Загрузка...

Akif Çovdarovun Ziya Məmmədovun müşavirindən 2 milyon manat aldığı üzə çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində 800 min manatdan artıq qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinən Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Mübariz Ələkbərov yoxa çıxdığı deyilən qızılların bir hissəsinin də ona məxsus olduğunu bildirib: “Mənim 50 ədəd onluq, 10 ədəd isə beşlik qızılım həmin qızılların içində olub. Xaricə tez-tez getdiyimiz üçün qızılları qayınatamgilə vermişdik. Qızılların harada olduğunu bilmirəm. Qayınatam Rövşənə çox etibar edirdi. Sonra dedilər ki, qızıllar yoxdur”.

Məhkəmədə ifadə verən təqsirləndirilən R.Əhmədovun həyat yoldaşı Xanım Əhmədova isə bildirib ki, qohumları olan Çingiz Baxşıyevin külli miqdarda pulu və qızıl-zinət əşyaları onların evində olub. Amma bir müddət əvvəl qızıllar qaytarılıb.

Dövlət ittihamçısının sualına əsasən R.Əhmədov Akif Çovdarova pul verilməsi epizodu üzrə danışıb: “Çingiz gecə zəng elədi. Dedi ki, pul gətir. Pul Çovdarova çatmalı idi. Mən də pulu Çingizin kürəkəni Mübarizə verdim. Çamadanda olan pulun məbləği 2 milyon manata yaxın olub”.

Məhkəməyə şahidlər – zərərçəkmiş Ç.Baxşıyevin həyat yoldaşı və digər kürəkəni gəlməyib.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş Ç.Baxşıyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olub. Ç.Baxşıyevin ailəsinə ümumilikdə 800 min manatdan artıq ziyan dəydiyi bildirilir. R.Əhmədov isə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib.