“Acgöz”lərin yüngül cəzası

Son yüz ilin, ən yeni tarixin təcrübəsi göstərir ki, insanlar avtortar idarəçiliyə dözürlər, lap ən sərt diktaturaya da təhəmmül edirlər, amma ədalətsizliyə dözmürlər.

Stalinin amansızlıqlarla dolu dövrünü öyənlərin sevimli bir ifadəsi vardı, tez-tez deyirdilər, o vaxt dövlət, xalq qarşısında təqsiri olan heç kəsin gözünün yaşına baxmırdılar, oğurluq edən kolxoz gözətçisini də tuturdular, naziri də, heç kəsə güzəşt yox idi.

Bəlkə də o rejimin möhkəmliyi bu güzəştsiz qəddarlıqda olub, repressiya siyasəti yürüdənlər heç kəsə güzəşt və ayrı-seçkilik etməyiblər, hətta çox vaxt özləri də o güzəştsiz amansızlığın qurbanı olublar.

Ümumilikdə götürsək, xalq, sıravi adamlar hər zaman onu istəyirlər ki, eybi yox, qoy hökumət sərt olsun, təqsirkarları sərt cəzalandırsın, amma böyük vəzifəliləri, arxası, dayağı olanları azadlığa buraxıb, yetim-yesiri həbs etməsin.

Nə yazıq ki, ədalət heç də həmişə zəfər çalmır, hətta əksinə olur, çox zaman sərvət və mənsəbin gücünə yenilir.

Budur, son əfv fərmanıyla 400-dən artıq şəxs azadlığa buraxılıb, bəzilərinin cəzaları yüngülləşdirilib, ancaq bunlar bir tərəfədir, ağır cinayətlər törədən bir neçə nəfərin cəzalarını tam çəkmədən azad edilməsi başqa tərəfədir.

Onların törətdiyi cinayət əməlləri ilə müqayisədə qat-qat yüngül cinayət maddəsi ilə mühakimə edilən və məhkum olunan şəxslər həbsxanada qaldıqları halda heç bir bəraəti olmayan cinayətlər törətmiş şəxslər azadlığa çıxdılar.

Məsələn, bahalı maşınıyla sırf kef və şövq üçün, mərcə girərək, sürət yarışına çıxan və bir ailənin məhv olmasına səbəb olan Xalid Mədətov adlı şəxs (keçmiş yüksək mənsəbli məmurun oğlu) bu saat evindədir, küçədə ona sataşan adama plastik su qabı ilə müqavimət göstərməyə çalışan jurnalist isə içəridə.

Bir o deyl. Milyonlarla manat həcmində dövlət pulunun mənimsənilməsində, ayrı-ayrı bahalı layihələrin smeta dəyəri üçün ayrılmış külli miqdarda vəsaitin talanmasında təqsirli bilinərək həbs edilmiş şəxslər də çox yüngül cəzalarla canlarını qurtarır, sonra hansısa yollarla azadlığa qovuşurlar.

Penitensiar xidmət müəssisələrinin içərisinə yaxından bələd olanlar şəhadət verirlər ki, bu cür “burjuy”-dustaqların günü heç içəridə də pis keçmir, lüks otaqlarda bəy kefində, kalori və komfort bolluğunda yaşayırlar, cəmiyyətdən qısa müddətə təcrid olunur, daha sonra azadlığa çıxaraq, lüks həyatlarına qaldıqları yerdən davam edirlər.

Bəs onların yarıda qırdıqları ömürlər, dağıtdıqları xalq sərvəti necə olur? Heç necə. Birincilər yalnız ən yaxn adamlarının xatirələrində qalır, ikincilər isə hökm verənlər, tale həll edənlər arasında bölünür, həzm-rabedən keçirilir.

Son vaxtlar məhkəmə zalından azadlığa buraxılan, eləcə də məhkəmə zalında həbsə alınmayan, cəzaçəkmə müəssisəsinə göndərilməyən “burjuy”ların sayı artıb.

Bu cür faktları “Beynəlxalq Bank işi”ndə də gördük, ”Rabitə işi”ndə də, “MTN işi”ndə də görməkdəyik.

Bu gedişlə hazırda qalmaqallı məhkəmə proseslərində barələrində ağır cəza hökmləri çıxarılan şəxslər də bir neçə ildən sonra azadlıqda olacaqlar.

Sovet vaxtı olsa, o adamlara külli miqdarda dövlət əmlakını mənimsədiklərinə görə güllələmə cəzası kəsərdilər. Necə ki, 1969-cu ilin avqust plenumundan sonra bir neçə şəxsə, qulluq mövqeyindən istifadə edərək, şəxsi sərvət toplamaq zəminində törətdikləri dövləti cinayətlərə görə güllələmə cəzası kəsmişdilər.

İndi güllələmə və ömürlük həbs kimi ağır cinayətlər o yana dursun, bəzi keçmiş yüksək mənsbli məmurları həbs də etmirlər, eləcə cərimələyir, yığdıqları milyonların cüzi bir hissəsini əllərindən alıb dövlət büdcəsinə keçirirlər, iş bitir.

Bu, heç bir halda başqa sərvəttoplayanlara çəkindirici təsir göstərmir. Onlar əmindirlər ki, bu adamlar ehtiyatlı olmadıqları və ya çox irəli getdikləri üçün “ilişiblər”, bir az “gözütox” olsaydılar, başlarına bu iş gəlməzdi.

Odur ki, ölkə “göztütox” məmur-oliqarxlarla dolub-daşır.