Aprel seçkisi: Ermənistanı nə gözləyir?

Aprelin 2-də Ermənistanda olduqca vacib parlament seçkisi keçiriləcək. Bu seçkinin vacibliyi ondadır ki, 2015-ci ilin deklabrın 6-da baş tutan referendumla ölkənin idarəçilik sistemi dəyişdirilərək, tam parlament respublikasına keçilmişdi. Bundan sonra Ermənistan prezidentini 7 il müddətinə parlament seçəcək. Prezident isə öz növbəsində, seçkidə qalib gələn partiya və ya blokun namizədini baş nazir təyin edəcək. Başqa sözlə, Ermənistan parlamenti hansı qüvvənin nəzarətində olacaqsa, ölkəni faktiki olaraq həmin qüvvə yönəldəcək.

Yeniliklər bununla bitmir. Bundan sonra Ermənistanda silahlı qüvvələr prezidentə yox, hökumətə tabe olacaq, müharibə şəraitində Ali Baş Komandan səlahiyyətlərini baş nazir həyata keçirəcək. Yəni 2 aprel seçkisindən sonra Ermənistan yeni qaydalarla idarə olunmağa başlayacaq. Ona görə, seçkilər ərəfəsində ehtirasların bu qədər qızışması heç də təsadüfi deyil.

Hazırda əsas sual heç də o deyil ki, seçkidə kim qalib gələcək. Əsas sual budur: ikinci tur olacaqmı və koalisiya kimlərin arasında yaradılacaq? Keçirilən sorğular göstərir ki, heç bir partiyanın təkbaşına hökuməti formalaşdırmaq üçün tələb olunan 50% səsi toplamaq imkanı yoxdur. Bu halda əgər 6 gün ərzində koalisiya yaradılmasa, seçkinin ikinci turuna gediləcək.

Hazırda keçirilən sorğuların nəticələri kəskin fərqlənir. ABŞ-ın Gallup institutunun fevralda keçirdiyi sorğuya görə, Tsarukyanın bloku favorit idi. Mart ayında isə hakim Respublikaçılar Partiyası 29,4 % faiz səslə birinci, Tsarukyanın bloku 28,2% faizlə ikinci yerdə elan olundu.
Rusiyanın dövlət qurumlarına bağlı olan ВЦИОМ mərkəzinin nəticələri isə tamam fərqlidir: birinci yerdə 26% səslə Tsarukyan bloku, ikinci yerdə isə 19% səslə hakim Respublikaçılar partiyası gəlir. 19 faiz – indiki vəziyyətdə həddindən artıq kiçik rəqəm olmaqla, görünür, həm də bir növ rəsmi Moskvanın Sarkisyana xəbərdarlığıdır. Başqa sözlə, istisna deyil ki, Sarkisyan ABŞ ilə razılaşa bildiyi üçün, “Gallap” onun partiyasının reytinqini yuxarı qaldırıb, amma Rusiya hələ ki Sarkisyandan narazıdır. Və əgər martın 14-də Sarqsyanın Moskvaya səfərindən sonra Rusiyanın sorğu mərkəzi onun partiyasının reytinqinin 19 faiz olduğunu göstərirsə, bu, Ermənistanın indiki prezidentinə yaxşı heç nə vəd etmir.

Belə bir vəziyyətdə Sarkisyan seçkilərdə nəticəni öz xeyrinə dəyişmək üçün inzibati metodlardan və rəqiblərinə təzyiqlərdən geniş şəkildə istifadə edir. Martın 14-də “Ohanyan-Raffi-Oskanyan” blokunun 3 üzvü – Akop, Məlik və Araik Melkonyanlar biri soyuq, digəri odlu silahla yaralanmış, üçüncüsü isə qolu sınmış halda xəstəxanaya yerləşdirilib. Onlara hücum edənlər Respublikaçılar Partiyasının tərəfdarları olublar. Lakin polis “məişət hadisəsi” adı ilə olayın siyasi mahiyyətini ört-basdır etdi. Maraqlıdır ki, güclü müxalifət blokunun eyni zamanda 3 üzvünü xəstəxanalıq edən məişət hadisəsi görəsən, nə ola bilərdi?

Martın 22-də isə “Ohanyan-Raffi-Oskanyan” blokunun başqa bir üzvü, Qarabağdakı cinayətkar qurumun keçmiş qondarma “müdafiə naziri” Samvel Babayan Ermənistana “İqla” Zenit-Raket Kompleksi keçirmək iddiası ilə iki aylığa həbs edildi. Maraqlıdır, Babayan Zenit-Raket Kompleksi ilə nə edəcəkmiş? Əgər onun hakimiyyətə qarşı terror törətmək məqsədi varsa, niyə daha ciddi maddə ilə cinayət işi açmayıblar? Razılaşın ki, Zenit-Raket-Kompleksi və “qanunsuz silah saxlamaq” maddələri o qədər də düz gəlmirlər.

Əslində bu həbsin siyasi motivli olduğuna heç bir şübhə yoxdur. Görünür, Sarkisyan hakimiyyəti hazırda “Ohanyan-Raffi-Oskanyan” blokunu daha təhlükəli rəqib kimi gördüyündən, əsas təzyiqləri də məhz ona yönəldir. Bu blokun liderləri – Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyət mətbəxinin daxilinə çox yaxşı bələd olan şəxslərdir. Üstəlik, Oskanyanın əlaqələri onları xarici dəstəklə, Seyran Ohanyan faktoru “Qarabağ klanı”nın rəğbəti ilə, Raffi Ovannisyanın partiyası isə elektoratla təmin edir. Ona görə də, istisna deyil ki, Tsraukyan bloku və “Daşnaksütün” ilə koalisiya variantını nəzərdə saxlayan Sarkisyan təzyiqlərlə məhz “Ohanyan-Raffi-Oskanyan” blokunu zərərsizləşdirməyə çalışır.

Eyni zamanda, seçkinin nəticələrini saxtalaşdırmaq üçün inzibati mexanizm də tam gücü ilə işə salınıb. Ermənistanda 84 məktəb və 30 uşaq bağçasının direktorları etiraf ediblər ki, Respublikaçılara səs verməyə hazır olan potensial seçicilərin siyahısını tutaraq, hakim partiyanın yerli qərargahına göndəriblər. Görünür, həmin şəxslər pula, yaxud başqa nəyəsə görə səslərini indidən satmağa razılaşıblar. Əlbəttə, təzyiq variantı da istisna deyil. Amma şübhəsiz ki, görünməyən tərəflər də az deyil. Hələ xəstəxanalar, həbsxanalar, qəbiristanlıqlar qalır. Axı, əvvəlki seçkilərdən də məlum olduğu kimi, Ermənistanda ölülər də səs verməyi çox yaxşı bacarırlar.

Vüsal Məmmədov
AzVision.az