Bayram günlərində sırf zərurət üzündən şəhər mərkəzini, ticarət mərkəzlərini dolaşarkən, hər addımda turistlər gördüm. Az qala qabağıma çıxanların hər iki nəfərindən biri əcnəbilər idi.
Bəlkə də onların sayı daha çox idi, amma sakitcə yanından ötüb gedənlərin, yaxud da mağazalarda dinib-danışmadan vitrinlərə baxanların əcnəbi olduğunu hardan biləsən.
Danışıqlarını eşitdiklərimin isə İrandan, ərəb ölkələrindən gəldiklərini təxmin etmək çətin deyildi.
Hələ ərəbləri, hindistanlıları, pakistanlıları, qazaxları, özbəkləri göz, burun, dodaq quruluşlarına, saç və dəri rənglərinə görə ayırd etmək mümkündür, bəs Arazın o tayından gələnləri necə seçəsən? Bizdən fərqləri bir ləhcələridir, bir də arada farsca danışmaları.
Bir sözlə, bayram günlərində Bakı əməlli-başlı turist axını ilə üzləşmişdi. Ən çox da İrandan gələnlər idi.
İri ticarət mərkəzlərində şıdırğı alver gedirdi. Əcnəbilər bol-bol bazarlıq edirdilər. Bu xüsusda söhbət etdyim satıcılar çox məmnun idilər, deyirdilər, turistləri alış-veriş mərkəzinə dəstə-dəstə gətirirlər və onlar burada bəyəndikləri malların qiymətinin necəliyinə baxmayaraq, hər şey alırlar.
Belə çıxır ki, biz avropalı, amerikalı turistləri ölkəmizə ürəyimiz istəyən qədər cəlb edə bilməsək də, turist çatışmazlığını Şərq ölkələrinin hesabına kompensasiya edə bilmişik.
Əslində bir ölkə üçün turistin şərqlisinin, qərblisinin, şimallısının, cənublusunun fərqi yoxdur və ola bilməz.
Əsas məsələ ölkəni, onun paytaxtını turistlər üçün cazibədar etməkdir.
Bu gün təkcə öz qitəsində yüzlərlə gözəl, asudə və rahat şəhərlər görmüş avropalı turist üçün Bakı o qədər də cazibədar olmaya bilər, amma Bakı şərqlilərə və cənublulara cazibədar görünürsə və onlar bura axışırlarsa, nə əla. Onlar (xüsusilə də İran türkləri) özlərini Bakıda ona görə rahat hiss edirlər ki, dil baryeri yoxdur.
Demək, bu istiqaməti gücləndirmək, əcnəbi turistləri daha kütləvi şəkildə cəlb etmək üçün potensiyal və təmayül var.
Avropa ölkələrindəki daxili turizm haqqında bir neçə dəfə də yazmışıq. Bir mətləbi təkrar yazmaqda fayda var.
Baltik dənizinin sahilində yerləşən Stokholmdan hər axşam Tallinə, Riqaya, Turkuya (Finlandiya) və digər Baltikyanı iri şəhərlərə okean laynerləri yola düşür. Bu 9 mərtəbəli gəmilər təkcə sərnişindaşıma xidməti göstərmir, əsasən turistləri daşıyır.
Gəmilərin içində alış-veriş mərkəzlərindən tutmuş əyləncə məkanlarına qədər hər şey var. Təxminən 3 min nəfəri daşıyan gəmi bütün gecəni mənzil başına yol gedir, çatır, düşən düşür, minən minir və bütün gecəni əylənmiş, alış-veriş etmiş sərnişinlər yenidən istirahət edə-edə geriyə qayıdırlar.
İsveçlilər və finlandiyalılar, eləcə də latışlar, estonlar bu turizm növüylə ölkə büdcəsinə hər ay milyonlar qazandırırlar, üstəlik, insanların səmərəli istirahətini təşkil edirlər.
Xəzər hövzəsində yerləşən ölkələr də eyni turizm xidmətini yarada və genişləndirə bilərlər. Bundan ötrü ilk növbədə təşəbbüskarlıq göstərmək, bürokratik əngəlləri aradan qaldırmaq lazımdır.
Bu iş Avropada ona görə uğurlu alınır ki, qoca qitədə yerləşən dövlətlər bir-birinə münasibətdə xainlik, paxıllıq etmirlər və qarşılıqlı səmərənin, çoxtərəfli əməkdaşlığın nə dərəcədə mənfəətli olduğunu bilirlər. Onlar bunu çoxdan anlayıblar.
Nə yazıq ki, Şərq dövlətləri bir-birilə açıq-gizli düşmənçilik münasibətindədir, bir-birinə şübhə ilə yanaşırlar.
Uzun sözün kəsəsi, biz uzun müddət avropalı, qərbli turisti gözləyə-gözləyə qaldıq, ancaq qismətimizə öz coğrafiyamızın turistləri düşdü.
Ona görə də onlara xor baxmaq lazım deyil.
Sosial şəbəkədə, peşəkar mediada yazılan qeydlərdən belə anlaşılır ki, bəzi ölkələrdən gələn turistlərə qarşı bir bəyənməzlik tendensiyası var.
Ona qalsa biz də öz dərimizin rəngi ilə, ağız-burun quruluşumuzla Avropada yabançıyıq, amma bu qədər gedib-gələnərimiz Avropa şəhərlərində hər hansı bir diskriminasiya, xorgörmə halları ilə qarşılaşmırlar.
Avropalılar anlayır ki, biz öz səfərimizlə, səyahətimizlə, Avropadakı mövcudluğumuzla onların ölkələrinə pul qazandırır, iqtisadiyyatlarını inkişaf etdiririk.
Bizim də bunu ellikcə anlamağımız lazımdır.
Turistlərin ölkəmizə gətirdiyi və burada xərclədiyi pulların hansı büdcəyə və ciblərə getdiyi isə bir az başqa söhbətdir.