“İnsan olan vatanını satar mı?
Suyun içip ekmeğini yediniz.
Dünyada vatandan aziz şey var mı?
Beyler bu vatana nasıl kıydınız?”
(Nazim Hikmət)
Bir kişi küçədə gedəndə görür ölü aparırlar. Hamı kədərli sifətdə gedir, qara paltarda ağlaşırlar, ancaq ölü tabutun içində oturub siqaret çəkir, hərdən də yola tüpürür. Yolçu yaxınlaşır tabutdakı kişiyə, deyir:
– Qardaş, bu nə haqq-hesabdır? Burda nə baş verir? Səni niyə basdırırlar, axı sən dirisən?!
Tabutdakı deyir:
– Əşi, kimin vecinədir mən diriyəm?
Bu lətifəni niyə yazdım heç özüm də bilmirəm. Mənası varmı, yoxmu, bunun da bir mənası qalmayıbdır.
Misal üçün, bir telekanalizasiya var idi, Azərbaycanda müxalifətçilər hakimiyyətin təzyiqlərindən bezib Avropa Məhkəməsinə üz tutanda həmişə bunu tənqid edərdi. Deyirdilər, gərək vətənpərvər olaq, öz ayıblarımızı hətta olsa belə, xaricə, itin-qurdun qabağına çıxartmayaq.
Əslində bu fırıldaqçıların vətənpərvərliyi boğazdan yuxarı, beş qəpiklik idi, mən buna vətənpervert-lik adı qoymuşdum. “Pervert” – ingiliscə pozğun deməkdir. Uzun sözün qısası, ölkədə sap olmadıqları balta qalmadı, bir gün dövran nəsə tərs döndü və həmin baltalardan biri bunların özünü dibdən kəsdi, qoydu böyrü üstündə. Telekanalizasiyanı bağladılar, üstündən nuş(irəvan) elədilər.
Burdakı məhkəmələrdən əlac olmayandan sonra indi telekanalizasiya… Avropa Məhkəməsinə üz tutubdur, ora şikayət göndərib ki, bizi nahaq yerə bağlayıblar, arxivimizi isə heyvanat institutu ilan-çayanlara yem edir.
Bəs sizin vətənsevənliyiniz bura qədər idimi? İndi Con, Robert, nə bilim, Anjelika Firəngistanda baxıb deyəcək ki, vay-vay, Azərbaycanda söz azadlığı pozulur, gəlin bu hakimiyyətə qarşı nəsə pis bir qərar qayıraq. Belə şey olarmı? Vətənə bunu necə rəva gördünüz? Hökumətlə dövləti nə üçün qarışdırırsınız, hökumət gəldi-gedərdir, dövlət isə əbədidir axı?! Manat ölən kimi sizin vətənsevərliyiniz də öldü? Ayıb deyilmi?
Vallah, hələ hökumət yaxşı adamdır bunların nazıyla oynayır. Pinoçetdən-zaddan biri olsaydı indi bu dostlarımız makarona deşiyin necə açıldığını öyrənirdilər. Özü də hər deşiyi açmağa neçə İsveçrə saatı sərf olunduğunu test edərək.
Yazını Qubadan daimi oxucumuz Yusif Qrızlı-nın məktubu ilə bitirmək istəyirəm. Yusif bəy bu yaxınlarda ildönümünü yada saldığımız 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı maraqlı bir yanaşmanı yazıb göndəribdir. Məncə, bu faktlar xüsusən Azərbaycandakı etnoslar arasında süni düşmənçilik yaymaq istəyən erməni daşnaklarına yaxşı cavabdır: “Qrız kəndi, Cək, Əlik, Haput, Yergüc qrız dilli kəndlərdir, nəzərə çarpan dialekt fərqləri ilə seçilir, eyni soy-kökə malikdir. Həmin etnosların Quba və indiki Xaçmaz ərazisində çoxlu oba və kəndləri var, təxminən 45-50-ə yaxındır. Bizdə yanlış düşüncə var ki, erməni daşnaklar bolşeviklərin havadarlığı ilə, ancaq Azəri-Türk kəndlərini soyqırıma məruz qoyublar, başqa millətlərə, xalqlara, etnoslara toxunmayıblar. Bu heç də belə olmayıb, müsəlman əhlini ayrı-seçkilik etmədən faciələrə məruz qoyublar. Misal üçün, qrızlıların yaşadığı indiki Xaçmaz ərazisində olan Əhmədoba kəndini yandırıb yox ediblər. Təxminən 1 km aralıqda yandırılmış, Köhnə Əhmədoba kəndi deyilən ərazini yaşlı adamlar indi də xatırlayırlar. Qrızlıların yaşadığı Qarxanoba yandırılıb, yaşlı nəslin yaddaşında yanlız adı qalıb. Yergüc kəndində, Pirquluoba ərazisində və başqa kəndlərdə qırğınlar törədilib. Pirquluoba yaxınlığında erməni daşnakları ilə döyüşlərdə şəhid olmuş türk əsgərin məzarı bu yaxınlara qədər yaşlı nəsil tərəfindən xatırlanırdı.
Osmanlı ordusunun əsgər və zabitləri bizim bölgəmizdə canlarından keçərək indiki varlığımızı təmin ediblər. Bu tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq, türk əsgər və zabitlərinin şəhid olduqları ərazilərdə adlarını əbədiləşdirmək zamanın tələbidir. Xilaskarlarımıza şəhid olduqları yerlərdə qəbirüstü abidələr ucaltsaq, məktəblərə, küçələrə, parklara adlarını versək, daha yaxşı olmazmı?”