ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden rusiyalı məşhur silah qaçaqmalçısı Viktor Butla əvəz edilə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Britaniyanın “Deyli Meyl” qəzeti yayıb. Qəzet Rusiyanın bununla ABŞ-la pozulmuş münasibətlərini yenidən bərpa etmək istədiyini söyləyib.
Qeyd edək ki, Snouden ABŞ kəşfiyyatının dünyanın bir sıra siyasi liderlərini izləməsi haqqında informasiyanı deşifrə etdikdən sonra ölkəsindən qaçaraq Rusiyaya sığınıb. Snouden ölkəsinə qayıdacağı təqdirdə onu ömürlük həbs cəzası gözləyir.
Viktor But əslən Rusiyadandır. But Kolumbiyanın FARC terror təşkilatına silah satdığı üçün 2012-ci ildə Tailandda həbs edilərək, ABŞ-a göndərilib.
But Əfqanıstana (Rəbbani hökumətinə – red.), Toqoya, Ruandaya, Anqolaya, Liberaya, Syerra Leoneyə, Talibana və Əl Qaidəyə silah satmaqda ittiham edilir. 2011-ci ildə Liviyanın bombalanmasından sonra ələ keçirilən materiallarda Butun adıçəkilən dövlətlər və təşkilatlarla əlaqə qurduğu ortaya çıxmışdı. Vaşinqton indiyə qədər Butu dünyanın ən güclü silah qaçaqmalçısı hesab edir.
2008-ci ildə həbs edilən Buta 25 il həbs cəzası verilib.