Əslində bu gün başqa “zibillər”dən yazmaq istəyirdim, torpaqlarımızda at oynadanlardan. Amma işə gələrkən küləkli havada qarşımda uçuşan kağız qırıntıları, yolboyu asfalt üstə diyirlənən siqaret kötükləri, “tornadosayağı” dövrə vuran sellafon torbaları görəndə fikrimi dəyişdim, Bakının zibilliklərindən yazmağı qərarlaşdırdım. Hər gün bizi “müşayiət” edən zibil(lik)lər də bizim adımıza yazılan ayıbdır…
İstənilən birimiz xarici ölkəyə gedəndə ordakı düzənə də diqqət edirik. Deməli, eynilə bizim məmləkətdəki durum da əcnəbilərin nəzər-diqqətində olur. Məsələn, turist görəndə ki, biz azərbaycanlılar küçədə gedəndə addımbaşı tüpürürük, heyrətlənir. Daha keçib, yazacağam: bir dəfə yolda ani olaraq diqqətimi çəkdi ki, irəlidə gedən kişi dönüb arxadakından üzr istədi. Məlum oldu ki, həmin bu qalstuklu zat ətrafa tüpürüb və külək onun tüpürcəyini gələnin üst-başına yaxıb. Elementar qaydalara əməl etmirik, meşədə, cəngəllikdə yox, inkişaf etmiş ölkədə, onun paytaxtında olduğumuzu unuduruq.
Oxucu deyə bilər ki, nəyi qoyub, nəyi axtarırsan, gecə saat 12-dən sonra gəl, bizim binanın arxasında dayan, gör yuxarıdan zibil torbalarını aşağı necə vıyıldadırlar. Bəli, bunlar da faktdır, edən də bizlərik. Bakı təkcə bulvardan ibarət deyil ki, ancaq orda təmizliyə riayət edək.
Düzdür, bir çox yerlərdə zibil qabları ilə bağlı da problemlər var, hələ ki, paytaxtın əhalisinə adekvat deyil bunlar. Ancaq insafən, əvvəlki dövrə baxanda xeyli iş görülüb. Ancaq adam əlindəkini zibilqabına yox, ətrafına tullayanda yəni anlamırmı ki, bu, antisanitariya deməkdir, ya onu kimsə gəlib yığışdırmalı, süpürməli olacaq?
Bazar günü Masallıda məskunlaşan 30 yaşlı şuşalı xanımı avtomobil vurub öldürüb. Rayonun İsgəndərli-Ərkivan yolunu süpürürmüş. Belə faciələr çoxalıb, süpürgəçilər artıq risk qrupuna daxil olub! Ancaq onların ölümündə təkcə sürücülər yox, elə yeri zibilləyən hər birimiz suçludur.
Aprelin 3-dən Gürcüstan paytaxtında yerə zibil atanlar cərimələnəcək. Düzdür, bu qanun qonşu ölkədə çoxdan var, hətta mən bir səfərimdə onun səfər yoldaşıma qarşı “icrasının” (80 lari) şahidi olmuşam. Amma gələn aydan Tiflis küçələrinə xüsusi müfəttişlər – “Tbilservisqrup” nəzarət xidmətin nümayəndələri çıxarılacaq.
Vaxtaşırı televiziyada, yazılı mediada, internet resurslarında “yerə zibil atmayın, çünki buranı ana təmizləyir” çağırışlarına rast gəlirik. Amma nə fayda? Zibilləməyi az qala şakərinə çevirənlər üçün oranı süpürən ananın dəyərimi var?
Marşrut sürücüləri bütün qadağalara, xəbərdarlıq və cərimələrə, üstəlik “qaynar xətt”ə rəğmən salonda siqaret çəkməkdə davam edirlər. Sürücü salonu tüstüdə boğur, kötüyü də küçəyə tullayır. Elə qucağında körpəsini tutan ata da siqareti sümürüb tüstünü balasının gözlərinə doldurur. Öz balasına xətir qoymayan küçəninmi qeydinə qalcaq? Belələri üçün siqaret tüstüsü məşhur filmdə deyildiyi kimi, “ən təbii məhsul”dur.
Bəlkə cərimələri artırmalı? Bizdə də ötən il Milli Məclisin qərarı ilə cərimələr yenidən sərtləşdirildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.
Ancaq nə olsun, vəziyyət dəyişməyib, küləkli şəhərdə zibillərin “uçuşu” davam edir. Deməli, yalnız cərimə problemi həll etmir. Baxın, qadağan olunmuş ərazilərdən keçən piyadalar 20 manat cərimələnir və artıq yüz minlərlə cərimələnən var, amma yenə də piyada ölümləri azalmır. İnsanlar öz canının qədrini bilmirsə, cərimə onları islah etməyəcək.
Məsələn, Gürcüstanda aprel ayında iki həftə ərzində müfəttişlər Tiflis əhalisini məlumatlandıracaqlar, izahat işləri aparılacaq ki, şəhəri zibilləmək olmaz. Təbii ki, cərimələri də xatırladacaqlar. Bundan sonra qaydalara əməl etməyənlər isə “özündən küsəcək”. Bizdə də buna bənzər tədbirlərə ehtiyac var.
Hardansa oxumuşam ki, Sinqapurda yerə zibil atan şəxs 600 dollar cərimə olunur. Özü də bu ölkədə 2004-cü ilədək 12 il ərzində saqqızın satışı rəsmən qadağan olunubmuş – bəzi xuliqanlar onu çeynədikdən sonra hara gəldi yapışdırdığına görə.
Bakıda yəqin az olmayıb ayaqqabınızın altına yapışan saqqızı qopartmağa çalışmışınız. Mən hətta teatrda (!), mədəniyyət ocağında kresloya saqqız yapışdırılmasını görmüşəm! Bəlkə biz də saqqızı qadağan etməkdən başlayaq…