Ronaldinyo

Məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb.

“Report”un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan tədbirdə Qəbələ təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov iştirak edib.
Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açacaq.

Altı yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Ronaldinho Soccer Academy” fəaliyyət göstərir.