Загрузка...

Karakasın qara qışı – Venesuela örnəyi böhran astanasında olan ölkələrə dərs ola bilər

Cənubi Amerikanın şimalında yerləşən Venesuelanın paytaxtı Karakasda ortalıq yenə qarışıb.

Ona görə “yenə” ki, son 8 ildə bu ölkədə ortalığın sakit olduğu dövr olmayıb.

Bu ölkədə baş verənlər haqda öz ölkəmizin mediasında gedən xəbər başlıqlarına nəzər yetirək:

Venesuelada etiraz aksiyaları: 3 ölü (2009);

Venesuela müxalifəti seçkilərin yenidən keçirilməsini tələb edir (2013);

Venesuelada qarşıdurmalar zamanı 7 adam öldürülüb (2013);

Venesuelada hökumətə qarşı etiraz aksiyası (2014);

Venesuelada Maduronun getməsi üçün imza toplanacaq (2016);

Venesuelada fövqəladə vəziyyət elan edildi (2016).
Yaxşı, bəs bu ölkənin dərdi nədir ki, əhali illərdir sakitləşmir, küçələrdən yığılmır?

Dünyanın hər tərəfində insanları kütləvi aksiyaya çıxaran,çıxmağa vadar edən səbəblər nədirsə, Venesuelada da xalqı küçələrə tökən eyni səbəblərdir.

Kasıbçılıq, korrupsiya, maddi nemətlərin ölkə əhalisi arasında düzgün bölünməməsi, haqsızlıq, ədalətsizlik, idarə edənlərə inamsızlıq və s. Budur səbəblər.

Onu da qeyd edək ki, dünyada Venesuela qədər vətəndaş müharibəsi, üsyanlar, hakimiyyət çevrilişləri yaşayan ikinci ölkə yoxdur.

Bu ölkənin xalqı üsyana, etiraza meyllidir, amma uzun illərdir ki, Çaves-Maduro güruhuna qalib gələ bilmir.

Keşmiş prezident Uqo Çaves xərçəng xəstəliyindən ölənə qədər ölkəni təkəlli idarə etdi.
O, xarizmatik lider idi, seçkilərdə xalqdan kifayət qədər səs alırdı. Ancaq Çaves dövləti idarə etməyin Kastro variantını seçmişdi, işi-gücü “Amerika imperializmi” ilə savaşmaq idi.

Çaves ölkə iqtisadiyyatının idarə ediməsində sağlam bazar iqtisadiyyatı prinsiplərini tətbiq etmək, zəngin neft ölkəsi olan Venesuelanı bir tərəfə çıxarmaq əvəzinə cürbəcür avantürist islahatatlar aparır, hər dəfə də uğursuzluğa düçar olurdu.

Xalq etirazları Çavesin dövründə də baş qaldırırdı. Hətta neftin qiymətinin dünya bazrında yüksək olduğu, ölkəyə kifayət qədər xarici valyuta gəldiyi dövrlərdə də Venesuela xalqı dincəlmirdi.

Bu, ondan irəli gəlirdi ki, neftin xeyrini bir ovuc adam görürdü. Ölkə müxalifəti, sağlam düşünən iqtisadçılar isə neft erasının bitməsindən sonra Venesulanın dərin böhrana girəcəyini bildirir, xəbərdarlıq edirdilər.

İndi həmn vaxt yetişib. Ölkə dərin iqtisadi böhran içindədir. Üstəlik, Venesuelada kəskin siyasi böhran hökm sürür: ölkə prezidenti ilə ölkə parlamenti arasında barışmaz münaqişə var.
Prezidentin parlamenti buraxmaq barədə qərarı onsuz da qarışıq olan Karakası bir az da qarışdırıb.

Bu il ölkədə inflyasiyanın səviyyəsinin yüzdə 1600 olacağı proqnozlaşdırılır.Ölkədə dərman preparatları,ərzaq çatışmır.Kütləvi işsizlik hökm sürür. Siyasi qüvvələr arasında qütbləşmə, düşmənçilik hökm sürür.
Bir sözlə, ölkə növbəti, səkkizinci vətəndaş müharibəsi təhlükəsi qarşısındadır. Prezident Maduro isə dirəşib, nə ölkəni idarə edə bilir, nə də hakimiyyətdən əl çəkir.

Bu saat Venesuealda yay fəslidir, amma Karakasda sanki qara qış ab-havası var. Əsl qara qış isə qabaqdadır.

Bu, ibrətlik bir mənzərədir. Həm neftlə zəngin olan, ancaq neftdən asılı olmayan iqtisadiyyat qura bilməmiş ölkələr, həm də prezidentə parlamenti buraxmaq hüququ verən ölkələr Venesuelanın durumuna baxaraq, indidən başlarına çarə qılmağı düşünməlidirlər.
Bir daha sübut olunur ki, heç bir zəngin təbii sərvət, bol resurslar elmi əsaslar üzərində qurulmayan iqtisadiyyatın yerini verə bilməz.

Elə ölkələr var, heç bir düz-əməlli təbii resursu yoxdur, ancaq iqtisadi inkişafın zirvəsindədir.

Bundan ötrü onlar əllərindəki hər bir imkandan maksimum istifadə ediblər, ölkənin ziyalılar potensialından, insan resursundan lazımınca yararlanıblar. Bir ovuc torpağı ilə dünyanın dörd bir yanına kənd təsərrüfatı məhsulları satan ölkələr var.
Məsələn, İsrail səhralıq ərazilərindən, Hollandiya isə göllərin altında qalan torpağından milyardlar qazanır.

Bəs Venesuelanın gününə düşməmək üçün nə etmək lazımdır?

Ölkənin bütün resurslarını, elmi potensialını, ziyalılar kəsimini səfərbər etmək, çıxış yollarına dair ictimai debatlar keçirmək, ən ümdəsi ağıllı mülahizələri qəbul edərək, effektiv antiböhran proqramı hazırlamaq lazımdır. Aydın məqsəd və ciddi həvəs olandan sonra bu, çətin bir şey deyil.