Milli rok-n-roll

Martın 18-də tanınmış amerikalı müğənni, rok-n-roll musiqi janrının atalarından sayılan Çak Berri ABŞ-ın Missuri ştatındakı evində 90 yaşında öldü. Biz azərbaycanlılar üçün rok-n-roll populyar musiqi janrı sayılmaz. Bizim öz “yellənmək” ritmlərimiz vardır, misal üçün, “Maral, maral”, “Aynadan gözəl”, “Əjdər əmi” kimi mahnılar. Zövqlər müxtəlifdir klişesindən çıxış edərək hansının daha yaxşı olmasını deməkdən uzağam, hərçənd, “Maral, maral”ı bayaq o siyahıya necə yazdım heç bilmirəm. Günahımı əfv edin, bayram günüdür, hamı bir-birini bağışlamalıdır. Bəs rəhmətlik Çak Berriyə diqqətimin səbəbi nədir? Yazım, bilin. Çox qandondurucu, şok, əsməcəli səbəbi vardır.

Burda bir haşiyə çıxım və sevimli oxuculara Azərbaycan ədəbiyyatının resenziya janrı haqda fikirlərimi çatdırım. Mən bizim şair-mairlərin əsərlərindən min dəfə çox onlara yazılan şərhləri oxumağı sevirəm. Bu sahədə bəzən elə şedevrlər yaranır ki, Əbdürrəhim bəy Haqverdiyevin məşhur qəhrəmanı, teatr tənqidçisi Mirzə Mahmud oxusa həsəd aparar. Mən o resenziyalardan bəzi şablonları seçmişəm, indi sizə də oxuyum, elə Əbdürrəhim bəy demişkən, “ləzzət aparın”.

Misal üçün, şairin və yazıçının guya maraqlı yazmasını bizim tənqidçilər necə ifadə edir? Bah-bah… Əla bir şeydir: “Birnəfəsə oxudum”. Yaxud, yazıçının həmişə eyni axmaq şeyləri cızmaqara eləməsini ona necə çatdırasan? “Filankəs müəllim öz üslubuna sadiqdir”. Şedevrdir. Bəlkə əlli resenziyada oxumuşam. “Öz sənətinin vurğunu”, “səmimi yazıçı”, “lakonik təsvirlər ustası”, canım sənə desin, “ənənələrə sadiq”, “oxucunu arxasıyca aparan” – bunların da hərəsinin ədəbi tənqidimizin şablonlar şkafında öz yeri vardır. Keks qabı kimi bir şeydirlər, istənilən kitabın xəmirinə uyurlar. Doldur, qoy bişsin. Ancaq ən sevdiklərimdən biri “Müəllif yazılarının üstündə əsmişdir”dir. Adamın gözü önündə mənzərə canlanır!

Qayıdaq rəhmətlik Çak Berri temasına. Sözgəlişi, onu da qeyd edim ki, totalitar sovet rejimi xarici musiqilərə “kapitalist təbliğatı”, “əxlaqsız musiqi” yarlıkları yapışdırmış və onları qadağan eləmişdi, camaat oğurluq, orda-burda birtəhər dünya musiqisinin yeniliklərini əldə edirdi. Misal üçün, “Bitlz” qrupunun, Elvis Preslinin, “Rollinq Stounz”un və başqalarının mahnılarını sovet adamları indiki nəslin ağlına gəlməyəcək pirat və gizli üsulla dinləyirdilər: xəstəxanalarda rentgen şəkilləri çıxarılan və atılan plyonkalarda mahnı çap edilirdi! Kimsə həmin plyonkaların vinili pis-yaxşı əvəz etdiyini kəşf eləyibmiş. Təsəvvür edin, patefonda əldəqayırma val dinləyirsən və onun üstündə kiminsə sümüklərinin şəkli var. 1950-60-cı illərin gəncliyi o “disklərə” elə “qabırğa disklər” deyirdilər. Viktor Tsoyun bir mahnısında həmin dövr belə təsvir olunub: “Başqasının diafraqma şəklindən çıxarılmış rok-n-roll musiqisinə, Ürəyini verməyə hazır idin”.

Uzun sözün qısası, Çak Berri haqda son xəbərdə mənim diqqətimi çəkən detal polis idi. Yazılmışdı ki, müğənninin ölümünü Sent-Çarlz dairəsi polisi özünün facebook səhifəsində, yerli vaxtla filan saatda camaata çatdırmışdır.

Eynilə bizim hüquq-mühafizə orqanları… Onlar da daim sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər. Sadəcə, yüngülvari fərq vardır: bizimkilər pis xəbərləri çatdıranları izləyib tuturlar. Hökumətin xoşuna gəlməyən nəsə yaz, dərhal biləcəklər. Həmin adam “Sent-Çarlz dairəsində” olsa, bu zaman da Biləsuvarda yaşayan qardaşı uşaqlarını tutursan.Fərqi nədir, sosial şəbəkəni, internetin imkanlarını hansı məqsədlə istifadə edirsən? Çak Berrinin ölüm xəbərini çatdırmağa nə var, hünərin var “çak berrilərin” yaranması, necə deyərlər, “olum xəbərlərini” çatdırmağa imkan vermə.

Əsas odur yeniliklərə açıq olasan.