Düşmən ölkə qaynayır – gecə yarısı İrəvanda oturaq aksiya qərarı verildi (Foto, video)

Yeni tələb irəli sürən etirazçılar polis kartonunu yarıb Azadlıq meydanına daxil oldu; baş nazirin köməkçisi aksiya iştirakçılarının hüzuruna gəldi

 

Bu saatlarda Ermənistan paytaxtında növbəti etiraz aksiyasına start verilib.

 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Azadlıq meydanına toplaşan nümayişçilər oturaq aksiyaya başlamağı qərarlaşdırıb. Fəallar ötən ilin yayında silahlı qiyam qaldırmış “Sosna Tser” silahlı dəstəsinin “çörəkdaşıyan”ı Artur Sərkisyanın xatirəsinə ehtiram əlaməti olaraq bu addımı atıblar. Mitinq iştirakçıları tələb edir ki, A.Sarkisyan Qarabağ müharibəsində öldürülənlərin dəfn olunduğu “Yeablur” hərbi məzarlıqda dəfn edilsin. Bu gün həmin tələblə aksiyaçılar İrəvan küçələrində yürüş ediblər.

 

Azadlıq meydanında bəyan olunub ki, eyni tələblə daha bir aksiya sabah saat 18.00-da mərkəzi meydanda keçiriləcək.
Ermənistan vaxtı ilə saat 20 radələrində polislə qarşıdurma yaranıb. Aksiya iştirakçıları polis kartonunu yarıb irəliləməyə nail olub. Nəticədə Tiqran Meçe prospektində hərəkət dayanıb. Bundan bir neçə saat əvvəl isə Ermənistanın baş nazirinin köməkçisi Ayk Zoqrabyan aksiyaçılarla görüşə gəlib. Aksiya fəallarından Şaqen Arutyunyan A.Sarkisyanın hərbi məzarlıqda dəfn olunması barədə tələbi çatdırıb. Baş nazirin köməkçisi bu tələbi baş nazirə çatdıracağına söz verib. Erməni mətbuatı xəbər verir ki, hökumət evinin ətrafına əlavə polis və xüsusi təyinatlı qüvvələr gətirilib.

Qeyd edək ki, martın 16-da aclıq aksiyası nəticəsində ölən A.Sarkisyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Bundan əvvəl başqa tələblər irəli sürən aksiyaçılar indi “çörəkdaşıyan”ın hərbçilər məzarlığında dəfnini tələb edir. Proseslərin hansısa mahir ssenaristlər tərəfindən körükləndiyini demək mümkündür. Artıq müxalifət də bu proseslərə reaksiya verməyə başlayıb. Bu gün parlament seçkilərində əsas rəqiblərdən sayılan sabiq xarici işlər naziri Vardan Oskanyan da görünüb və olaya münasibət bildirib.