Avropa seçicisi Asiya ekspertlərini, Amerika strateqlərini, Afrika müşahidəçilərini növbəti dəfə yanıltdı, faşizmə “yox” dedi.
Məkan: Niderland, zaman – 15 mart, hadisə – seçki, iddiaçı – irqçi Azadlıq partiyası, nəticə – 19 mandat.
Seçkidən öncə hamı düşünürdü ki, Niderlandın baş faşisti Gört Vildersin partiyası seçkinin birinci yerdə başa vuracaq, azı 25-30 faiz səs alacaq və hökumət qurma səlahiyyəti qazanacaq.
Əslində belə bir rəy də vardı ki, Vilders parlament seçkilərinin birincisi olsa da, hökumət komandası formalaşdırmaq hüququ qazansa da, ikinci, üçüncü yeri tutan partiyalar onunla koalisiyaya getməyəcəklər.
Bununla belə, açıq-aşkar irqçi və millətçi şüarlarla çıxış edən, gah Hollandiyaya pənah gətirmiş müsəlman qaçqınlara, gah da bu ölkədə yaşayan türklərə qarşı diskriminasiya səciyyəli fikirlər açıqlayan birinin seçkilərdə birinci yeri tutması faşizmin yüksəlişdə olduğu demək olacaqdı.
Ancaq elə olmadı, Vildersin partiyası rəy sorğularının proqnozlaşdırdığı nəticələrin əksinə oldu, o, ikinci yeri tutdu, həm də başqa iki partiya ilə təxminən eyni sayda mandat qazandı.
İndi seçkidə yenidən səs çoxluğu qazanmış hakim partiya yeni hökumət komandası quracaq və bu dəfə də faşistlər kənarda qalacaqlar.
Düzdür, hakim partiyanın liderləri də seçkiyə bir neçə gün qalmış millətçi ruhda açıqlamalar verdilər, hərəkətlər etdilər. Ancaq bunun seçki texnologiyası, daha dəqiqi, yaxın məqsədlər güdən siyasi avantüra olduğu göz önündəydi.
Seçki bitdi, baş nazir Ruttenin partiyası və başçılıq etdiyi hökumət komandası artıq öz ənənəvi siyasətini yeritməyə başlayacaq, Türkiyə ilə pozulmuş münasibətlər də bərpa ediləcək (yəqin ki, 16 aprel referendumundan sonra).
Bu hadisə göstərir ki, Avropanın faşistləşməsinə dair türk-ərəb-müsəlman dünyasını sarmış əndişənin elə də ciddi əsasları yoxdur. Yəni faşizm təhlükəsi ilə müvafiq narahatlıq bir-birinə uyğun deyil.
Avropa faşizmin dadını yaxşı bilir, ona böyük qurbanlar verib, ağır məşəqqətlər yaşayıb.
Avropa xalqları Hitler faşizminin iztirablarını unutmayıblar və bunun unudulmaması üçün yüzlərlə muzeylər yaradıb, abidələr tikiblər, kitablar yazıblar, filmlər çəkiblər. Faşizm avropalıların daima lənətlədiyi cərəyandır.
Bununla belə, Fransa və Avstriya kimi neofaşistlərin nisbətən güclü olduğu ölkələr də var və onlar zaman-zaman daha da güclənir, parlamentdə təmsil olunacaq qədər çox səs alırlar, ancaq hakimiyyətə gələ bilmirlər.
15-16 il öncə Avstriyada faşizmi təbliğ edən partiya seçki birincisi olmuşdu, onda da qüdrətli Avropa dövlətləri şiddətli təzyiq göstərərək həmin partiyanın liderini hökumət qurmaq hüququndan imtina etməyə məcbur qoydular.
Fransada Han-Mari Le Penin özü və qızı Mairin Le Pen uzun illərdir ki, siyasətdədirlər, amma böyük uğura imza ata bilmirlər. Bu ailə partiyasının ortalama 15 faiz civarında seçici səsi var. Hazırda Marin Le Pen Fransada keçirilən prezident seçkilərinin əsas şansı namizədlərindən biri hesab olunsa da, fransızların onu dövlət başçısı edəcəyi ağlabatan görünmür.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Avropada faşizmin dirçəlməsinin (hələlik kükrəmədən danışmaq tezdir) ciddi səbəbləri var. Ayrı-ayrı ölkələr (Almaniya, İsveç, Norveç, Hollandiya, Avstriya, Fransa) Afrikadan və Asiyadan gələn milyonlarla qaçqının, siyasi mühacirin və əmək miqrantının axını ilə üz-üzədir. Başqa mədəniyyətə, dünyagörüşə məxsus insanlar pənah apardıqları, sığındıqları ölkələrdə yerli cəmiyyətə uyğunlaşıb inteqrasiya olunmaqdansa, çox zaman özünütəcrid yolu tutur, milli məhəllələrdə yaşayır, öz həyat və düşüncə tərzlərini aborigen avropalılara diktə etməyə çalışırlar.
Bu da əks reaksiya doğurur, gəlmələrə qarşı ictimai narazılığı artırır, nəticədə bu narazılığı süni şəkildə şiddətləndirərək səsə, mandata çevirmək istəyən siyasilər peyda olur.
Gedişat göstərir ki, avropalılar hər halda ağı qaradan seçə, dinindən, milliyyətindən, dərisinin, saçının rəngindən asılı olmayaraq, bədbəxtliklə üzləşmiş, müharibyə, siyasi təqibə, humanitar fəlakətə məruz qalmış insanlara mərhəmətlə yanaşa bilir.
Sadəcə, Avropaya axın, köç elə bir miqyasda olmalıdır ki, avropalılar özlərini öz vətənlərində sıxışdırılmış kimi hiss etməsinlər. Elə olsa, görtlər siyasi divident qazana bilməzlər.