Paytaxtda V Bakı Qlobal Forumu keçirilir. Budəfəki tədbir öncəliklə həssas bir dönəmə təsadüf edir və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində, həmçinin regiondakı təhlükəli durum fonunda Azərbaycanın yerinə və nüfuzuna əlavə pozitiv ştrixlər gətirə bilər. Ən azı, ölkəmizin əsas dərdini – Qarabağ məsələsini daha böyük auditoriyaya çıxarmaq üçün bu, növbəti və unikal fürsət hesab edilə bilər. Çünki tədbir iştirakçıları olan qonaqlar, yüksək çinli rəsmilər müxtəlif ölkələri, fərqli sivilizasiyaları təmsil edir. Onlar qayıdarkən özləri ilə birgə istət-istəməz Azərbaycan həqiqətini də aparacaqlar. Ölkəmizin üzləşdiyi ədalətsizliyə qarşı müəyyən etirazla yüklənib gedəcəklər. Söhbət ilk növbədə Qarabağ ixtilafından gedir. Forum dünyada sülhün və təhlükəsizliyin əsas qarantı kimi aparıcı dövlətlər və beynəlxalq təşkilatların roluna bir daha diqqət yönəldib. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycandan ötrü bu məqam təbii ki, mühüm önəm daşıyır. Çünki Qarabağ düyünü on illərdir məhz beynəlxalq təşkilatların və güc mərkəzlərinin yetərli iradə ortaya qoymaması, bir çox hallarda isə Azərbaycana qarşı ikili standart siyasəti yürütməsi nəticəsində açılmır. Səbəblər barədə çox yazılıb. Onlardan yalnız birinə toxunacağıq. Paradoks ondadır ki, nə qədər deyilsə də ki, Dağlıq Qarabağ məsələsi - milli və ya dini məsələ deyil, amma gerçəkdə bir sıra Qərb paytaxtları problemə həm də bu prizmadan baxır, xristian təəssübkeşliyi özünü vaxtaşırı büruzə verir. Əks halda, bunu necə izah eləmək olar ki, Krımın ilhaqına görə Rusiyaya, Krım rəhbərliyinə qarşı sanksiyalar tətbiq edən, Abxaziya və Cənubi Osetiyanın işğalına görə Rusiyanı öz adı ilə - təcavüzkar kimi çağıran Qərb Ermənistana gələndə tam əks mövqe sərgiləyir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətsizlik göstərir, bir ovuc erməni üçün “öz müqəddəratını təyinetmə” haqqı istəyir?! İş də ondadır ki, artıq kimsədə şübhə qalmayıb ki, əgər Qarabağdakı separatçı rejimin erməni başçıları xristian yox, müsəlman olsaydı, onların üzünə Qərb dövlətlərinin girişi, qapıları çoxdan bağlanmışdı. Amma diqqət edin, quldur Bako Saakyan rahatca ABŞ-a, Avropa ölkələrinə, Yunanıstana gedir, orada sərbəst şəkildə görüşlər keçirir, Azərbaycan əleyhinə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə cəzasız şəkildə təbliğat aparır. Biz hələ qondarma “DQR”-in bir çox xristian ölkələrində qanunsuz nümayəndəliklərinin fəaliyyət göstərməsini demirik. Halbuki, Krımın separatçı lideri Sergey Aksyonova qarşı sərt qadağalar mövcuddur. O, Avropanın, Amerikanın ərazisinə daxil ola bilməz, yoxsa dərhal saxlanılar. Bu mənada Bakı toplantısı dünyadakı belə neqativ sterotipləri dağıtmaq baxımından az əhəmiyyət kəsb eləmir. Avropada ksenofobik və islamofobik dalğanın güclənməsi, bu günlərdə Avropa Məhkəməsinin iş yerlərində hicabın yasaqlanmasını qanuni sayması fonunda Azərbaycanın bir daha dünyaya pozitiv rakursdan açılması milli maraqlarımız baxımından çox vacibdir. Sözsüz ki, sırf özümüzdən asılı olan problemlər də var və sözümüzün kəsrli olması üçün onlar təcili yoluna qoyulmalıdır. Bura təməl insan haqları ilə bağlı məsələlər, hələ də həllini tapmayan siyasi dustaq problemi, söz-ifadə azadlıqları sahəsində yaşanan problemlər, korrupsiya və monopoliyanın geniş miqyas alması aiddir. Sadalanan problemləri ən əvvəl ona görə aradan qaldırmaq lazımdır ki, ermənilər və onların dünyadakı havadarları bu problemlərdən ölkəmiz əleyhinə, Qarabağ əleyhinə təbliğatda məharətlə istifadə edirlər. Düşmənin əlinə tutaraq verməyə son qoymaq zamanı çatıb. Bu xüsusda özümüzün özümüzə inanması, arxayın olması və təsəlli verməsi yetərli deyil, gərək ki, dünyanı da özümüzə inandıra bilək, dünyadan da təsəlli alaq. Ətrafımızdakı bu qəliz və ədalətsiz vəziyyətdən isə yalnız milli barışığı təmin eləmək, dünyaya daha güclü və demokratik qiyafədə açılmaqla çıxmaq mümkündür... Nəhayət, Bakı Forumu 4 günlük aprel müharibəsinin ildönümü ərəfəsinə təsadüf eləməsi ilə də əhəmiyyətli sayıla bilər. Düşmənin aprel olaylarının təkrarlana biləcəyindən dolayı təlaş yaşadığı indiki dövrdə Azərbaycanın növbəti uğurlu lokal hərbi əməliyyatı üçün siyasi-diplomatik zəmin hazırlanmasını deyirik. Bakıdan dünyaya bir mesaj da elə budur ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın ən sərt vasitəyə əl atması anlaşıqlı qarşılansın. Bunu Bakıdan dünyaya aprel mesajı da adlandırmaq olar.

Paytaxtda V Bakı Qlobal Forumu keçirilir. Budəfəki tədbir öncəliklə həssas bir dönəmə təsadüf edir və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində, həmçinin regiondakı təhlükəli durum fonunda Azərbaycanın yerinə və nüfuzuna əlavə pozitiv ştrixlər gətirə bilər.

Ən azı, ölkəmizin əsas dərdini – Qarabağ məsələsini daha böyük auditoriyaya çıxarmaq üçün bu, növbəti və unikal fürsət hesab edilə bilər. Çünki tədbir iştirakçıları olan qonaqlar, yüksək çinli rəsmilər müxtəlif ölkələri, fərqli sivilizasiyaları təmsil edir. Onlar qayıdarkən özləri ilə birgə istət-istəməz Azərbaycan həqiqətini də aparacaqlar. Ölkəmizin üzləşdiyi ədalətsizliyə qarşı müəyyən etirazla yüklənib gedəcəklər. Söhbət ilk növbədə Qarabağ ixtilafından gedir.

Forum dünyada sülhün və təhlükəsizliyin əsas qarantı kimi aparıcı dövlətlər və beynəlxalq təşkilatların roluna bir daha diqqət yönəldib. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycandan ötrü bu məqam təbii ki, mühüm önəm daşıyır. Çünki Qarabağ düyünü on illərdir məhz beynəlxalq təşkilatların və güc mərkəzlərinin yetərli iradə ortaya qoymaması, bir çox hallarda isə Azərbaycana qarşı ikili standart siyasəti yürütməsi nəticəsində açılmır.

Səbəblər barədə çox yazılıb. Onlardan yalnız birinə toxunacağıq. Paradoks ondadır ki, nə qədər deyilsə də ki, Dağlıq Qarabağ məsələsi – milli və ya dini məsələ deyil, amma gerçəkdə bir sıra Qərb paytaxtları problemə həm də bu prizmadan baxır, xristian təəssübkeşliyi özünü vaxtaşırı büruzə verir. Əks halda, bunu necə izah eləmək olar ki, Krımın ilhaqına görə Rusiyaya, Krım rəhbərliyinə qarşı sanksiyalar tətbiq edən, Abxaziya və Cənubi Osetiyanın işğalına görə Rusiyanı öz adı ilə – təcavüzkar kimi çağıran Qərb Ermənistana gələndə tam əks mövqe sərgiləyir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətsizlik göstərir, bir ovuc erməni üçün “öz müqəddəratını təyinetmə” haqqı istəyir?!

İş də ondadır ki, artıq kimsədə şübhə qalmayıb ki, əgər Qarabağdakı separatçı rejimin erməni başçıları xristian yox, müsəlman olsaydı, onların üzünə Qərb dövlətlərinin girişi, qapıları çoxdan bağlanmışdı. Amma diqqət edin, quldur Bako Saakyan rahatca ABŞ-a, Avropa ölkələrinə, Yunanıstana gedir, orada sərbəst şəkildə görüşlər keçirir, Azərbaycan əleyhinə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə cəzasız şəkildə təbliğat aparır. Biz hələ qondarma “DQR”-in bir çox xristian ölkələrində qanunsuz nümayəndəliklərinin fəaliyyət göstərməsini demirik. Halbuki, Krımın separatçı lideri Sergey Aksyonova qarşı sərt qadağalar mövcuddur. O, Avropanın, Amerikanın ərazisinə daxil ola bilməz, yoxsa dərhal saxlanılar.

Bu mənada Bakı toplantısı dünyadakı belə neqativ sterotipləri dağıtmaq baxımından az əhəmiyyət kəsb eləmir. Avropada ksenofobik və islamofobik dalğanın güclənməsi, bu günlərdə Avropa Məhkəməsinin iş yerlərində hicabın yasaqlanmasını qanuni sayması fonunda Azərbaycanın bir daha dünyaya pozitiv rakursdan açılması milli maraqlarımız baxımından çox vacibdir.

Sözsüz ki, sırf özümüzdən asılı olan problemlər də var və sözümüzün kəsrli olması üçün onlar təcili yoluna qoyulmalıdır. Bura təməl insan haqları ilə bağlı məsələlər, hələ də həllini tapmayan siyasi dustaq problemi, söz-ifadə azadlıqları sahəsində yaşanan problemlər, korrupsiya və monopoliyanın geniş miqyas alması aiddir. Sadalanan problemləri ən əvvəl ona görə aradan qaldırmaq lazımdır ki, ermənilər və onların dünyadakı havadarları bu problemlərdən ölkəmiz əleyhinə, Qarabağ əleyhinə təbliğatda məharətlə istifadə edirlər.
Düşmənin əlinə tutaraq verməyə son qoymaq zamanı çatıb. Bu xüsusda özümüzün özümüzə inanması, arxayın olması və təsəlli verməsi yetərli deyil, gərək ki, dünyanı da özümüzə inandıra bilək, dünyadan da təsəlli alaq. Ətrafımızdakı bu qəliz və ədalətsiz vəziyyətdən isə yalnız milli barışığı təmin eləmək, dünyaya daha güclü və demokratik qiyafədə açılmaqla çıxmaq mümkündür…

Nəhayət, Bakı Forumu 4 günlük aprel müharibəsinin ildönümü ərəfəsinə təsadüf eləməsi ilə də əhəmiyyətli sayıla bilər. Düşmənin aprel olaylarının təkrarlana biləcəyindən dolayı təlaş yaşadığı indiki dövrdə Azərbaycanın növbəti uğurlu lokal hərbi əməliyyatı üçün siyasi-diplomatik zəmin hazırlanmasını deyirik.

Bakıdan dünyaya bir mesaj da elə budur ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın ən sərt vasitəyə əl atması anlaşıqlı qarşılansın. Bunu Bakıdan dünyaya aprel mesajı da adlandırmaq olar.

loading...