Uzun illər öncə, ali məktəbdən məzun olduğum ilk illərdə təyinatla şimal rayonlarından birində çalışırdım. İş gərəyi bir neçə kəndin camaatı ilə sıx ünsiyyətdə olurdum.
O kəndlərin içində ikisi xüsusilə, həm də bir-birinə paradoksal olaraq seçilirdi. Bu qonşu (aralarında 6-7 km məsafə olardı) kəndlərdən biri çay vadisində, o biri dağın ətəyindəki yamacda yerləşirdi.
Kəndlər bir-birindən həm öz təbiətinə görə, həm də camaatının təbiətinə, xasiyyətinə görə fərqlənirdi. Yamacdakı kənd yaşıllıqlar içindəydi, çay vadisindəki kənddə isə ağac-uğac çox deyildi.
Vadidəki kəndin camaatı olduqca baməzə, söz qoşan, itoynadan, lağ-lağı edən idilər. Dillərinə bir hadisə və ya töhmətlənəsi iş tutmuş adam düşdümü, gününü qara, özünü bezar edirdilər.
Yamacdakı kəndin sakinlərində bu xasiyyət yox idi, sadə, mülayim, zəhmətkeş adamlar idi, hər sözü söz etməzdilər, bir-birini sevən, görüşən gənclərin adını hallandırıb söz qoşmaz, “gəncdirlər, sevib-sevilən vaxtlarıdır” deyib ötüşdürərdilər.
Çay vadisindəki kəndin camaatı ilə dağ yamacındakı kəndin camaatının bir-birinə münasibətində açıq-gizli rişxənd atmosferi vardı, bir-birini bəyənmirdilər.
Vadidəki çayın gəncləri tez-tez deyirdilər ki, bizim cavanlar gedib Rusiyada işləyir, 3-4 ildən sonra “Jiquli” alıb gətirirlər, amma o birilər (adını deyirdilər) 3-4 ildən sonra kəndə yanı balalı arvadla gəlirlər.
Bu sözdə həqiqət vardı. Gerçəkdən də yamacdakı kənddən tez-tez bu cür soraqlar gəlirdi – alıb-aldatmalar, qoşulub qaçmalar, ifşa olunmuş ailəli aşiq-məşuqlar, ailə-məişət zəminində biabırçılıqlar və s.
Bir gün çay vadisindəki kənddə yaşayan bir ziyalıdan (o şəxs müəllim idi, şeir-filan da yazırdı) bir-birindən 6-7 kilometr aralıda yerləşən bu iki kəndin camaatı arasında nədən bu qədər fərq olduğunu soruşdum, dedim, niyə orda olan hadisələrdən sizin kənddə də olmur.
Müəllim-şair heç fikirləşmədən dedi ki, bizim kəndin adamları ictimai qınaqdan, el dilinə düşməkdən, rüsvay olmaqdan qorxub özlərini yığışdırır, nəfslərini saxlayırlar, bilirlər ki, adları kənddə pisə çıxsa, dükanın qabağında dura bilməyəcəklər, gərək burdan köçüb getsinlər.
Müəllim sözünə davam edərək, bildirdi ki, yoxsa bizim kənddə də tamahkar, bambılı adamlar var, sadəcə, onların özlərini göstərməsi üçün əlverişli mühit yoxdur. O, məhz belə dedi.
Sonradan diqqət etdim ki, müəllim düz deyir. Gerçəkdən də çay vadisində yerləşən kənddə yaşayan tanıdığım adamların içində pis niyyətlillər vardı, sadəcə, onlar öz coşqun fantaziyalarını öz kəndlərində yox, başqa şəhər və kəndlərdə realizə edirdilər.
Bu gerçəklikdir: öz yaxın qohumunu zorlamaq, gəlininə sataşmaq, qardaşı qızına pis gözlə baxmaq kimi rəzilliyə, rüsvayçılığa qol qoya biləcək adamlara bu ölkənin ən balaca kəndindən tutmuş ən iri şəhərlərinə qədər bütün yaşayış məntəqələrində rast gəlmək olar.
Əslində onlar bizim bildiyimizdən də çoxdurlar. Sadəcə, onlardan bir xeylisi ictimai qınaqdan, el töhmətindən, tanındığı yerlərdə rüsvay olmaqdan qorxaraq, özlərini yığışdırır, nəfslərini boğurlar.
Harada ki, bu cür adamlara dözümlü münasibət var, ictimai yerlərdə rastlaşdıqları adamlardan rişxəndli atmaca, kinayəli gülüş, açıq söyüş, ağır təhqir eşitmirlər, hamı onları görəndə özlərini heç nə olmamış kimi aparır, əmin olun ki, belə adamlar öz iyrənc kimliklərini utanmadan ortaya qoyacaqlar.
Bu baxımdan ictimai qınaq institutunu heç kəs xəfifə almasın. “Mən həyatımı öz bildiyim kimi yaşayıram, camaatın fikri vecimə deyil”, deyənlər nə qədər ictimai qınaq institutunu dağıtmağa çalışsalar da, əvvəl-axır onun iradəsi ilə hesablaşmalı olurlar.
Ona görə də öz yaxın qohumları ilə münasibətdə iyrənc seksual fantaziyalarını həyata keçirənlərə dair informasiyaların bloklanmasına, lokallaşdırılmasına yol vermək olmaz (belə təşəbbüslər var). Əksinə, bu informasiyalar yayılmalıdır, hər kəs bilməlidir, rüsvayçılığa yol vermiş adamları qınamalıdır, pisləməlidir. Ürəyində eyni iyrənc niyyətləri daşıyan yaramazlar da görməlidirlər ki, bu cür hərəkətlər edəndə həyat adama zindan olur, el arasına çıxa bilmir, yaşamaq ağırlaşır.
Ölkəni dağ yamacındakı kəndə dönməkdən xilas etməyin yolu ictimai qınaq institutunu işlək saxlamaqdır.