Çiçək: “10-12 sponsorum var, çoxlu pul qazanıram”

“Çiçək” təxəllüsü ilə tanınan aparıcı Şəhla Vakkas qalmaqallı verilişlərdən danışıb.

Musavat.com xəbər verir ki, “Niyə” filminin qala gecəsinə gəlinləri ilə qatılan aparıcı qalmaqal yaradan həmkarlarına haqq qazandırıb: “Qalmaqal yaradan verilişlərə can qurban, yaxşı edirlər. Qalmaqal yaratsınlar, reytinqlərini artırsınlar, sponsorlarını çoxaltsınlar. Mənim verilişimin 10-12 sponsoru var. Onların hər birinə görə böyük məbləğdə faiz götürürəm. Birdə ki, niyə almayım?”

– Son günlər “Ağ şəhərdə” ev aldğınız haqda xəbərlər yayıldı…

– “Ağ şəhərdə” ev almağım barədə xəbərlər düz deyil. Bir qardaşım var, Türkiyədə yaşayır. O evi qardaşım valideynlərimə hədiyyə olaraq alıb. Bizim maddi gücümüz daha çox qardaşımızdan asılıdır. Belə deyim, o, bizim bankımızdır.

– Qardaşınızın Türkiyədə yaşadığını dediniz. Qardaş ölkədən təkliflər almısınızmı?

– Mən həm də türk dilliyəm. Çoxlu təkliflər almışam. Azərbaycanı sevirəm, bura bağlıyam. Ona görə getməyi düşünmürəm.

– Uzun illərdir ki, aparıcı kim i fəaliyyət göstərirsiniz. Aktrisa kimi özünüzü sınamağı düşünmüşünüz?

– Düşünürəm ki, insan bir iş görər. Özümü hələ ki, “Xəzər” televiziyasının seriallarında sınayıram. Rejissorlar deyir ki, aktrisalıq qabiliyyətim var. Zamanla hər şey bəlli olacaq.

– Mətbuatdan uzaq gəzmənizə səbəb nədir?

– İnsanları bezdirmək istəmirəm. Hər gün çıxıb, nə müsahibə verim? O zaman maraqsız olaram.

– Bəzi aparıcılar efirdə rola girir, həyatda isə tam fərqli birisi olduğunu görürük. Sizcə, həyatda, yoxsa efirdə rola girmək asandır?

– Mən çox pozitiv insanam, heç kimi qırmamağa çalışıram. Mən nə həyatda, nə də efirdə rola girirəm. Ona görə də bu suala cavab verə bilməyəcəyəm.