Bizdə xasiyyətdir, gündəmə düşən mövzunu çeynəyib çürüyünü çıxarar, yüz cür lağlağı söhbətlər edərik, ancaq ciddi bir rəyə, ortaq məxrəcə gəlməmiş dağılışar, ertəsi gün başqa bir mövzu tapıb çürütməyə başlarıq.
Nə oldu, itən eşşəkləri tapdıqmı? Tapmadıq. Bu xüsusda nəsə bir hüquqi hərəkətin edilməsinə nail olduqmu? Olmadıq. Ən azı “əhalinin qida təhlükəsizliyinin təmin edilməsi” istiqamətində bir komissiya, araşdırma qrupu yaradıla bilərdimi? Bilərdi. Yaradıldımı? Yaradılmadı. İctimai müzakirələr iki günün içində bitdimi? Bitdi.
Bəs paytaxt əhalisinə yedirdilmək üçün şəhərə at və eşşək əti gətirilməsinin arası kəsildimi? Kəsilmədi. Şəhərin murdar və qeyri-ənənəvi ət məhsulları ilə təchiz edilməsi davam edirmi? Edir.
Söhbət budur. Elə gün olmur ki, şəhərə murdar mal-davar, eləcə də at-eşşək əti gətirilməsin.
Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli az qala hər gün redaksiyalara müvafiq məlumatlar göndərir. Hamısında da söhbət paytaxta gətirilən murdar ət məhsullarının aşkar olunmasından gedir.
Bu, hələ Yolçu Xanvəlinin iş yoldaşlarının tapdığı, tutduğu ət məhsullarıdır, güman ki, aysberqin üçdə ikisi suyun altında olduğu kimi, murdar ətlərin də üçdə ikisi görünməz yerlərdə şəhərə girir.
Əlbəttə, o ətləri gətirib topdan Balaxanı zibilliyinə atmırlar, bunun topdansatışı ilə məşğul olanlar varsa, pərakəndə satışı ilə də məşğul olanlar var.
O cür ətləri gətirənləri tuturlar, bildik, bəs o at-eşşək ətinin emalı ilə məşğul olanlardan kiminsə tutulduğunu eşitmişikmi? Eşitməmişik.
Sadəcə, bu kimi informasiyaları çox alan adamlar ət dönəri, lahmacun, pide, lüləkabab kimi çəkilmə ətdən hazırlanan qidaları yeməkdən imtina edirlər, vəssalam.
Neçə vaxtdır, fikir verirəm, toylarda lüləkabab masanın üzərində qalır, çox adam əl uzatmır. Hansısa restoranda oturanda ofisiant menyuda olan təamları saya-saya lüləkababa çatanda dörd nəfərdən biri mütləq soruşur: “Ət döymədir, yoxsa maşında çəkilmə?”. Əgər ikincidirsə, onda o təamdan imtina edilir. Çünki artıq maşında çəkilərkən həmin ət kütləsinə başqa at məhsullarının qarışdırılmadığına təminat, zəmanət yoxdur.
Deyirlər, o cür haram ətləri daha çox kolbasa sexlərinə verirlər. Buna şübhə edən varmı? Əlbəttə, murdar ətlər daha çox o sexlərə verilir. Çünki ətin kilosunun 11-12 manat olduğu vaxtda kolbasanın bir kiloqramının 5-6 manat olması məhsulun keyfiyyətinə şübhə yeri qoymur.
Biz supermarketlərdə təşər-təşər soruşuruq: “Kolbasanız halaldırmı”? Onlar da əminlik və qətiyyət dolu sifətlə deyirlər: “Bəli, halaldır. Dana ətindəndir. Donuz əti qarışığı yoxdur”.
Sanki kolbasada donuz əti olsa, məmulat haramdır, amma at və eşşək əti olsa, haram deyil, halaldır.
Bu kimi məhsulların keyfiyyətinə cavabdeh olan bir dövlət idarəsi də var: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi. Millətə haram kolbasa, murdar dönər, qarışıq lüləkabab yedirdilməsinin qarşısını bu komitənin işçiləri almalıdırlar. Alırlarmı? Almırlar. Bəlkə də alırlar, amma qarşısını yox, qarşılığını.
(Ola bilər, həmin komitə tamamilə ləğv olunub, müəllif bilmədən yazır. Köhnələrdə həftənin cümə günləri YAP-ın qərargahında brifinq-zad keçirərdilər, biz də ölkədə nə kimi nazirliklər, komitələr olduğunu bilərdik).
Bəs çıxış yolu nədir? Bir çox tədbirlər görülməlidir:
1. Kənddə-kəsəkdə eşşəkləri qorumaq, onları şübhəli məqsədlərlə ucuz almaq istəyənlərə satmamaq. Eşşəyi minəcəksənsə, saxla, minməyəcəksənsə, artırma.
2. Əlində, maşınında at-eşşək əti tutulmuş şəxsə şahidlərin gözü qabağında həmin ətdən hazırlanmış kabab, qovurma (küftə-bozbaş da olar) yedirtmək. Qoy ürəkləri ağızlarına gələnə qədər öyüyüb qussunlar.
3. Haram kolbasa istehsal edib xalqa satanların gözünə öz məhsullarını soxmaq (hal şahidlərinin yanında). Qoy görsünlər ki, adı kimi, zadı var.
4. “Halaldır, dana ətindəndir” deyən yalançı satıcılara “yalan deyən eşşəyin oğludur” deyə xəbərdarlıq etmək. Bu kəlmə onların bir çoxunun vicdanlarını oyadacaq, daha yalan danışmayacaqlar.
Qoy qalan preventiv tədbirləri də aidiyyatı orqanlar görsünlər və millət sırf bərbad qidalar üzündən xəstə düşməsin.