Azərbaycanla Rusiya arasında iqtisadi tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına dair iki ölkə liderlərinin müəyyən etdiyi vəzifəyə uyğun olaraq son illər Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələri də genişlənir. Bu çərçivədə Azərbaycanın Dağıstan respublikası ilə qarşılıqlı investisiyalara, kənd təsərrüfatı məhsullarının ixracına, turizmin inkişafına və digər sahələrə yönəlmiş intensiv tərəfdaşlıq münasibətlərinin xüsusi önəmi var. Çünki Azərbaycanla Dağıstanı bir-birinə təkcə qonşuluq və ümumi sərhədlər deyil, güclü tarixi-mədəni köklər bağlayır.
Virtualaz.org xatırladır ki, ötən ilin mayında Azərbaycanda ilk dəfə Dağıstan Günləri keçirilib. Dağıstan rəhbəri Ramazan Abdulatipov Azərbaycanda iki dəfə səfərdə olub. Bu səfər zamanı Dağıstanla Azərbaycan arasındakı qarşılıqlı iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələrin müzakirə olunduğu işgüzar forum da keçirilmişdi. Azərbaycanda Dağıstan Günlərindən bir gün əvvəl-2016-cı il mayın 11-də isə Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin heykəlinin açılışı mərasimi oldu və bu iki tədbirin ard-arda baş tutması Azərbaycanla Dağıstan arasında tarixi bağları simvolizə edirdi.
Və prezident İlham Əliyev ötən il Ramazan Abdulatipovu yubileyi münasibətilə və Azərbaycanla Dağıstan arasında dostluq-qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə ali dövlət mükafatı-“Dostluq” ordeni ilə təltiv etdi. Prezident həmin ordeni Abdulatipvun ötən ilin dekabrında Bakıya növbəti səfəri zamanı ona təqdim etdi.
Qeyd etmək lazımdır ki, Dağıstan strateji həmiyətli nəqliyyat kommunikasiyalarının üzərində yerləşməsi, logistika imkanları baxımından Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarına çıxarılması üçün əlverişli platsdarmı rolunu oynaya bilər. Bu baxımdan Azərbaycan son illər Dağıstanla ikitərəfli işüzar münasibətlərə xüsusi önəm verir. Dağıstan üçün isə Azərbaycan ekoloji təmiz məhsulların ixracı üçün sərfəli bazardır. Ötən il Dağıstan rəhbərinin Azərbaycana səfəri zamanı ikitərəfli iqtisadi tərəfdaşlığın əsas prioritetləri müəyyən edilmişdi və indi həmin prioritetlər üzrə bəzi konkret nəticələr haqda danışmaq mümkündür.
Belə ki, Ramazan Abdulatipovun Dağıstanın onun hüdudlarından kənarda, o cümlədən qonşu və qardaş Azərbaycanda populyarlaşmasına yönəlmiş tapşırqları əsasında Bakıda ilk dəfə “Dağıstan evi” fəaliyyətə başlayır. Bu layihə Dağıstan respublikasının Azərbaycandakı Nümayəndəliyinin bilavasitə iştirakı ilə həyata keçirilir. “Dağıstan Evi” Bakının Nərimanov rayonunda yerləşən məşhur “Çin restoranı”nın əsasında yaradılıb və indi həmin restoran “New Dagestan” (bu brend haqda daha sonra) adlanır.
Lakin layihəyə əsasən “Dağıstan evi” təkcə Azərbaycan və Dağıstan mətbəxinin ən ləziz yeməklərinin təqdim olunduğu restoran olmayacaq. Bu, eyni zamanda Dağıstanla Azərbaycan arasında qarşılıqlı ticarət-iqtisadi tərəfdaşlığın inkişafına dair işgüzar müzakirələr aparmaq, görüşlər təşkil etmək üçün nəzərdə tutulan məkandır.
Dağıstan Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marat Askenderov virtualaz.orgsaytının əməkdaşı ilə söhbətində deyib ki, həmin məkanda eyni zamanda Dağıstana aid mədəni tədbirlərin təşkil olunması, o cümlədən dağıstan və azərbaycan xalqlarının ortaq mədəni dəyərlərinin, hər iki xalq üçün dəyərli olan şəxsiyyətlərin təbliğinə, onların xatirəsinə hərs olunmuş müxtəlif tədbirlər də nəzərdə tutulur. Növbəti mərhələdə “New Dagestan” kompleksinə Dağıstanın ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışının təşkil olunacağı mağazanın da daxil edilməsi planlaşdırılıb.
Başqa sözlə, məkan Dağıstanın “bir parçası” olacaq və gözlənilir ki, tezliklə Bakı sakinləri, işgüzar dairələr arasında məşhurlaşacaq. Restoranda ziyafətlər, müxtəlif mədəni tədbirlər təşkil etmək üçün 120-130 nəfərlik böyük zal, 50 nəfərlik kiçik zal və kabinetlər mövcuddur. Buraya baş çəkənlər dağıstan və azərbaycan xalqlarının canlı musiqi nümunələrini dinləyə, Qafqaz xalqlarının unikal yeməklərindən dada, müasir Dağıstan barədə videoroliklərə tamaşa edə bilərlər.
Bu məkanın “New Dagestan” brendi altında fəaliyyət göstərməsi ideyası təsadüfi deyil.Dağıstan məhsullarının Azərbaycana və digər xarici bazarlara ixracı üçün nəzərdə tutulan “New Dagestan” brendi 2013-cü ildə Ramazan Abdulatipovun rəhbərliyi altında hazırlanıb və qısa müddət ərzində xeyli populyarlıq qazanıb. (http://mkala.mk.ru/articles/2015/11/24/zeynulla-gurbanov-imenno-takoy-masshtabnyy-proekt-zadumal-ramazan-abdulatipov-govorya-o-brende-novyy-dagestan.html) . Qeyd edək ki, “New Dagestan” brendinin dizaynı Rusiyanın nüfuzlu reklam-kommunikasiya şirkəti “Soldis Commnucation Group” tərəfindən hazırlanıb.
Bu, Dağıstan məhsullarının xarici bazarlara çxarılması üçün marketinq terminologiyası ilə desək, çətir brendidir. Hansı ki, Azərbaycan rəhbərliyi tərəfindən də ötən il ölkədən qeyri-neft məhsullarının xarci bazarlara ixracını genişləndirmək üçün bu cür çətin brendi-“Made in Azerbaijan”ı yaratmaq barədə qərar verilib.
Bakıda “New Dagestan” brendi altında fəaliyyət göstərəcək həmin məkanın dizaynı da bu brendin rəngləri əsasında tərtib edilib. “Biz gözləyirik və buna ümid edirik ki, “New Dagestan” restoran-evi təkcə xalqlarımızın zəngin mətbəxinin ən ləziz yeməklərinin təqdim olunduğu iaşə müəssisəsi kimi deyil, bütövlükdə Dağıstanın Azərbaycandakı kiçik bir güşəsi olaraq Bakı sakinlərinin sevimli məkanlarından birinə çevriləcək. Bu məkanı yaratmaqda məqsədimiz Azərbaycanla Dağıstan arasında iqtisadi-ticarət əlaqələrini daha da genişləndirmək, qardaşlıq münasibətlərini daha da dərinləşdirmək barədə iki respublikanın liderlərinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verməkdir”,-cənab Askenderov bildirib.
Nümayəndəlikdən onu da deyiblər ki, “New Dagestan” restoran-evinin rəsmi açılışı yaxın vaxtlarda nəzərdə tutulur. Gözlənilir ki, mərasimdə Dağıstanın və Azərbaycanın hökumət rəsmiləri, diplomatik korpusun nümayədələri, işgüzar dairələrin təmsilçiləri də iştirak edəcək.
Lakin rəsmi açılışı gözləmədən də Bakı sakinləri və paytaxtımızın qonaqları elə bu gün ailə üzvləri, dostları ilə birlikdə New Dagestan restoran-evinə baş çəkə, dağıstan və azərbaycan xalqının canlı ifa olunan milli musiqi nümunələrinin sədaları altında öz vaxtlarını xoş keçirə bilərlər.
Virtualaz.org