Bakıdakı “outlet” (hansısa brend firmanın qabaqkı illərə aid dəbi) mağazadan dünyada məşhur “Puma” idman malları firmasının keyfiyyətli bir toxuculuq məhsulunu aldım.
Bir haşiyə çıxım. Doğrusu, burada da “outlet” yazdığım kimi “toxuculuq” sözü yerinə “tekstil məhsulu” ifadəsi yazmaq olardı, ancaq bunun qarşılığı dilimizdə varsa, niyə yabançı sözdən yararlanaq? Bir az da əttökənlikdir, son aylar Bakıda bərbərxanalara “barberşop” adı qoymaqları kimi. Guya həmin yerdə adama kəkili yandan qoyurlar və dönüb olursan Bredd Pitt, Tom Kruz, nə bilim kim… Halbuki, mən bir “barberşop” gördüm, onun içində özünə hörmət qoyan qoyun da qırxılmağa razı olmazdı. Nəsə, bu başqa temadır.
Həmin “Puma” idman köynəyinin etiketinə baxanda başımdan tüstü çıxdı, çünki orada bunun Gürcüstanda istehsal edildiyi yazılmışdı! Axı bu necə ola bilər? Regionun pambıqçılıq dövləti biz, ipək bizdə, kimya sənayesi bizdə (poliester, neylon kimi toxuculuq xammalının istehsalı potensialı baxımından), ancaq paltarı Gürcüstan buraxır?
Yeri gəlmişkən, Gürcüstan İtaliya milli futbol komandasının geyimlərini də tikir. Bundan başqa, “Adidas”ın da Batumidə fabriki var. Hər ikisi – “Puma” və “Adidas” Gürcüstana Mixail Saakaşvilinin prezidentliyi dönəmində, 2009-cu ildə gəlib. Özü də maraqlıdır ki, bu dünya brendlərinin qonşu dövlətə ayaq açmasının təşəbbüskarı türkiyəli biznesmen Camal Bilgingüllüoğlu-dur. O, bu fabrikləri Gürcüstanda açmağa 6 milyon dollar yatırım qoyub. 2 fabrikdə üst-üstə 500-ə yaxın adam çalışır.
İndi özümüzə sual verək ki, həmin türk bu fabrikləri Bakıda niyə açmayıb? Korrupsiya üzündən – qısa cavab belədir. Bizim yapistlərin oliqarxik-rüşvətxor sistemi üzündən burada nəinki dünya brendlərinin məhsullarını, heç Fatmanisə xalanın yun əlcək toxuyub satmasının imkanı yoxdur.
Keçən il Gürcüstana 6 milyon turist gəlib. Bunlardan 6 milyonuncu bir holland turist idi, bunu sürpriz olaraq hava limanından kortejlə birbaşa baş nazir Georgi Kvirikaşvilinin yanına apardılar. Eynisini bizdə təsəvvür edin. Baş nazirimizin turist qəbul eləmək bir yana, hətta Xocalı yürüşü zamanı bir küçədən o biri küçəyə yürüməsi çətin olmuşdu. Dinamik inkişafımızdan danışırlar, ancaq adamlar tərpənə bilmir. Maraq üçün 2016-cı ildə Azərbaycana gələn turist sayını da yazıram: 2 milyon nəfər. Üstəlik, bunun şişirtmə olmasını da bilirik.
Ancaq əsas odur qışqır-bağır üçün tema olsun, insanların başı qarışsın. Misal üçün, elə o Gürcüstana gələn 6 milyonuncu turistin holland olmasını əsas götürüb rəsmi Tiflisə nota verə bilərik. Bəs necə, axı biz Türkiyə ilə qardaşıq, hollandlar isə onların nazirini şəhərlərinə buraxmayıblar. Ar olsun. Qoy holland turistlər bir də qələt eləyib doğma Borçalımıza, həmçinin, Tiflisdəki Şeytanbazar məhəlləsinə ayaq basmasınlar!
Arif Rəhimzadəni əslən holland adlandırmaq da olar, çünki o bizim türklüyümüz əleyhinə çıxıb, həmin işlərdə fəal olmuş Ələkrəm müəllim də hazırda Hollandiyadan sığınacaq alıbdır. Əlaqəni gördünüzmü? Hamısı birləşib üstümüzə gəlirlər.
Hərçənd, turizmdən söz düşmüşkən, milli turizmin inkişafının əslində bizə ziyan vurması ortadadır. Hazırda dana əti, o cümlədən quzu əti qıtlıq üzündən bahalaşıb. Sən demə bunun bir əsas səbəbi də… keçən il ölkəmizə gələn varlı ərəb turistlərin yüz minlərlə baş heyvanı alıb aparması imiş.
O üzdən fikirləşirsən ki, bəlkə qapıları bağlayaq, öz içimizdə çöplənək, nə gələn olsun, nə gedən? Onsuz Azərbaycanın analoqu olmayan iqtisadiyyatı hər şeyi təmin edir. Dünyaya səkkizinci möcüzəni – milli iqtisadiyyatımızı təqdim eləməyimizə az qalıbdır. İnanmayan Naxçıvana diqqət kəsilsin. Əsl möcüzə orda baş verir. İzah edim.
Naxçıvan gömrük xidmətinin və yerli statistika qurumlarının xəbərinə görə 2016-cı ildə Naxçıvandan 420 milyon dollar dəyərində məhsul ixrac edilib (Azadlıq Radiosu). Eyni zamanda, həmin il Azərbaycanın qeyri-neft sektorunun ixracı cəmi 1 milyard 250 milyon manatlıq olubdur. Qısa desək, Naxçıvanın keçən il xaricə satdığı məhsul cəmi Azərbaycanın keçən il satdığı məhsulun (neft-qazsız) 33 faizi, yaxud, üçdə biri qədərdir! Təsəvvür edirsinizmi? Guya orda qeyri-neft sektoru bu dərəcədə inkişaf edibdir. Lap əla. İstəməyən kor olsun.
Ancaq elə 2016-cı ildə, həmçinin 2017-ci ildə Naxçıvanın Azərbaycan dövlət büdcəsindən aldığı dotasiya 80 faizdir! Yenə qısa yazsaq, Naxçıvanda dövlət büdcəsindən xərclənən hər 1 manatın 80 qəpiyi Bakıdan gedir. İstehsal varmış, ancaq vergisi yoxmuş. Kredit alır, ancaq bankirdən yaxşı yaşayır.
Belə şəraitdə “Puma” yox e, lap gerçək pumanın özünü gətirsən dərisinə saman təpərlər.