Cənubi Koreyanın siyasi rəhbərliyi haqqında ilk yazımı təxminən 20-21 il öncə yazdığımı xatırlayıram. O zaman Cənubi Koreyanın prezidenti Ro De U korrupsiya ittihamı ilə həbs olunmuş, məhkəməsində zar-zar ağlamışdı. Ancaq göz yaşları cənab Uya kömək etməmişdi, ona 22 il həbs cəzası kəsmiş, sonra cəzanı 17 ilə qədər azaltmışdılar. (Bununla belə, Ro De U cəmi 2 il həbsdə yatdı, 1998-ci ildə əfv olundu).
Ondan sonra da Cənubi Koreya rəhbərləri, eləcə də ölkənin özü haqqında tez-tez yazmalı olurduq.
Çünki bu ölkədə vaxtaşırı seçkilər keçirilirdi, hər dəfə də yeni partiyalar, yeni simalar qalib gəlirdi.
Elə ona görədir ki, Cənubi Koreyanı idarə edənlərin adlarını bir türlü yadda saxlamaq olmur – tez-tez dəyişirlər.
Son 60 ildə bu ölkədə 12 prezident, 30-a yaxın baş nazir dəyişib. Bu ölkəylə “bir millət-iki dövlət” statusunda olan Şimali Koreyada isə 70 ildir rəhbərin adı dəyişmir, Kim olaraq qalır. Üç Kimin (Kim İr Sen, Kim Çen İr və Kim Çen In) hər üçü bir ailədəndir.
İndi Cənubi Koreya yenidən dünyanın diqqət mərkəzindədir. Ona görə ki, bu dövlətdə daha bir prezident korrupsiya qurbanı olub.
Dünən ölkənin konstitusiya məhkəməsi prezident Pak Kin Henin barəsində çıxarılmış impiçment qərarını yekdilliklə təsdiqləyib.
Beləliklə, xanım He səlahiyyət müddətinin bitməsinə 1 il qalmış “əl tutduğu” tamahkar rəfiqəsinin və öz başısoyuqluğunun güdazına gedərək vəzifəsini itirib.
Koreya yarımadasının şimalındakı despotik rejimdən fərqli olaraq, cənubdakı dövlətdə prezidentlərə, baş nazirlərə dövləti cinayətləri bağışlamırlar.
Şimaldakı dövlətdə Kim Çen In istədiyi adamı sorğu-sualsız öldürə, milləti acından qıra, dövlətin sərvətini istədiyi kimi talaya bilər, ona gözün üstə qaşın var deyən olmayacaq, amma yarımadanın cənubundakı dövlətdə xalqın seçdiyi prezident öz rəfiqəsinin varlanmasına şərait yarada bilməz, dövlət institutları ona bu imkanı tanımayacaqlar.
100 min kvadrat kilometr ərazisi, 50 milyon əhalisi, 1 trilyon 500 milyard dollar həcmində ÜDM-ü olan dövlət bu günlərə elə-belə gəlməyib, belə-belə gəlib – dövlətdən oğurluq edənləri, millətə kəf gələnləri vaxtaşırı cəzalandıraraq, məsuliyyətə cəlb edərək, istefaya göndərərək.
Əslində Cənubi Koreya heç də yaranışından demokratik rejimlə, qanunlarla idarə olunmayıb. Hətta 1972-i ildən 1988-ci ilə qədər bu ölkədə də diktatura quruluşu hökm sürüb, seçkilərin nəticələri saxtalaşdırılıb, prosesə hiylə qatılıb.
Ancaq 1988-ci ildən sonra ölkə demokratiya relslərinə oturub, seçkilər dürüst və şəffaf keçirilib, dövlət institutları güclənib, hakimiyyət qolları müstəqilləşib, qanunlar yüksək ranqlı məmurların iradəsinin fövqünə keçib.
O vaxtdan bəri belədir – nazirlərin oliqarxlaşmasına, ən yumşaq halda belə, proteksiya (himayədarlıq) ilə məşğul olmalarına belə imkan verilmir. İfşa olunan yanır. İndiki prezident xanım He də belə bir “yüngül cinayət”in qurbanı olub.
Bu, elə bir cinayət növüdür ki, azərbaycanlı vəzifə adamlarının sözü olmasın, dünyanın hər bir ölkəsində var.
Hətta bir çox ölkələrdə bunu açıq-aşkar etiraf edirlər. Bu regionda dostlarının, orta və ali məktəb yoldaşlarının, ailə üzvlərinin biznes fəaliyyətinə himayədarlıq etməyə görə cəzalandırılan bir kimsə yoxdur.
Milyonlarla dollar həcmində dövlət vəsaitinin mənimsənilməsində, sahibkarlardan reket yoluyla aylıq xərac toplanmasında ittiham olunan nazirlərin cinayət məsuliyyətinə şahid kimi cəlb edildiyi ölkələrdə “dosta pulqazanmağa şərait yaratmaq” nə böyük cinayət imiş.
Bu, Cənubi Koreyada cinayətdir. Və bu cür “heç nə üstdə hörmətli adamın başına oyun açmaq” məsələsi Cənubi Koreya xalqına ziyan gətirmir, əksinə, dövləti qüdrətləndirir.
Son 70 ildə bir ailənin, son yeddi ildə isə bir adamın əlində əsir-yesir olan, saray qanunlarından başqa heç bir qanunun işləmədiyi Şimali Koreyanın isə ərazisi CKR-dən 20 kvadratkilometr artıq, əhalisi yarıbayarı azdır, ÜDM-ü isə cəmi 32 milyarddır – təxminən 500 dəfə az.