“Mart gözünə barmağım,
Yaza çıxdı oğlağım”
(Azərbaycan ata sözü)
Qəzetdə oxudum ki, Yeni Zelandiyada bir çaya insan hüquqları verilibdir. Yerli qəbilə o çayı müqəddəs sayırmış. İndi çayı xüsusi mühafizə edən adamlar ayrılıbdır. Fikirləşdim bizdə də insanlara çay hüququ verilibdir – harda istəsən qabağını kəs, suyunu sıx, canını al. Eyni zamanda, insanlarımıza respublikadan axıb getmək hüququ verilmişdir. Təbii, hamıya yox. Bəzi zəhmətkeşlərimiz, xüsusən də müxalif təbəqəyə aid olanlar bu qapalı həbsxanada qalmağa məhkumdur, onları sərhəddən buraxmırlar.
Nəticədə absurd mənzərələr yaranır. Misal üçün, ölkədən çıxışına qadağa qoyulan adamlardan biri jurnalist Xədicə İsmayıldır. Dünən Ali Məhkəmə də bu qadağanı qüvvədə saxlayıb. Halbuki, Xədicə xanım az qala günaşırı hansısa beynəlxalq tədbirə internet üzərindən qoşulub sözünü deyir, hökuməti tənqid edir. Daha bunu fiziki olaraq ölkədə “həbs etməyin” anlamı nədir? Yaxud, bloqçu Mehman Hüseynov türmədə oxumaq üçün iranlı yazıçı Səhər Delicani-nin “Cakaranda ağacının uşaqları” kitabını istəyib, türmə rəhbərliyisə kitabı içəri aparmağı qadağan edib. Guya kitabda nəsə qadağan olunmuş temalar vardır. Bəs işin gülünc tərəfi nədir? Söhbət ondadır ki, bu kitabı elə Xədicə İsmayıl həbsdə olarkən tərcümə edibdir! Zindanın içində tərcümə edilmiş kitabı təzədən zindana buraxmamağa nə ad qoyasan?
İndi mart ayıdır, Yer kürəsinin mülayim qurşaq ərazilərində ilin ən yaxşı vaxtlarından biridir. Yaz gəlir. Ancaq uca millətimiz kasıbçılıq, min cür problemlər üzündən bu cür gözəl fəsilə, arıların uçuşduğu, çiçəklərin açıldığı, havaların isindiyi təbiət möcüzəsinə “Mart gəldi, dərd gəldi” münasibətini göstərir. Axırda isə “Mart çıxdı, dərd çıxdı” deyərək nöqtəni qoyacağıq. Qozun ləpəsi 30 manatadırsa, yazıq vətəndaş nə etsin? Onun marta münasibəti elə həyat uğrunda savaş motivləri üzərində, dərd, azar, “bayram oldu heç bilmirəm neyləyim, bizim evdə axta zoğal da yoxdur” ağlaşmaları, yuğlamaları üzərində qurulmalıdır. Bəlkə də qədim romalılar marta savaş tanrıları Marsın adını verəndə elə bizim kimilərin bu ay gələndə canıyla əlləşməyini nəzərdə tutmuşdur, necə deyərlər, uzaqgörənlik etmişdir.
Hərçənd, guya ilin o biri aylarında xoşbəxt oluruq? Yox. Hansı mövsümə baxsan işimiz çətindir. Yanvarı “qara” kimi möhürləmişik, ilin qara girməkdən başqa çarəsi yoxdur. Fevral boz aydır, faciəsi də məlumdur. Martı yazdıq. Hələ bu ayda azərbaycanlıların soyqırıma məruz qalmaları da var. Apreldə Kəlbəcəri itirmişik, maydakı, yay aylarındakı pis günləri də saydıqca bitməz. Bu nə həyatdır biz yaşayırıq, bu necə təqvimdir? Buna nəsə əncam çəkmək lazımdır. Ayıbdır. Yazdan, Günəşdən ayıbdır.
İlk növbədə həftənin günlərinə əl gəzdirməliyik. Bunlara adı kim qoyubsa, öncədən bizi qara günlü eləyibdir. Özünüz baxın: həftənin 7 günündən 2-si bizdə axşamdan ibarətdir. Absurd olsa da belədir. Çərşənbə axşamı, cümə axşamı. Axşam adında da gün olar? Təsəvvür elə, hansısa ingilisə, fransıza belə cümlə deyirsən: “Çərşənbə axşamının axşamı bizə qonaq gəl”. Nə bilim, cümə axşamı axşam filan zad oldu. Adamlar elə bilər onları ələ salırıq. Həftənin iki gününü qabaqcadan qaranlıq elan edən xalq qalan beş gündə çatdırıb nəsə eləməlidir ki, dünya camaatından geri qalmasın. Üstəlik, onların da biri “duz” günüdür, yəni ağırdır, o biri isə bazara düşür.
“İti öldürənə sürüdərlər” el misalımızdan çıxış edərək günlərin adlarını dəyişmək üçün variantlarımı yazıram. Qoy çərşənbə axşamı kosa günü, cümə axşamı da keçəl günü adlandırılsın. Çox fikirləşib başımızı ağrıtmağın mənası yoxdur.
Əsas bunlardır. Elə ki bunları düzəltdik, hətta Qarabağ geri qayıdacaq. Əslində rəsmi təbliğatdan mən belə başa düşürəm ki, Qarabağ da çoxdan bizim əlimizdədir, sadəcə, hökumət təqvimdə normal gün tapmır camaata bu mühüm hadisəni elan etsin. Bəs necə, kim istəyər qələbə bazara düşsün?