5 min eşşəyin itməkliyi məsələsinin 3 gündən bəri ölkəmizin ictimai-siyasi gündəmində yer almasının bir neçə ciddi səbəbi var. Qeyri-ciddi səbəblər də olmamış deyil.
Ən ümdəsi odur ki, ortada qida məsələsi var. Biz mədəmizə düşkün camaatıq, haqlı olaraq quşqulanırıq ki, həmin o 5 min eşşəyin 90 faizi heç də öz əcəli ölüb qurda-quşa yem olmayıb, yediyimiz dönərlərin, lüləkababların, kolbasaların tərkibinə qatılıb – ən azı inqridyent kimi.
Əslində hələ sovet dönəmində kolbasa məhsullarının tərkibində eşşək ətinin istifadəsinə icazə verilirdi. İcazə də yox, bu kolbasanın vazkeçilməzi idi. Yoxsa umulan dadı almaq mümkün deyilmiş. Kolbasa məhsullarının tərkibi haqqında təlimatda eşşək ətindən istifadə haqqında qeydləri özüm oxumuşam, amma kolbasanın tərkibində neçə faiz eşşək əti olmalıdır, bunu unutmuşam. Hər halda yarıbayarı deyildi, hətta heç 25 faiz də deyildi, ola bilər 10 faizdən də aşağıydı. Yəni dad-tam üçün.
Bəzən deyirlər ki, kim bilir, bəlkə eşşək əti də yeməli şeydir. Dədə-babalarımızın tarixi təcrübəsi, bir də yemək-içməyinə fikir verən bəzi heyvanların davranışları deyir ki, yox, elə deyil.
Güman ki, qədim dövrlərdə xroniki aclıqlar çəkən əcdadlarımız eşşək ətinin dadına da baxıblar və görüblər ki, bunu yeyib, qarınağrısına düşüb, ölməkdənsə, yeməyib salamat qalmaq yaxşıdır.
Eşşək ətinin adamda işləmə-qusma yaratdığını yəqin ki, çox adam bilmir. “Evdə bişməyib, qonşudan gəlməyib”, hardan biləcəklər.
Amma hələ sovet dövründə bizim kənddən 3-4 briqadir və sürücü Horadiz stansiyasındakı pavilyonların birində nahar edərkən başlarına belə bir iş gəlib. Tərifli dolması ilə ad çıxaran pavilyonda əyləşən kəndçilərimiz dolmanı yeməyə başlayanda briqadirlərin biri bişmiş ətin rənginin qırmızılığına diqqət edərək deyib, deyəsən, bu eşşək ətidir. Adam baməzə sözləri ilə ad çıxardığından ona fikir verən olmayıb. Özü də iştahla yeyib. Dolmanın dadında çox da fərq yoxmuş. 1-2 saatdan sonra məlum olub ki, dördünün də ürəyi bulanır və hamısının qarnı ağrıyır. Qatıq, ayran, iynə-dərman, birtəhər özlərinə gəliblər. Sonradan onlar pavilyon işlədənin boynuna qoyublar ki, həmin gün ətə “başqa ət” də qatıbmış.
Bax, bu üzdəndir ki, biz onsuz da yaman gündə olan qida rasionumuzun bir az da bərbad olmasından narahatıq. Belə getsə, toyda-nişanda, küçədə-bayırda, kafedə-restoranda ət xörəyinə əl uzatmaz hala gələcəyik. Hamıdan şübhələnəcəyik. Bu isə şizofreniyanın bir addımlığı deməkdir.
Eşşək mövzusuna həssaslığımızın başqa səbəbləri də var. Bu, müti, zəhmətkeş, eyni zamanda istedadsız və kütbeyin heyvan lap qədimlərdən məişətimizə, folklorumuza daxil olub. Eşşəklə bağlı zərbül-məsəllər, lətifələr, atalar sözləri çoxdur, çoxunu bilirsiniz. Bilmədiklərinizi də son günlər sosial şəbəkədə paylaşırlar.
Ancaq bizim zonada çox unikal bir zərbül-məsəl var. Birinin varlı-hallı, eyni zamanda təkəbbürlü olduğuna işarəylə belə deyirlər: “Filankəs də özünü elə aparır, elə bil, qırx eşşəyi sağına gəlir”.
1-2 ay qabaq BBC radiosunun saytında oxuduğum bir materialdan öyrəndim ki, “qırx eşşəyi sağına gələn adam”ın təkəbbürlü olmaq lüksü varmış. Belə ki, eşşək südündən hazırlanmış pendir dünyanın ən bahalı pendiridir və qiyməti bizim pulla 1890 manatdır.
İndi hesablayın, qırx eşşəyin südündən gündə ikicə kilo pendir almaq mümkündürsə, bu ayda 55 min manatdan çox gəlir deməkdir. 40 sağmal eşşəkdən ildə yuvarlaq hesabla 20 milyon manat pul qazanmaq olar. Hələ görün 100 eşşəkli təsərrüfat nə qədər qazanar.
Qoy oliqarxlarımız yerli eşşəklərin qədrini bilsinlər, eşşəkləri bir araya toplayıb fermalar düzəltsinlər və eşşək pendirini dünya bazarına çıxarıb milyonlar qazansınlar.
Odur, Serbiyada elə edirlər. “The İndependent” qəzeti yazır ki, dünyada eşşək pendirinin yeganə istehsalçısı Slobodan Simicin ferması Serbiyanın paytaxtı Belqraddan 50 kilometr məsafədəki Zasavitsa rayonunda yerləşir.
Qoy biri də bizdə olsun, Hacıqabul tərəflərdə o qədər boş dərələr, yataqlar var ki, aç fermanı, yığ eşşəyi bir dərəyə, qoy ağnaya-ağnaya, anqıra-anqıra süd versinlər.
Sizi inandırıram ki, əgər qabağa düşən adam bu işdən ildə 1-2 milyon qazansa, ertəsi il ölkənin dörd bir yanını eşşək fermaları basacaq. Bunu 200 metrlik bir küçədə yeddi dönərxana, səkkiz market, beş “şərab evi” görən adam kimi deyirəm.
Eşşək fermaları yaradılsa, canımız bir müddət lüləkababın, kolbasanın, dönərin içində eşşək əti yeməkdən qurtular. Amma müvəqqəti. Qocalan, süd verməyən, qısır qalan eşşəkləri bir gün yenə də kəsib bazarlayacaqlar.
Belə anlaşılır ki, eşşəklərdən qurtuluş yoxdur.