyə Nazirliyi bu proseduranı həyata keçirmədən məhkəməyə müraciət edib. Bu isə iddianın təmin olunmaması üçün kifayət qədər ciddi əsasdır. Hər halda, məhkəmənin növbəti iclasında bu məsələlərə aydınlıq gətiriləcək. Yalnız o zaman mənzərəni obyektiv dəyərləndirmək mümkün olacaq. Əslində Rusiya kimi bir ölkə üçün belə məsələlərdən təzyiq vasitəsi kimi istifadə etmək utancverici bir görüntü yaradır. Təəssüf ki, Rusiyanın iddiaları böyüdükcə xarici siyasəti cılızlaşır. Əslində belə məsələlərdən siyasi təzyiq vasitəsi kimi istifadə olunması Rusiyanın öz maraqlarına uyğun deyil. İndi Rusiya postsovet məkanında inteqrasiyaya nail olmaq istəyir. Kreml Avrasiya İqtisadi İttifaqına, KTMT-yə ”gəl-gəl” deyir, amma bu qurumların nə iqtisadi, nə də siyasi cazibədarlığını artıra bilmir. Digər tərəfdən, postsovet ölkələrini nəzarətində saxlamaq üçün münaqişələrdən istifadə edən Rusiyadan hansı ölkə öz təhlükəsizliyinə təminat ala bilər?”

Politoloq Azərbaycan parlamentinin son iclasında verilən mesajlara da toxundu: “Parlamentin toplantısında səslənən fikirlər kifayət qədər arqumentləşdirilmişdi və ola bilsin ki, bu, məhkəmənin iclasının təxirə salınmasında bu və ya digər şəkildə rol oynayıb. Parlamentdə də qeyd olundu ki, Azərbaycandakı rus icmasının sənədlərində də kifayət qədər problemlər var. Bu isə o demək idi ki, Azərbaycanda nəyin baş verdiyinin fərqindədirlər və məsələyə hüquqi don geyindirmək mümkün olmayacaq. Parlamentdəki çıxışlar önəmli mesaj kimi qəbul olunmalıdır. Çünki açıq şəkildə qeyd olundu ki, hər hansı yanlış qərar siyasi münasibətlərə də ciddi təsir göstərəcək. Bu məsələ siyasi məsələdir. Söhbət böyük və güclü bir diaspora təşkilatından gedir. Ermənilərin təsiri də bir yerə qədər ola bilər. O da Rusiyanın müvafiq qurumları bunu istəyərlərsə… Ermənistan və ermənilər Rusiyanın dövlət maraqları ilə bağlı məsələlərə təsir etmək gücündə deyillər. Rusiyanın Ədliyyə Nazirliyinin hansısa erməninin istək və arzusu ilə azərbaycanlıların diaspor təşkilatının ləğv edilməsi üçün məhkəməyə müraciət etməsini düşünmək belə gülüncdür”.

E.Mirzəbəyli sənədləşmə məsələsinin bəhanə olduğu qənaətindədir: “Bu, bəhanədir. Belə problemlər Ədliyyə Nazirliyinin müraciəti ilə aradan qaldırıla bilər. Digər tərəfdən, mən ÜAK-ın qurultayında qurumun ləğvinə əsas verəcək hüquq pozuntusuna yol verildiyini də düşünmürəm. Hansısa kiçik problemlər var və axtarsan bu problemləri Rusiyada fəaliyyət göstərən bütün qurumların fəaliyyətində tapmaq olar. Ola bilsin ki, bu bəhanəni elə Rusiyanın müvafiq qurumları, yaxud onların idarə etdiyi şəbəkənin nümayəndələri sonradan istifadə etmək üçün məqsədyönlü şəkildə yaradıblar. Düşünürəm ki, bu fakt Azərbaycana həm də diaspora qurumlarının fəaliyyəti ilə bağlı ciddi araşdırma aparmağa və müəyyən nəticələrə gəlməyə də imkan verir. Baş verənlər həm də həyəcan siqnalı kimi qəbul olunmalıdır”.

Qeyd edək ki, ÜAK-ın növbəti məhkəməsi aprelin 25-də keçiriləcək.

Musavat.com

loading...