Dünən Xanlar rayonunda maraqlı bir olaya ürcah olduq. Özüm bilə-bilə “Xanlar rayonu” yazıram, sözümün mətləbi var, yoxsa rayonun yeni adının “Göygöl” olduğundan xəbərdaram.
Məsələ belə oldu. Hüzr yerinə gedirdik. Məclis rayon mərkəzində, Rəsulzadə küçəsində olmalıydı. Avtomobilimizi yolun qırağında saxlayıb, yol kənarıyla hərəkət edən adamlardan küçəni necə tapa biləcəyimizi soruşduq. 4-5 adam idi, heç biri bilmədi. Yaxşı ki, hüzr sahibi bizə küçənin keçmiş adını da demişdi, təkrar soruşduq ki, Telman küçəsinə getməliyik, 50-55yaşlı bir adam “hə, oranı tanyıram” dedi və ünvanı tərif etdi: “O gördüyünüz avtobusun yanından sola dönün, iki küçə keçin, üçüncüdə sağa dönün”.
Kişinin dediyi kimi, getdik və Telman küçəsinə, 25 ildən bəri Rəsulzadənin adını daşıyan küçəyə çatdıq.
Bəli, düz 25 ildir ki, bu küçə məşhur alman kommunisti Ernest Telmanın yox, Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Fəqət insanlar ora hələ də “Telman küçəsi” deyirlər. Elə rayon mərkəzinin özünə “Xanlar” deyənlər də çoxdur.
Burada qəsd-qərəz yoxdur, biz sadəcə, etinasız və tənbəlik. Bir az da ətalətsevər. Bir şeyə çətin vərdiş edərik, etdiksə, çətin tərgidərik.
Bu üzdəndir ki, düz 25 ildir müstəqil dövlət olmağımıza baxmayaraq, bir çox küçə və meydan adları çoxdan dəyişsə də, hələ də belə deyirlər: “Bu avtobus Razindən keçir?”; “Basin küçəsi ilə Azdramaya tərəf gedirəm…”; “Karl Marksa neçəyə apararsan?”; “Raboçi prospektdə radara düşdüm”; “O, Dvadsatıda olur”, “Pasyolka Kirovda kirayə ev tapmaq daha asandır, nəinki Baksovet tərəfdə” və sair və ilaxır.
Ən pisi odur ki, bu toponimlərin keçmiş adını deynlərin içində 20-25 yaşlı gənclər də var. Onlar gözlərini dünyaya açanda artıq Karl Marksın heykəli Binəqədinin girişindən götürülmüşdü, “pasyolka Kirov”un adı Rəsulzadə qoyulmuşdu, “Razin” Bakıxanov adlandırılmışdı. O birilər də eləcə.
Ən yaxşısı odur ki, artıq insanların çoxu Biləsuvara “Puşkin”, Beyləqana “Jdanov”, Tərtərə “Mirbəşir”, Goranboya “Qasım İsmayılov”, Qəbələyə “Qutqaşen”, Şərura “İliç” demirlər. Əslində elə də deyə bilərdilər. Necə ki, ahıl adamlar Füzuli rayonuna uzun müddət “Qaryagin” dedilər – rayonun köhnə adının “Qaryagin” olduğunu bilən sonuncu adam öləndən sonra “Füzuli” adı legitimləşdi.
İndiki nəsil bilməz, amma Gəncənin üzərindən Kirovabad adının götürülməsi üçün xalq nə qədər əziyyət çəkdi. Hətta o vaxt şəhər ziyalıları, əsasən də veteranlar yığışıb toplantı keçirmiş, belə bir təşəbbüslə çıxış edənləri “xalq düşməni” adlandıraraq, az qala güllələnmə tələb etmişdilər.(İndi həmin adamların dövlət qulluğunda çalışan züryətləri sevə-sevə “Gəncəm” deyirlər, beşi də ağızlarından düşür).
Əlbəttə, bu, elə də yekə problem deyil, vaxt keçdikcə hər bir toponim öz yerini alacaq, populyarlaşacaq, köhnə adlar isə unudulub gedəcək.
Sadəcə, indilikdə bir az çətindir. Bələd olmadığın şəhərdə ünvan tapınca kərəvəngə qalırsan.