Hələ 29 il öncədən ölkəmizdə mitinq-nümayişlə bağlı qəribə stereotiplər var. Biz cəmiyyət və siyasi topluluqlar olaraq o stereotiplərdən xilas ola bilmirik və bu tezlikdə xilasımız mümkün görünmür.
29 il öncə də hakimiyyət orqanları insanların hər hansı məqsədlə, tələb və şüarla bir yerə toplanmasından ifrat dərəcədə narahat olurdu, qorxurdu, müxtəlif tədbirlər görür, iş aparırdı, indi də elədir.
Hələ də hesab olunur ki, insanlar kütləvi şəkildə bir yerə toplanırsa, bu, əvvəl-axır hakimiyyətin əldən çıxmasına səbəb olacaq. Yaxın tariximizdə belə hadisələr olub deyə həmin o stereotip güclənib.
Eyni stereotipin astar üzü müxalifətdə, narazı kütlələrdə də var. Onlar da hesab edir ki, etiraz aksiyalarının kütləviliyini və permanentliyini təmin etmək mümkün olsa, aksiyaya qoşulanlar yüksələn xətt üzrə davam etsə, hakimiyyət dəyişikliyinə nail olmaq mümkündür.
Başqa sözlə, hər iki cəbhədə mitinq və nümayişlərə hakimiyyətdəyişmə mexanizminin hərəkətverici qüvvəsi kimi baxılır.
Nəticədə əhalinin siyasi passiv kütlələri arasında da belə bir qənaət hasil olub ki, mitinq-nümayiş xətalı, təhlükəli işdir, siyasi oyunlara qoşulmaqdır, hökumətlə hökumətlik etməkdir, “dövlətə qarşı çıxmaq”dır, özünü topun ağzına qoymaqdır və sair və ilaxır.
Qismən doğrudan da elədir. Mitinqə çıxanların ən azı icra hakimiyyətləri səviyyəsində nəzarətə götürüldüyü, özlərinin və yaxın qohumlarının təzyiq altına salındığı ölkədə başqa bir rəy formalaşa bilməz. Total düşüncə belədir: Kim mitinqə çıxıb xoşbəxt olub ki?
Xalqımızın kütləvi aksiyalara biganəliyinin mühüm səbəblərindən biri də budur. Adamlar gün-güzəranlarından, idarə olunmalarından narazı olsalar da, bunu ifadə edəcək cəsarətdə deyillər. Ən cəsur, qorxmaz adamlar da “el üçün ağlayaraq kor olmaq” fikrində deyillər.
İkinci mühüm səbəb xalqın daha layiqli alternativ görməməsi ilə bağlıdır. Müxalifət düşərgəsindəki mənasız çəkişmələr, sonu görünməyən intriqalar, cılız söz-söhbətlər, ildə dörd dəfə şiddətlənən toqquşmalar, nəhayət, siyasi arenanın bütün iştirakçılarının reputasiyasına mənfi təsir göstərməliydi, elə də oldu.
Artıq “biz A. partiyasından daha üstünük, güclüyük, onlar pisdir, biz yaxşıyıq, onlar satılıblar, biz döyüşürük, yeganə müxalifət bizik” ritorikasının heç bir cazibəsi, təsiri qalmayıb.
Arxasınca gedən beş adamı görcək “xarizmatik lider” havalarına girmək başlanğıcdan yanlış idi, təəssüf ki, bunu anlayanlar olmadı. Ötən ilin sentyabrında çağırılmış mitinqdə müxtəlif partiyaların üzv və tərəfdarlarının qatılmasıyla stadionda kütlə görən siyasilər bunu öz güclərinin məhsulu kimi gördülər və yanıldılar.
Ertəsi gün onlar öz ritorikalarını elə dəyişdilər, leksikonlarına elə əzici sözlər daxil etdilər ki, həmin mitinqə qatılan “yadlar”ı peşman etdilər. Bəlliydi ki, onlar bu səhvi bir daha etməyəcəklər. 8 aprel mitinqində həmin “yad”ların 99 faizi meydana gəlməmişdi. Onların əvəzinə meydana gələnlər və “Allahu əkbər” şüarı səsləndirənlər isə nə mitinq iştirakçılarının kəmiyyətinə əsaslı təsir göstərmişdilər, nə də bu xüsusda keyfiyyətdən danışmaq olar.
Bu, o demək deyil ki, sabah başqa bir siyasi qüvvə meydana çıxsa, dilini şirin eləyib, hamını ətrafına toplamağa çalışsa, uğur qazanacaq, meydana heç olmasa 10-15 min adam toplayacaq. Xeyr, elə olmayacaq.
İndilikdə bu ölkədə heç bir qüvvə, hətta 500 mindən çox üzvü olduğunu iddia edən hakim partiya da öncədən siyahı tutmasa, inzibati resurslardan istifadə etməsə, çoxminli mitinq təşkil edə bilməz.
Reallıq budur. İnsanlar passivdir, ümidsizdir, yaxın zamanlarda nəsə bir dəyişiklik olacağına, ola biləcəyinə inamlarını itiriblər, taleləri ilə barışıblar.
Bu ölkədə siyasi hərəkətlilik o zaman başlayacaq ki, ya siyasət vitrininə yeni qüvvələr, yeni simalar çıxacaq, ya da “ənənəvi müxalifət” adlandırılan siyasi partiyalardan biri özünü daha çevik və effektiv yeniləyəcək.