Hadisə sənə yaxın çevrədə baş veribsə, yəni şəxsi fikirlərin yazacaqlarında yer ala bilərsə sadəcə quru xəbəri verib çəkiləcəksən. Onu şərh etməyəcəksən. Münasibət bildirməyəcəksən. Susub prosesi müşahidə eləyəcəksən. Baxacaqsan deyilənlərə. Dayanacaqsan səni yerindən oynadan faciənin təsirinə və sakitləşəcəksən yavaş-yavaş. Çünki emosional, əsəbi, aqressiv durumda bütün reaksiyalar, yəni yazacaqların və deyəcəklərin qeyri-səmimi, vicdansız, ədalətsiz və insafsız yanaşma olacaq. Həm də suçlamalarla dolu olacaq içi…
Jurnalist xarakteri və psixologiyasına dair haradasa oxuduqlarımdandır bu.
Jurnalist, yazar Mövludun ölümündə xanımını suçlayan dostları müşahidə eləyəndə ilk ağlıma gələn fikirlər oldu bunlar. İki nəfər arasında yaşananlar haqda az qala orda olmuş kimi danışmağı qəbul eləyə bilmədim.
Mövlud gənc olsa da media camiyəsində yer qazana bilmişdi. Təbii ki, yaşamaq istəsəydi mütləq daha uğurlu nəticələri olacaqdı. İstəmədi! Beləcə onun ölümü mənim ən yaxınımdakı hadisə oldu. Hamı sarsıldı. Mövlud öldü. Daha doğrusu on yeddinci mərtəbədən özünü atıb intihar elədi. Bir dostumuz dedi ki, əslində Mövlud o hündürlükdən hamının yerinə atladı, amma bircə özü ölə bildi. Ağır yanaşmadır. Həm də həqiqətə xeyli yaxındır. İstedadlı gənc olduğunu düşünəndə adamın dözməyə səbri çatmır. Bu da qəribə hisdir. İnsanlar səbirin elə mərhələsindədirlər ki, ikicə yol görürlər. İçib yavaş-yavaş ölmək, ya da içib intihar eləmək. Hər halda indi xeyli adam belə düşünür. Bu cəmiyyət üçün çox təhlükəli tendensiyadır. İnsanların, fikir adamlarının bu yolu tutmasının günahkarı isə təkcə özləri deyil. Cəmiyyət, mühit kimi cavabdehlər var. Bir də onları anlamayan əziz adamları, ailələri var. Mövludda olduğu kimi. Bu gəncin ölümünün şəxsi həyatla bağlı tərəfləri mövcuddur. Ancaq bu o qədər özəl məqamdır ki, məsələnin kökünü bilsək belə müdaxilə eləmək etik deyil. O üzdən bu faciənin ictimai tərəfini danışaq.
Azərbaycanda böyük bir nəsil formalaşıb. İstedadı, bacarığı, savadı var, di gəl özünə yer tapa bilmir heç yanda. Həmişə narazıdır, mübarizə əzmi yox səviyyəsindədir. Ya özünü dahi hesab eləyir, hamıya minnət qoyur, zirvəyə gedən yolun heç bir mərhələsi və əziyyətlərindən keçmək istəmir, elə birbaşa kürsüyə buraxılmağını tələb eləyir, ya da sadəcə içki və normal olmayan həyat tərzi keçirir. Bu gənclərin çoxunu aramızdan elə içki, dözümsüzlük aparır. Mövludda müşahidə elədiyim qədərilə belə hallar yox deyildi. O həm də sadə və məsum biri uşağı xatırladırdı. İstədiyini anladır, yalvarıb ağlayır ancaq insanlar onu anlamır ki, anlamır.
Ailəsi tərəfindən dəyər verilməməsi isə xüsusilə dəhşətlidir. Yazar olan birinə heç kəsin vura bilməyəcəyi ən böyük zərbədir dəyər verməmək, görməzdən gəlmək. Ailə dəyərindən söz düşmüşkən bu yaxınlarda dünyasını dəyişən çox məhşur bir psixoloqun anası o intihar edəndən sonra bir cümlə işlədir. Deyir ki, oğlum sıradan bir psixoloq idi axı niyə intihar eləyib, anlamadım?!.. Məclisdəkilərdən biri də qayıdır ki, elə buna görə…
Ana cavabı yenə də anlamır. Adam sözünə davam edib. Ay xanım, bir ana bütün ölkədə tanınan övladının kim olduğunu bilmir, ona sıradan adam deyirsə, onun övladınin intihar eləməkdən başqa çıxış yolu olmamalıydı. Yəni deməm o ki, sevdiklərinizin kim olduğunu zamanında anlayın! Bunu onlara hamıdan qabaq siz deyin. Çünki bizim ölkədə insanlar maddi ehtiyacdan daha çox sevgisizlikdən, dəyərini ala bilməməkdən ölür. Ona görə yox ki, biz sevməyi, dəyər verməyi bacarmırıq. Ona görə ki, biz sevməyi və dəyər verməyi tərgitmişik, unutmuşuq. Bəlkə sevib, dəyər versək bu qədər ağır hadisələr baş verməz ölkəmizdə və gənc insanların həyatında.
Gələk intihar məsələsinə. Bunun doğru addım, qərar olub olmamasına. Nə qədər doğru yanaşmadır bilmirəm bu günlər intihara mesaj kimi baxıram. Elə bil intihar eləyən bizlərə deyir ki, sizdən adam olası deyil, salamat qalın, mən getdim!..
İntihar həm də ani verilən qərardır. Ya da xilas olunmasını gözləyən adamın çığırtısıdır. Bəlkə lap elə Movlud özü də düşünüb ki, on yeddinci mərtəbədən atlasa belə ölməyəcək. Onu yerə çırpılmağa lap bir qarış qalmış olsa da kimsə mütləq xilas edib tutacaq. İntihar həm də kimsəsizlik göstəricisidir. İntihar, səni tutacaq kimsən olmayanda baş verir çünki. Bir də intihar təkcə özünü öldürmək deyil. İntihar geridə qalanlara qarşı ittihamdır: “Məni siz öldürdünüz!” ittihamı.
Qaldı ona ki, ümumiyyətlə insanın, üstəgəl ictimai yükü olan adamın intihar qərarı nə qədər ədalətli və doğrudur?! Bu sualın da cavabı var. Əsla ədalətli və doğru qərar deyil. Əslində bu yazı da intiharlara haqq qazandırmaq üçün yazılmayıb. Demək istədiyim o ki, Azərbaycandan qaçmaq istəməyən, onu sevən, işini, həyatını bura ilə bağlamaq niyyəti olan çoxlu sayda istedadlı, bacarıqlı, səriştəli adamlar var. Sadəcə onlara sahiblənmək, onları zamanında görmək lazımdır. O adamlar həssas və kövrək olur, onları qorumaq lazımdır.
Bunu üçün məsələn, telekanalları gerçək TV-yə, qəzetləri gerçək qəzetə, saytları daha ciddi xəbər mənbəyinə çevirmək olar. İnsanların təcrübəsindən və bacarığından faydalanmaq olar. Bu ölkənin mətbuatındakı xeyli şəxsiyyəti, mənəviyyatı, bacarığı naməlum olan adamı başqa cür sıradan çıxarmaq mümkün olmayacaq. Bu mümkün olmayanda da bacarıq və istedad sahibləri elə Mövlud kimi ölüb gedəcəklər.
Sual oluna bilər ki, bəs olsa noolacaq?!. Onda məsələn Movludun ölüm anının görüntüsünə, özümüzdən birinin yerdə qalan meyitinin tirajlamnasına baxmaq məcburiyyətində qalmarıq ən azı. İndi isə baxdım. Həm də dəfələrlə baxdım. Özümüzdən olan birinin, gənc birinin intihar anından İP tutanlara baxdım. Əslində o baş-ayaq vəziyyətdə təqdim elədiyiniz görüntü bütünlükdə ölkə mətbuatının durumudur. Hər şey baş-ayaqdır. O üzdən başı yerdə ayaqları göydə qalan təkcə intihar edən Mövlud deyildi, həm də elə siz, biz özümüzük. Sadəcə intiharlardan qaçmaq, mübariz olmaq üçün bir həqiqəti qəbul eləməliyik. Biz istədiyimiz heç vaxt olmayacaq. Amma nə zamansa olacağına ümidliyik həm də. O üzdən estafeti mərd-mərdanə təhvil vermək üçün damdan atlayıb ölmək yox, yaşamaq lazımdır. “Şablondur” ittihamına da müəllif olaraq indidən hazıram. Qoyun olsun şablon, amma kimsə, heç biriniz ölməyin daha.
Bir də o qızı rahat buraxın. Kimsə qadın, insan, həyat yoldaşı, ana olaraq Sevincin nə yaşadığını bilə bilməz. Bunu cəmi iki adam bilirdi, Mövlud və Sevinc. Birinin qərarı getmək oldu. İkincisi isə hamıdan susmasını rica eləyir. Deyir ki, elə bilirəm mənim ərim, dostum, övladımın atası ölməyib. Mənim balam ölüb, balam…qoyun yasını tutum. Nə onun hıçqırıqları, nə qırıq-qırıq aldığı nəfəsini unudasıyam. Çünki bir qadın gördüm Sevincdə. Çox istədiyi adamı qoruya , xilas eləyə bilmədiyindən yerə-göyə sığışmayan qadın. Bir də onu anladım ki, bütün qadınlar təkcə bir kişinin qadını deyil. Qadın olmazdan öncə bütün qadınlar bir kişi üçün ana, dost sonra qadındır. Sevgilisini, dostunu, “balasını” itirən qadına amansız olmaq, onu ehtimallardan ibarət ittihamlarla günahlandırmaqsa heç bir kitabda yazılmayıb, vicdan haqqı…