Güney Qafqazdakı bəlaların hamısının kökündə Rusiya amilinin dayandığı artıq çoxdan daşlaşmış həqiqətdir. Bu gerçək-aksiom Qarabağda 25 fevral insidentindən sonra yenidən gündəmə gəldi, müzakirə mövzusu oldu.
Rəsmi səviyyədə deyilməsə də, əksər təhlilçilər insidentin arxasında Rusiya dəst-xəttinə açıq işarə vurdular, rusların erməninin əli ilə belə bir hadisəni törətməsini mümkün saydılar, hətta Azərbaycanda az öncə 1-ci vitse-prezident təyinatını motiv qismində göstərdilər. Bunu həm də şimal qonşumuzun son vaxtlar Bakının Avropa Birliyi ilə yeni çərçivə sənədi imzalamağa hazırlaşması və Bakıda Cənub Qaz Dəhlizinin inşasını sürətləndirməklə bağlı təzəcə başa çatmış 3-cü beynəlxalq müşavirəyə məxsusi reaksiyası da saymaq olar.
Rusiya belədir. Onu nə bölgədə daimi sabitlik və ədalətli sülhün bərqərar olması maraqlandırır, nə də regionun inkişafı və bölgə ölkələrinin bir-biri ilə, Avropa ilə inteqrasiyası. O da gerçəkdir ki, Avropanın enerji təhlükəsizliyi məsələsində də Kreml öz monopolist mövqeyini kiminləsə bölüşməyə çox aqressiv yanaşır.
Belə vəziyyətdə yeganə optimal yol bölgədə Rusiya təsirini azaltmağa yönəlik layihə və proseslərə qoşulmaq, tədricən Moskvanın təsir zonasından uzaqlaşmaq, qat-qat etibarlı olan, qardaş Türkiyənin də yer aldığı NATO təhlükəsizlik sisteminə doğru addımlamaqdır – hansını ki, qonşu Gürcüstan uğurla həyata keçirməkdədir. Əgər hətta işğalçı Ermənistan da buna altdan-altdan can atırsa, onun prezidenti Moskvanın reaksiyasından qorxmayaraq, Brüsseldə NATO baş katibi ilə görüşürsə, Azərbaycan niyə də gecikməlidir?
Söhbət təkcə Avropa Birliyi ilə, NATO ilə inteqrasiyadan getmir. Eyni zamanda Rusiyanın iqtisadi-maliyyə durumunu yaxşılaşdıran, onun regionda manevr imkanlarını artıran işbirliklərindən uzaq durmaqdan gedir. Məsələn, Gürcüstan artıq illərdir ki, öz silahlı qüvvələrini ABŞ və qonşu Türkiyənin hesabına təzədən, NATO standartları əsasında qurmaqda, peşəkar ordu yaratmaqdadır. Yanılmırıqsa, orada gənclərin ordu sıralarına çağırışı da dayandırılıb. Gürcü ordusunun hərbi parkı da Rusiya silah-sursatı ilə deyil, xeyli dərəcədə Qərb və Türkiyə silahları ilə komplektləşdirilib.
Yeri gəlmişkən, Gürcüstan 100 ədəd Türkiyə istehsalı olan “EJDER” zirehli döyüş maşını almağa hazırlaşır. Bu haqda ölkənin Baş Qərargah rəhbəri Vladimir Çaçibaya deyib. Əlbəttə ki, qardaş ölkənin getdikcə böyük silah satıcısına çevrilməsi sevindiricidir. Çünki bu, ölkənin regionda və dünyadakı nüfuzunu göstərməklə yanaşı (Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir), onun büdcəsi üçün böyük para deməkdir. Eyni məntiqlə Gürcüstanın silah məsələsində Moskvadan asılılığının heçə enməsi, Rusiya büdcəsinin isə itirməsidir. Söz düşmüşkən, nə qədər deyilsə ki, Ankara və Moskva tərəfdaş ölkələrdir, göründüyü kimi, onlar bölgədə həm də bir-birinə rəqibdir.
Məsələ ondadır ki, Azərbaycan da ən azından, silah ticarəti məsələsində Rusiyanın payını qardaş Türkiyə, Pakistan, İsrail hesabına ciddi şəkildə azalda və onu minimuma endirə bilər. Yaxud Bakı Moskva qarşısında birmənalı şərt qoya bilər ki, Rusiya tezliklə Qarabağ məsələsində ciddi dönüşü təmin eləməsə, ərazilərimizin boşaldılmasına kömək eləməsə, onunla silah ticarəti dondurulacaq.
Axı, biz niyə də işğalçının 1 nömrəli müttəfiqini maliyyə cəhətcən gücləndirməli, üstəlik, ondan hərbi asılılığa düşməliyik?
Yaxşılığı həqiqi dosta, müttəfiqə, dərdimizi çəkənə edək də. Rusiya yaxşılıq bilən deyil. İşğal rejimi daha nə qədər uzanmalıdır ki, bunu anlayaq? Müasir silahları və döyüş sistemlərini isə təkcə Rusiya istehsal eləmir ki. Moskva rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, “biz silah satmasaq, Azərbaycan onu başqa ölkələrdən alacaq”.
Kəsəsi, balansı pozmaq zamanı çatıb. Onsuz da Rusiya bizə edə biləcəyi ən böyük pisliyi edib. Ən uzağı, Dağlıq Qarabağdakı separatçı rejimi tanıya bilər. Nə olsun? Əvəzində bölgədə Gürcüstanın ardınca Azərbaycanı da itirər, Türkiyə ilə münasibətləri gərginləşər. Əsas odur ki, Qərb dövlətləri, demokratik dünya, Türkiyə qondarma “dövləti” tanımasın.
Tanımayacaq da! Necə ki, Abxaziya və Cənubi Osetiya məsələsində Rusiya beynəlxalq aləmdə tək qaldı, Qarabağ məsələsində də elə olacaq. Heç Kremlin satelliti Ermənistan Gürcüstanın iki separatçı qurumunu tanımadı – təzyiqlərə rəğmən. Çünki tülkü erməni də yaxşı bilir ki, rusun mövqeyi həlledici deyil…