Böyük Britaniyanın Avropa İttifaqından çıxışı prosesi işə salınıb. Böyük Britaniyanın baş naziri Tereza Mey martın son günlərində Lissabon sazişinin 50-ci maddəsinin işə salınması barədə rəsmi bildirişi imzalamaqla ölkəsinin Avropa İttifaqından çıxma prosesinə start verilib. Bildiriş artıq Aİ-nin rəhbərliyinə çatdırılıb. Xatırladaq ki, Lissabon sazişin 50-ci maddəsinə uyğun olaraq, hər hansı ölkə Avropa İttifaqından çıxmaq istədiyi halda bu barədə rəsmi bildirişi təqdim etməlidir. Ondan sonra prosesin gedişi barədə rəsmi danışıqlara start verilə bilir və proses iki ildən artıq olmama şərti ilə davam edir.

Bildirişin Aİ rəhbərliyinə təqdim edilməsi prosedurası ilə paralel olaraq hökumətin iştirakı ilə Britaniya parlamentinin aşağı palatasında məsələnin müzakirəsi keçirilib. Burada baş nazir tarixi bəyanat səsləndirərək “Geriyə yol yoxdur” deyib. Həmçinin Tereza Mey bəyan edib ki, Aİ-dən çıxış Böyük Britaniyanın qarşısında problemlərin qoyulması və qeyri-müəyyənlik dövrünün başlanğıcı deyil, yeni imkanların açılması dövrüdür. Baş nazirin çıxışı parlamentarilər tərəfindən birmənalı qarşılanmayıb və müxalifət nümayəndələri kəskin etirazları bildiriblər. Amma bu prosesin gedişinə təsir etməyib və etməyəcək – Britaniya Avropa İttifaqından çıxır.

Və indi ölkədə Britaniyanın Avropa İttifaqı olmadan, Avropa İttifaqının isə Britaniyasız gələcəyi barədə fikirləşirlər. Demək lazımdır ki, bədbin əhval-ruhiyyə daha çox məhz Britaniyada müşahidə olunur, Aİ-də isə məsələyə konkret, konstruktiv və real baxırlar. Aİ-nin mövqeyi belədir ki, əgər Britaniya ittifaqdan çıxmaq istəyirsə, bu prosesdə hər hansı yarımçıqlıq qəbuledilməzdir. Avropa liderləri bildirirlər ki, əvvəlcə Britaniyanın İttifaqdan çıxması prosesi tam başa çatdırılmalıdır, sonra isə ikitərəfli münasibətlərin yenidən qurulması barədə danışıqlar aparıla bilər.

Eyni zamanda Aİ müəyyən güzəştlərə getməyə hazır olduğunu göstərir. Məsələn, Avropa Mərkəzi Bankı Müşahidə Şurasının vitse-prezidenti Sabina Lautenşlaqer bəyan edib ki, Böyük Britaniya bankları xüsusi aralıq dövrünə daxil ediləcək ki, bu dövr ərzində onlar Aİ-nin ərazisində öz fəaliyyətlərini davam etdirə biləcəklər. Amma, əlbəttə ki, əgər gələcək danışıqlar nəticəsində ölkənin Aİ-dən çıxması prosesi “sərt ssenari” üzrə getsə (Aİ-nin rəhbərliyinin mövqeyini nəzərə alaraq, buna böyük ehtimalla əmin olmaq olar), Böyük Britaniya bankları burada fəaliyyət göstərmək üçün adi qaydada və ümumi şərtlərlə bank lisenziyalarını almaq məcbur olacaqlar. Aralıq dövrü həmin proseduranın həyata keçirilməsi və lisenziyanın alınmasına qədər fasiləsiz fəaliyyətə imkan vermək üçün nəzərdə tutulur. Həmçinin Aİ-nin mövqeyi belədir ki, Avropa Mərkəzi Bankı lisenziyanı bütün banklara verilmək niyyətində deyil, bu, bankın kapitallaşmasından, idarəetməsindən, o cümlədən risk-menecmentdən, əhatə dairəsindən, əhəmiyyətindən, hətta yerli personalın miqdarından və Aİ-nin ərazisində əməliyyatların müstəqillik səviyyəsindən asılı olacaq. Böyük Britaniya banklarına qarşı addımların atılmasında müəyyən ehtiyatla yanaşmanın olduğunu vurğulayan AMB eyni zamanda bildirir ki, Britaniya banklarına hər hansı əhəmiyyətli güzəştlər verilməyəcək.

Bəzi məqamlarda Avropa İttifaqı Britaniyaya qarşı artıq sərt mövqeyini göstərməyə başlayıb. Belə ki, Avropa Komissiyası London fond birjasının (London Stock Exchange) Almaniya fond birjası (Deutsche Boerse) ilə nə az, nə çox 29 mlrd. avro dəyərində qiymətləndirilən birləşməsinə kəskin veto qoyub. Avropa İttifaqının rəqabətlik üzrə avrokomissarı Marqret Vestaqer bu barədə qərarı bəyan edərək bildirib ki, həmin birləşmə qiymətli kağızlar, ilk növbədə istiqrazlar və digər borc qiymətli kağızlar bazarında monopoliyanın yaranmasına səbəb olacaq ki, bu səbəbdən Avropa Komissiyası buna razılıq verə bilməz. Həqiqətən, birləşmə nəticəsində Avropada ən iri birja meydançası yarana bilər, lakin indi bu, arzu olaraq qalıb. Maraqlısı odur ki, birləşmə barədə danışıqlar, Avropa Komissiyasına müraciətlər prosesi artıq çoxdan başlayıb və davam edib, lakin Aİ ancaq indi bu birləşmənin monopoliyaya səbəb olacağından “xəbər tutub?” Həm də məhz Böyük Britaniyanın Aİ-dən çıxması barədə bildirişi Aİ rəhbərliyinə ünvanladığı gün? Təsadüfdür? Xeyr. Bu, cavabdır, daha dəqiq cavablardan biridir. Belə cavab addımlar hələ çox olacaq. Avropa İttifaqının son zamanlarda zəifləməsi, burada böhran yaşanması və sair kimi məsələlər barədə çox danışılır, amma nə qədər danışılsa da, Aİ-nin imkanları istənilən ölkənin imkanlarından hələ də yüksəkdir. Gizli müharibə başlansa, Aİ qalib gələcək. Əgər isə Aİ Britaniyaya qarşı sərt mövqe nümayiş etdirsə, veto, lisenziyalaşma, ticarət baryerləri, sertifikatlaşma və sair sahələrdə Britaniyaya qarşı tədbirlər görsə, digər ölkələr Avropa İttifaqından çıxmaq barədə min dəfə fikirləşməli olacaq və sonda “lazım deyil” qənaətinə gələcəklər.

Avropa İttifaqı indi ciddi, vacib və bəlkə də ittifaqın gələcəyi üçün ən əhəmiyyətli məsələlərdən birinə diqqət yetirməlidir. Əgər Aİ bu prosesi tənzimləsə, ciddi məşğul olsa, etinasız qalmasa, müəyyən mənada öz mərkəzləşmiş maraqlarını bəzi ölkələrin xeyrinə “qurban” versə – Brexitdən sonra Avropa İttifaqı yalnız daha güclü olacaq, Britaniya isə öz qərarı barədə təəssüflənəcək. Söhbət əmək bazarından gedir. Britaniyanın Aİ-dən çıxması əmək miqrantlarının taleyinə mənfi təsir edəcək, konkret olaraq, əsasən Şərqi Avropa ölkələrindən Britaniyada çalışan əmək miqrantlar artıq çətinliklərlə üzləşəcək – əmək icazələri, sertifikatlaşma, vizalar və s. Əgər bu prosesin gedişi zamanı Avropa İttifaqı qərb ölkələrini (əsasən, Almaniya, Fransa, İsveçrə, Hollandiya, Belçika, İrlandiya, İşveç) dilə tuta bilsə ki, onlar Şərqi Avropa ölkələrinin vətəndaşları üçün, xüsusən Britaniyadan getməyə məcbur olan əmək miqrantları üçün güzəştli əmək rejim tətbiq etsinlər, bu zaman Aİ Şərqdə bir neçə ciddi və vacib tərəfdaşlarına malik olacaq. Hətta əgər mərkəzdən qaçma tendensiyaları yaransa və Britaniyadan sonra bəzi Şərqi Avropa ölkələri Aİ-dən çıxmaq istəsə, bu ölkələrin vətəndaşları müvafiq referendumlarda “yox” deyəcəklər. Hazırda əmək miqrasiyası məsələsi Aİ-nin diqqət mərkəzində mütləq olmalıdır. Xüsusən də nəzərə almaq lazımdır ki, əgər iqtisadi inkişaf etmiş Şərqi Avropa ölkələrinin vətəndaşları üçün cəlbedici əmək bazarlarına malik olan Almaniya, Fransa, Skandinaviya ölkələri Suriya, Əfqanıstan kimi ölkələrdən qaçqınları qəbul etməyə hazırdır. Eyni zamanda digər məsələlər öz həllini tapsa (məsələn, mərkəzləşmiş qərar, qanun, inzibati normativ aktlar kimi məsələlərdə müəyyən liberallaşma), “Brexit”dən sonra Avropa İttifaqına təhlükə yoxdur.

Vahab Rzayev,

APA Analitik Mərkəzi