Azərbaycanın 9 idmançısı anti-dopinq qaydalarını pozub

2015-ci ildə Azərbaycan idmançıları tərəfindən anti-dopinq qaydalarının pozulmasına dair 9 hal aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) açıqladığı illik hesabatda bildirilir.

Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si kişi (5 ağırlıqqaldıran, 1 atlet, 1 güləşçi), 2-si isə qadındır (1 ağırlıqqaldıran, 1 atlet). Hesabatda anti-dopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletlərdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.

Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yerdədir.

loading...