Neçə vaxtdır bu mövzuda yazmağı düşünürdüm, amma dünən keçmiş əməkdaşımız Kamalın sosial şəbəkədə yazdığı status tərəddüdümü qırdı, dedim, qoy yazım, qalmasın.
Hazırda Hollandiyada yaşayan Kamal Qasımov yazmışdı: “Deyəsən, Azərbaycanda yaşayanlar elə bilir ki, bütün avropalılar ali təhsillidir və vicdan dağarcığıdır”.
Mən də ona belə bir cavab yazdım: “Yox, elə bilmirik, Avropada kifayət qədər vicdansız, yalaka, nadürüst var. Amma onların öz poteinsiallarından istifadə edə bilməməsi üçün baryerlər, institutlar var”.
İndi bəlkə də bu yazı AzTV-nin xroniki şəkildə “Almaniya dağılır” rubrikasında gedən materiallara oxşayacaq, amma elə deyil. Nə Almaniya dağılır, nə Hollandiya. Heç kasıb Slovakiya, Sloveniya da bizdən pis durumda deyil. Bu, heç.
Amma başqalarını deyə bilmərəm, məndə avropalıların hamısının “ali savadlı” və “vicdan dağarcığı” olmaları haqqında illüziya yoxdur.
Ola bilər, onları gerçəkdən də elə hesab edənlər var. Varsa, yanlışdır. Avropalıları ellikcə pozğun, narkoman, cinsi azlıq hesab edənlər də yanılır. Elə də deyil.
Avropada, Amerikada kifayət qədər vicdansız, tənbəl, nadürüst, fırıldaqçı, yaltaq, beyni qara-qura işlərlə dolu adamlar var.
Məsələn, indiki gənclər bilməz, amma təxminən 20 il öncə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini vardı, ad-soyadı Ernest Müleman idi. Təəssüf ki, onun hansı ölkədən olduğunu unutmuşam, ancaq adamın ölkəmizə tez-tez gəlməsi, gəlib burda bizim dövlət başçısına yaltaqlanması yaxşı yadımdadır. Müleman prezidentə elə yaltaqlanırdı ki, ən yaltaq İH başçısı belə onun danışığını eşidəndə xəcalət çəkərdi. Bizdən nə işi aşırdı, bilmirəm, amma adam hər dəfə mədhiyyənin, türkün sözü, dozunu qaçırırdı.
Elə ondan sonrakıların çoxu da elə idi. ABŞ səfiri Stenli Eskudero yadınızdadırmı? Burda onun üzünə necə xoş baxmışdılarsa, səlahiyyət müddəti bitəndən sonra adam ölkəmizdən getmədi, qaxılıb qaldı, iş qurdu, torpaq aldı, yalan-gerçək, deyirdilər, YAP-a keçmək üçün ərizə verib. Bir az cavan olsa, arvadını boşayıb, sünnət olunub, yenidən evlənəcək, yeznəmiz olacaqdı.
Arada Avropadan gələnlərin içində prinsipial kişilər də çıxdı, amma sonra yenə kürüyeyənlər, rüşvət kürüyənlər, haqq-ədalət hərləməyənlər axışıb gəldi.
Məhz onda gördük ki, yox, bu qırışmalların heç də hamısı prinsipial, kristal deyillər, bunlarn da ağzı, cibləri, keysləri, iştahları var, bunlar da villa, bahalı maşın almaq, model məşuqə saxlamaq istəyirlər.
İntəhası, bu xüsusda savadlı adamların sözü olmasın, bir mühüm nüans var ki, məhz o, avropalı vicdansızlarla yerli vicdansızları fərqləndirir.
Məsələ ondadır ki, avropalı nadürüstlər korrupsiya və rüşvətxorluqla, müxtəlif maxinasiyalarla bizdəki kimi sərbəst, qorxu-ürküsüz və iri miqyasda məşğul ola bilmirlər, tez-tez ilişirlər, ilişəndə paçaları medianın və prokurorların əlində qalır. Məsələn, bu saat Fransada prezident olmaq istəyən siyasiləri şişə taxırlar, nə var, nə var, arvadlarına artıq maaş, qonorar yazdırıblar. Hələ gəl gör, onlar hansısa layihəyə dövlət büdcəsindən ayrılmış 1 milyard pulun yarısını mənimsəsəydilər, nələr olardı.
Başqa sözlə, avropalı nadürüstlər öz məkrli niyyətlərini həyata keçirmək istəyərkən önlərində baryerlər görürlər. Elə bir mexanizm var ki, çoxu istəsə də, yaramazlıq edə bilmir. O üzdən onlar daha dürüst adam kimi görünə bilirlər.
Təbii ki, uzun müddətdən bəri dürüst olmaq məcburiyyətində yaşamaları bir çox adamın beynində öz izini həkk edib və onlar anlayırlar ki, dürüst olmaq daha faydalıdır, nəinki nadürüst olub türmədə oturmaq.
Onlarda da əliəyrilik edərək milyonlar toplamaq, daha yüksək postlar tutmaq haqq-hesabı trend olsaydı, buna görə heç kəsi cəzalandırmasaydılar, yəqin ki, bizimkilər avropalıların yanında karnavala getməli olardılar.
Demək ki, əsas məsələ ayrıca götürülmüş bir qitədə yaşayan insanların təfəkküründə deyil, həmin qitədəki ictimai-siyasi mühitdədir.
Bizim mühitimiz pisdir, dostlar, özümüz elə də pis adamlar deyilik, mühitimiz zaydır. Bu mühiti də özümüz zay eləmişik və düzəldə bilmirik. Zay mühitdə yetişənlərin isə istər-istəməz xarabı çox olur.