Ukrayna və Rusiya arasında Krım və Donbasa görə yaşanan gərginlik daha da artıb. Hətta bu gərginlik“Eurovision” musiqi yarışmasına sirayət edib – rəsmi Kiyev Rusiya təmsilçisini bu ilin mayında Ukraynada keçiriləcək musiqi yarışmasına buraxmamaq qərarına gəlib. Səbəb müğənni qızın ilhaq edilən Krıma qanunsuz səfər eləməsi ilə bağlıdır.
Düz də edib. Ukraynanın ağrı-acısını kim başa düşməsə də biz çox yaxşı anlayırıq. Belə də olmalıdır: Kremlinbeynəlxalq hüquqa meydan oxuyan ilhaq-işğal siyasətinəharda mümkünsə, orda da layiqli təpki göstərilməlidir.İşğalçı hər yerdə öz adı ilə çağırılmalı, ona hər adımda işğalçı olduğu xatırlanmalı, öz işğalçılıq hərəkətinə daim peşman edilməlidir. Zatən, dünyada işğalçılığa, işğalçı ölkələrə hamı dözümsüzlük göstərsəydi, işğal da olmazdı…
Hərgah, Moskvanın məsələyə cavab reaksiyası da gecikməyib: Rusiya qərar verib ki, builki “Eurovision” yarışması onun ərazisində yayımlanmasın. İndi son söz təşkilat komitəsinindir. O, kimin tərəfini tutacaq: beynəlxalq qanunlara məhəl qoymayan, lakin öz ərazisində musiqi yarışmasını yaymaq öhdəliyi götürən Rusiyanın, yoxsa sırf beynəlxalq hüquqa söykənən Ukraynanın?
Maraqlıdır ki, “Eurovision”l bağlı qalmaqal yaşandığı günlərdə Kiyevdə Rusiya Dumasının keçmiş deputatı, siyasi fikirlərinə görə ölkəsindən qaçaraq Ukraynaya sığınmış və barəsində Moskva tərəfindən beynəlxalq axtarış elan edilmiş Denis Voronenkov qətlə yetirilib. Xarkovda isə ölkənin ən böyük silah-sursat anbarı partladılıb.
Ukrayna prezidenti Petro Poroşenko deputatın qətlinidərhal Rusiyanın əli ilə törədilmiş terror aktı adlandırıb.Xarkovdakı insident isə təxribat hesab edilib. Rəsmi Moskva təbii ki, bu iddiaları rədd edib. Ancaq yaxın tarixin statistikası belə faktlarla doludur. İş ondadır ki, Rusiya həqiqətən özünə sərf etməyən siyasi xadimləri həm ölkə daxilində (Boris Nemtsov, Cövhər Dudayev vəs.), həm də xaricdə (Boris Beryozovski, Aleksandr Litvinenko və s.) terrorla aradan götürmək, başqa ölkə ərazisində bu qəbildən digər təxribatlar törətməktəcrübəsinə malikdir.
Keçmiş deputat-siyasətçi Voronenkovun isə aktiv şəkildə Kreml və Yanukoviçin korrupsiya əlaqələri ilə əlaqədar Kiyev polisi ilə əməkdaşlıq etdiyi, Putin hakimiyyətinin ən zəif yerlərini, maliyyə axınlarını gözəl bildiyi deyilir. Yəni rus xəfiyyəsinin əli versiyası kifayət qədər güclüdür.
Bu yerdə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heylinin az öncə səsləndirdiyi bir fikri qəribçiliyə salmağa dəymir. Xanım demişdi ki, Rusiyaya heç vaxt inanmaq olmaz. Ukrayna timsalında buna asanca əminlik hasil etmək olar: bu, o Rusiyadır ki, 1995-ci ildə ABŞ, Fransa və Böyük Britaniya ilə birgə imzaladığı Budapeşt sənədi ilə nüvəsiz dövlət olmasının əvəzində Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yazılı təminat vermişdi. Həmin təminatın ömrü cəmi 19 il – Krım 2014-cü ildə zorla Rusiyaya birləşdirilənədək çəkdi. Doğurdan da, Rusiyaya necə inanmaq olar, əgər bu dövlət hətta atdığı imzaya hörmət qoymursa?..
Əfsus ki, Ukraynanın dərd ortağı Azərbaycanın bəxtinə də belə bir qorxulu dövlətlə qonşu olmaq qisməti düşüb. Nə yazıq ki, Kreml Ukrayna kimi bizə qarşı da illərdir ikili standart siyasəti yürüdür. Götürək, Lapşinməsələsini. Moskva rəsmiləri Azərbaycana qarşı qanunsuz hərəkətlərə, konkret cinayət əməlinə yol vermiş bu yəhudi bloggerin ilk gündən müdafiəsinə qalxıblar.
Yaxşı ki, rəsmi Bakı və Minsk prinsipiallıq göstərdi. Amma Lapşin Azərbaycana ekstradisiya ediləndən dərhal sonra Rusiyanın ölkəmizdəki səfirliyi bir an belə onu diqqətdən uzaq saxlamır. Səfirlik əməkdaşları vaxtaşırı təcridxanada ona baş çəkirlər. Sonuncu dəfə Novruz ərəfəsində bunu ediblər. Sanki Lapşin Rusiyanın himayə etdiyi böyük bir siyasi xadim, yaxud siyasi dustaqmış.
Amma 4 ildir Xankəndi həbsxanasında qanunsuz şəkildə saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərov Rusiyanın, İrəvandakı Rusiya səfirliyinin yadına düşmür. Görəsən niyə? Ona görə ki, Dilqəm rus deyil, azərbaycanlıdır? Xristian, yəhudi yox, müsəlmandır?
Gerçəkdən də Rusiyanın səmimiliyinə necə inanmaq olar?Ümumiyyətlə, imperiya iddiaları ilə yaşayan bir dövlətəinanmaq mümkünmü? Ən azı, son yüz ildə Azərbaycanın, o sırada Cümhuriyyətimizin başına gələnlər bizə pıçıldayır ki – ƏSLA! Yox…