Serj Sərksiyanın seçkiöncəsi nigaranlığı, ora-bura vurnuxması əbəs deyilmiş. Qarabağdakı cinayətləri ilə hakimiyyət olimpinə yüksəlmiş erməni prezident 2 aprelin onun üçün asan keçməyəcəyini yaxşı bilirmiş. Budur, reallığı görmək üçün bütöv də yox, yarım gün bəs elədi.
Sərkisyan 2 aprel 2016-cı il sınağından, “4 günlük müharibə”də yad torpağında məhv etdirdiyi erməni gənclərə görə xalqın qəzəbindən qurtula bilmişdi. Özü də yeni təxribat ssenarisini işə salmaqla, “Sosna Tser” adlı silahlı bandanı təlimatlandırıb polis alayını ələ keçirməsinə, daha sonra bu hadisənin ətrafında gedişlər etməklə. Ancaq 2 aprel 2017-ci ilin sınağından çıxa biləcəkmi, demək çətindir.
Hakimiyyəti çox döşünə döyürdü. Amma seçki başlayan kimi məlum oldu ki, kameralar işləmir, ustaya ehtiyacı var. Bir az keçdi, daha böyük biabırçılıqlar oldu. Təsəvvür edin, ölkənin prezidentinin səs verdiyi paytaxt seçki məntəqəsindəki texniki qurğu Serj Sərksiyanın biometrik pasportuna baxıb “səni tanımıram” dedi. Əslində bu fakt Serjikin hakimiyyəti üçün öldürücü idi. Guya ki, bu, “ideal”, “nümunəvi” məntəqə idi, prezidentin, digər rəsmi şəxslərin səs verəcəyi ünvan kimi “xüsusi” hazırlanıbmış. Amma azı 7 cəhddən sonra aparatın “yadına düşüb” ki, Sərksiyan onun ölkəsinin prezidentidir (Bəlkə də aparat Sərksiyanın Azərbaycan vətəndaşı olduğunu “yadda saxlayıbmış”).
Ölkə parlamentinin sədri Qalust Saakyan da seçki məntəqəsində çətin situasiya ilə üzləşib. Belə ki, qeydiyyat aparatı onun barmağındakı işarəni qeydə almayıb. Onu da birtəhər yola verdikdən sonra keçmiş prezident Levon Ter-Petrosyan gəlib, əllərindəki 10 barmağın onunu da tanıma aparatının “göz”ünə soxub, ancaq nə fayda?
Ölkənin ən təcrübəli siyasətçisi, aparıcı seçki bokunun lideri bu zaman əla deyib: “Bu, kənd təsərrüfatı işi deyil”. Əslində bu mesaj Serj Sərkisyan hakimiyyətinə ünvanlanıb. Demək istəyib ki, Serjik, bölgəni də fəlakətə düçar etdiyin bəsdir, hakimiyyəti təhvil ver, get, qoyununu otar!
Sərkisyan isə kütləvi saxtakarlıqlar nəticəsində “ədalətli” seçki keçirib Respublikaçılar Partiyasının hakimiyyətini uzadacağını, gələn ilin aprelində prezident kürsüsündən baş nazir kürsüsünə tullanacağını, beləcə həm Qarabağdakı cinayətlərinə görə beynəlxalq məhkəmədə, həm də 2008-ci ildə Ermənistanda məhv etdirdiyi insanlara görə İrəvanda müttəhimlər kürsüsündə oturmaq təhlükəsindən xilas olacağını zənn edir.
Erməni prezident son vaxtlar çox vurnuxdu. Avropaya getdi, “sizin yanınızdayıq, Şərq Tərəfdaşlığı proqramında əməkdaşlığı davam etdirməyə, yekun sənədi imzalamağa hazırıq” dedi. Daha sonra Putin Moskvaya çağırdı, necə təpindisə, ayrı havanı çaldı. Avropada Rusiyanı Azərbaycana silah satmasına görə şantaj edən Sərksiyan Moskvada lal dinməz oldu, hətta “təhlükəsizliyinin qarantına” minnətdarlıq etdi.
Ancaq Moskva Serj Sərkisyanın satqın olmasının çox şahidi olub, keçən ilin aprelində Putini Merkelə satanda da. Odur ki, Kremlin öz sədaqətli adamı ilə bağlı proses başlatdığını İrəvanda da bilməmiş deyillər.
Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın əvvəlcə ABŞ-dakı villasında olduğu deyilsə də, seçki günü onun səsi Moskvadan gəldi. Ancaq çoxdan proseslərdən kənarda dayanan eks-prezidentin təkcə səsi yox, həm də özü İrəvana gəlməyə qərar verib. Maraqlıdır ki, ofisindən deyiblər Köçəryan İrəvana 2 aprel saat 20.30-da enəcək. Yəni səsvermə məntəqələri bağlanandan 30 dəqiqə sonra. Təsadüfdürmü? Bəlkə Robert Moskvadan aldığı təlimata uyğun olaraq seçkisonrakı prosesləri idarə etməyə, başlanacaq üsyanın başında dayanmağa gəlir?
Ermənistanı “parlamentli respublikaya” keçirdiyini bəyan edən Sərkisyan ölkədə elə bir parlament qurmaq istəyir ki, gələn il onu alqışlarla ən yüksək posta gətirsin. Müxalifət isə bu planı qətiyyətlə rədd edir. Təkcə ona görə yox ki, Sərksiyan qaldıqca erməni gənclərin Azərbaycan torpağında məhvi dayanmayacaq, ermənilər öz ölkələrində də məhv olurlar. Hər şey nəticələrin elanından sonra bəlli olacaq. Müxalifət seçkinin nəticələrini çətin ki, tanısın. Nə olsun ki, hakimiyyət ölkədə 2,5 milyon seçici olduğunu iddia edir. Erməni seçicinin bir arqumenti saxtakarlığı ifşa edir: “Belə çıxır ki, bizim ailəmiz 250 faiz artıb”.
Görək erməni xalqı aparatın tanımadığı Sərkisyanın “qələbəsini” tanıyacaqmı? Yaxud elə beynəlxalq təşkilatlar… Gözləyək.