İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq.
Axşam.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq.
O, festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.
Festival zamanı sakinləri çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr də gözləyir.
Festival iştirakçılarının (sahibkarların) xüsusi “Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.
Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək Bakıda ilk dəfə keçiriləcək sözügedən festivalın əsas məqsədi ölkədə turizmlə yanaşı, sahibkarlığın inkişafına dəstək olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.