Dörd kişinin arvadı olan qadın da var...

Filmlərdə görmüşük, keçmişdə qardaş mütləq ölən qardaşının övrətini almalı idi. Ona görə ki, qardaşının dul qalan övrəti başqa kişiyə ərə getməsin. O üzdən ki, ölən qardaşın uşaqlarına kimsə ögey ata olmasın. Guya bu dul gəlinin namusunu qorumaq idi. Bu da səbəblərdən biri ki, papaqsız, yəni ərsiz qadına, papaq olmaq istəyən çox adam olar, amma ölən qardaşın öz qardaşı kimi etibarlı olmaz heç biri.

İstənilən arqumenti gətirə, əsaslandıra bilərlər, amma hər nə olur olsun ümumi yaranan mənzərə iyrəncdir. Çünki istənilən halda qardaş arvadı elə qardaş arvadı olaraq qalacaq. Bu olaysa yeddi nəsil keçsə belə unudulmayacaq. Kiminsə əlində həmişə vasitə olacaq. Məsələn illər sonra kimsə deyəcək ki, “tanımadın kimin oğludu əmisinə ərə verdilər anasını o vaxt haaa, bax o uşaqdı”…
Ağır mənzərədir. Danmaq da olmaz ki, bizdə tarix boyu xeyli belə adam olub. Din pərdəsi altında reallaşdırılan bu iyrənc ənənəyə sadiq qalıblar. Bəlkə də sadiq qalmaq məcburiyyətində olublar, deyə bilmərəm.

Gələk mətləb üstünə. Əminin qardaş qızına evlənməsinə. Xoş olmayan hadisədir. Haqlı olaraq sual da var ki, əgər tarix boyu qardaşın arvadını alan əmilər olubsa, niyə qızıyla evlənən əmilər olmasın?!.. Haqsız sual sayılmaz. Amma istənilən halda iyrəncdir. Həm də xassəsinə görə xəbərdir. Yayımlanmalı, ictimailəşməlidir. Lazımdır ya yox? Ya da belə xəbərləri verəndə nələrə diqqət eləməliyk və nə qədər eləyirik, bu ayrı müzakirənin mövzusudur.
***

İllər öncə fərqli idi deyəcəm. Yəqin bu arada söyləyənlər də tapılacaq ki, köhnə qafalı adamdır, nostalji ilə yaşayır. Ola bilər, amma olmayıb. Yəni elə deyiləm. Nə sovetlər dönəminin, nə də illər öncənin nostaljisini yaşamaq, düşünərək özümü depressiv duruma salmaq kimi niyyətim yoxdur. Bu psixoloji zəif insanların işidir. Əminəm ki, son günlər xassəcə xəbər olan bütün hadisələri törədənlər, qızını zorlayan atalar, bacı-qardaşını, ata-anasını öldürən, nənəsini boğan, azyaşlı oğlan uşağına təcavüz edən, hətta intihar eləyənlər belə ya psixoloji qüsurlu, ya natamam şəxsiyyətli, ya da əxlaqsız adamlardır. Yəni məsələn bir əxlaqlı ata ola bilməz ki, qızına aşiq olsun, oğlunu zorlasın və sair…
***

Bir də o məqam var ki, dünyada, həm də ölkəmizdə bu olaydan daha dəhşətli hadisələr baş verir. İllər öncə qadın problemləri ilə bağlı apardığım bir məsələ vardı. Dövlət qurumlarının birinin arxivində qarşıma çox dəhşətli sənəd və məlumat çıxdı. Ucqar Azərbaycan kəndlərindən birində bir qadın dörd qardaşın dördünün də arvadı idi, həm də qeyri-rəsmi olaraq. Qadın onların dordündən də uşaq dünyaya gətirmişdi. Üstəlik, qardaşların dördü də həyatda idi. Dörd kişi bir qadın çox normal qəbul edirdilər bu durumu. Normal da yaşayırdılar. Təxminən dörd arvadlı kişinin, dördkişili qadın versiyası idi bu. O zaman istədim problemin üstünə köklü şəkildə gedim. Deyim ki, sənədlərin əlimə təsadüfən keçməsi rəsmi qurumu da pis vəziyyətdə qoymuşdu. Amma olsun, peşə maraqları var idi və istədim ki, araşdırım gerçəkdən sensasion bir reportaj qoyum ortaya. Sonra gördüklərim məni qərarımdan vaz keçirdi, eləmədim. Düşündüm ki, bir rayonun, bir kəndin, səkkiz uşağın taleyi var ortada. Üstəgəl sənədlərdə və rəsmilərlə söhbətdə anladığım bir də o oldu ki, bu işlə ciddi məşğul olan başqaları, yəni hüquq-mühafizə orqanları da var.

Əlqərəz, yazmaqdan vaz keçirmək üçün onların biri ilə üzbəüz oturub söhbət eləmək imkanı yaratdılar mənə. Məlum oldu ki, o kənddə bir neçə elə ailə var. Və adamlar həm də hansısa sektanın üzvləridirlər. Yəni bu məsələ ilə yüksək səviyyədə təhlükəsizlik orqanları da məşğuldur. Oradaca dayandım. Sonradan aldığım xəbərlər və dəqiqliklə keçirilən bütün əməliyyatlardan anladığım bu olmuşdu ki, dayanmaqla düz eləmişəm…

Bu hadisəni bəlkə illər sonra da yazası deyildim. Amma yazmağa səbəblər var. Çünki indi Gəncədə baş verən bu əmi – qardaş qızı olayına görə onların dini kəbinini kəsən mollanı axtaran həmkarlara rast gəldim. Düşündüyümü özlərinə yazdım. Bəli, şəxsiyyəti, psixolojisi qüsurlu, əxlaqsız adamlar törədir bu cinayətləri. Bəs biz nə edirik?

Onların izinə düşüb arayıb sonuna, dibinə qədər gedirik. Elə yerlərdə gəzişirik ki, bu nə insani, nə də peşə etikası baxımından düzgün deyil. Demirəm ki, hər şeyi malalayaq, üstündən keçək, göz yumaq, diqqət eləməyək. Deyirəm ki, sadəcə ehtiyatlı olaq. Avropadan, Qərbdən əxlaqsızlıq öyrəndik deyib günahlandırmayaq bir birimizi. Bəsit bir sual ətrafında düşünək. Niyə sosial məsələlərin, məsələn lap elə bir Qarabağ müharibəsi iştirakçısının taleyini əks etdirən, problemini qaldıran süjet olmasın efirlərdə. Amma əmisinə ərə gedən qız gündəm olsun. Həm də tək ərə getdiyi bəlli olan gün yox. On, on beş gün, bəzən də bir ay. Niyə anlamayaq ki, gündəmdə olan məsələ həm də bizim təbliğatını apardığımız işdir. Dolayısıyla biz baş verən iyrənc və faciə dolu olaylara insanların gözünü, qulağını alışdırırıq. Yazmayaq qınamayaq da demirəm. Amma daha gedib mollanı tapmayaq, kişinin o biri arvadını efirə çıxardıb ağlatmayaq. Yenə də hərənin öz vicdanına buraxılası işdir. Mənim vicdanımısa başqa şey ağrıdın. Əminin birinci arvadının ağlaya- ağlaya dediklərinə:

-Aralarında nəsə var idi, bilirdim, amma belə də yox, indi evlənib, o burdan məni eşidirsə, deyirəm ki, ortada uşaqların var onu düşün, eləmə…

Bu nə olur olsun bağışlamağa hazır olan, aciz və natamam qadın obrazıdır. Və mən onun tərbiyə eləyib ortaya qoyacağı o iki uşaqdan nə dövlət, nə insanlıq, nə də o Gəncənin adına heç nə ummuram…

Jalə Mütəllimova,