İşıqtutan və aşgətirənləri də saysaq...

“Son 10 ildə ölkədə 1 milyon 267 min iş yeri açılıb”.

Bunu baş nazir Artur Rasi-zadə parlamentdə hesabat verərkən deyib.

Əslində həmin cümlənin mabədi də var və o belədir: “Bu illər ərzində ölkədə 3 min məktəb, 600 xəstəxana, 400 turizm və mədəniyyət kompleksləri təmir olunub, 50-dən artıq xəstəxana tikilib”.

Təmir olunan və tikilən obyektlərin sayı ilə bağlı səslənən rəqəmlərlə işim yoxdur, amma açılan iş yerlərinin sayı adama maraqlı görünür.

Əstəğfürullah, qocaman baş nazirin səsləndirdiyi rəqəmin həqiqiliyini şübhə altına almıram, əslində o, ən pis halda Statistika Komitəsinin yalançısı ola bilər. Amma yenə də bir milyon iki yüz altmış yeddi min iş yerinin açılması sıradan bir şey deyil.
Bu, ilk növbədə o deməkdir ki, 10 il öncəyə qədər bir milyon üç yüz min vətəndaşımız işsiz imiş. 8 milyonluq (o vaxt 8 idi, sonradan artıb 9 olduq) əhali üçün bu xırda rəqəm deyil. Çünki bu 8-9 milyon əhalinin yarıdan çoxu uşaqlar, məktəblilərdir, onlar da ki, bildiyimiz kimi, əmək mükəlləfiyyətinə malik deyillər. Yerdə qalır 3-4 milyon yetkin şəxs, bunlardan da 1 milyonu təqaüdçülərdir. Axıra qalan rəqəmdən də Rusiyaya, Ukraynaya, ora-bura işləməyə gedən milyonlarla qastarbayteri çıxsaq, elə görünər ki, 10 il öncəyə qədər ölkədə işləyən olmayıb, ya çox az olub. (Rəqəmlərlə işləyərkən dəqiq olmaq lazımdır).
İndiki gənclər bilməz, sovet dövləti dağılandan sonra ölkədə çox pis işsizlik vardı. Kişilər evdən çıxır, tay-tuşlarını toplayıb bir çayxanada oturur, səhərdən axşama qədər domino, nərd çırpırdılar. Bir az intellektual işsizlər isə şahmat oynayırdı. Adamlar elə peşəkarlaşmışdılar ki, dominoda masa üzərinə çırpılan daşların üç dövrəsi bitəndən sonra artıq altı qoşanın kimin əlində öldürüləcəyini bilirdilər. Stəkanın içindən atdığı zəri belə qoşalaya bilən, “cüt beş”, “dörd çahar” atanlar vardı. Bəlkə də Yevlağın çayxanasında hər gün 7-8 saat şahmat oynayan adamlardan birini qrossmeysterlərin beynəlxalq yarışına göndərsəydik, gedib minimum hindistanlı Vişvanatan Anandı məğlub edərdi. Yəni insanlar bu dərəcədə ustalaşmışdılar. Hamısı da işsizlikdən, bekarçılıqdan idi.

Amma 2005-ci ildən sonra yeni iş yerləri açılması prosesinə start verildi. Statistika Komitəsi yüz minlə başladı, hər il artıra-artıra getdi. Allahdan, çayxanadakı işsiz peşəkarların sayı da azala-azala gedirdi. Arada biz, jurnalistlər və oxucular hesabı itirdik. Bu hadisə hardasa 1 milyon yeni iş yeri civarında oldu. Dünənə qədər əlimizdə müvafiq statistika yox idi, işin axırının necə olduğunu bilmirdik. Yalnız dünən Artur müəllim deyəndən sonra bildik ki, yeni açılan iş yerlərinin sayı 1 milyonda durmayb, o rəqəmi hələ 267 min də aşıb.

İndi çox adam çox söz deyə bilər. Kimsə bu göstəricinin həqiqiliyinə inanmaz, kimsə bu rəqəmdə mövsümi iş yerlərinin də olduğunu deyər. Ancaq qeydə alınmayan iş yerlərini də hesablamaq lazımdır. Məsələn, ölkədə yüzlərlə, bəlkə də minlərlə şadlıq sarayı var, onların hamısında ofisiantlar çalışır. Əmin edirəm ki, onların çoxu rəsmi işçi kimi qeydə alınmayıb. Bunun bəyə aş gətirmək üzrə ixtisaslaşan, nəticədə yaxşı pul qazanan ofisiant-rəqqasları da var (hər bir sıravi ofisiant gələcəkdə böyüyərək aşgətirən olmaq kimi bir arzuya malikdir). Bu yüzlərlə iş yeri deməkdir. Araşdırsaq, məlum olar ki, videoçəkənlərin yanındakı şnurdaşıyanların heç birinin əmək müqaviləsi yoxdur və onlar işçi kimi qeydə düşməyiblər. Eyni fikirləri fotoqrafın işıqtutanlarına da şamil etmək olar. Hələ təkərqaraldanları da nəzərə almaq lazımdır.

Yeri gəlmişkən, bu şəxsləri də vergiyə cəlb etmək olar. O qədər pul qazanırlar, qoy vergi də versinlər. Onlar vergiyə cəlb olunsa avtomatik olaraq Statistika Komitəsində işçi kimi qeydə alınacaqlar, bu isə müvafiq statistik göstəricinin yenilənməsi anlamına gələcək.