Qarabağ savaşı dünyanın ən absurd müharibəsi deyil, amma dünyanın ən absurd atəşkəs rejimi bu münaqişədədir. Bu savaşda tərəflər nəyin uğrunda mübarizə apardıqlarını bilir. Ortadakı “nifaq alması” mənasız siyasi-ideoloji səciyyə daşımır, bu, heç müasir dünyada yenidən alovlanmış din-məzhəb savaşı da deyil.
Qarabağda torpaq, ərazi, yaşam arealı uğrunda müharibə gedir. Bu savaşda qalib gələn öz gələcək nəsillərinin rifahını, dolanışığını təmin edəcək.
Hətta Qarabağ torpağı qara, boz qayalıqlardan, bataqlıqlardan ibarət olsa da, onu düşmənə, hər tələb edənə vermək olmazdı.
Tarixi təcrübə göstərdi ki, insan oğlu bataqlıq və səhraların üzərində belə cənnət guşələri yaratmaq qüdrətindədir. Məsələn, 69 il əvvəl İsrail dövləti quru, bərəkətsiz, bir hissəsi daş-qayalıq, bir hissəsi də bataqlıq olan bir ərazidə qurulub. Amma indiki İsrailin kibutsalarının hər biri sanatoriyaya oxşayır.
Yəni əsas odur ki, adamın ayağının altında torpaq olsun. Ondan sonrası başqa qayğıdır.
(Yeri gəlmişkən, Qarabağ dağı-aranıyla birlikdə elə İsrail boydadır).
Bu baxımdan dünyanın ən bərəkətli, ən verimli torpağına malik olan Qarabağdan nə biz vaz keçə bilərik, nə də ermənilər elə asanlıqla ondan əl çəkənə oxşayırlar.
Burada, bu məsələdə kompromis, güzəşt söhbəti yoxdur, ermənilər Qarabağ torpaqlarını azad etməyə məcbur olana qədər bütün qüvvələri ilə dirəşəcəklər.
Məhz bu üzdəndir ki, dünyanın ən absurd atəşkəs rejimi bu savaşda hökm sürür. O rejim bir gecədə 145, bir həftədə 1000 dəfədən artıq, bir ayda 4300, bir ildə təxminən 53 min dəfə pozulursa, ona atəşkəs demək olarmı?
Bu, əməlli-başlı müharibədir. Sadəcə, təmas xəttindəki qoşunlar cəbhə xəttini yarmağa, yeni-yeni ərazilər işğal etməyə təşəbbüs göstərmir.
Kəşfiyyat-diversiya qrupları, artilleriya qurğuları isə il on iki ay və gecə-gündüz işləyir, ağır və yüngül çaplı silahlar susmaq bilmir. Snayperlər bir gün də olsun gözlərini nişangahdan, barmaqlarını tətikdən çəkmirlər.
Hər gün təmas xəttində tonlarla sursat məsrəf olunur, milyonlar gedir.
Beynəlxalq təşkilatlar, qüdrətli dövlətlər bunun adına “atəşkəs rejimi” deyir, onun pozulmaması, pozulanda tez bərpa olunması üçün hər gün saat-saat telefon danışıqları aparır, orda-burda görüşlər təşkil edirlər.
Müharibə isə davam edir. Bu, gor qonşularının çəpər başından etdiyi davaya oxşasa da, hər halda qarşılıqlı söyüşmə ilə, nifrət təzahüratı ilə bitmir, az qala hər gün gənclər ölür, şəhid olur, yaralanır.
Bu müharibədə gənc övladlarını itirən valideynlər üçün fərqi yoxdur ki, onlar “atəşkəs rejimi”nin pozulması zamanı həlak olublar, yoxsa qızğın döyüş əməliyyatları zamanı. Bu, onlar üçün böyük faciə, vətən üçün itkidir.
Bəzən atəşkəsin pozulmasının ilk təşəbüsçüsünün kim olması barədə istər ölkə daxilində, istərsə də böyük paytaxtlarda ziddiyyətli fikirlər səslənir. Heç bir tərəf “bəli, atəşkəsi mən pozmuşam” demir, deməz.
Əslində isə atəşkəs ilk dəfə 1988-ci ildə, düz 29 il bundan qabaq pozulub. Ondan sonrakılar sadəcə atəşlərin fasilələrlə davam etdirilməsidir.
Bu, yalançı atəşkəsdir, böyük dövlətlərin sırf Azərbaycanın əl-qolunu tutmaq üçün bizə sırınan (nə yazıq ki, bizim də onu qəbul etməyə məcbur oldğumuz) hərbi-siyasi sazişdir. Ancaq o, sülh sazişi olmadığı üçün son 23 ildə yüz minlərlə dəfə pozuntuya məruz qalıb.
Əsl atəşkəs o zaman olacaq ki, Ermənistan işğal etdiyi torpaqları sonuncu qarışına qədər boşaldacaq (buna məcbur olacaq), Azərbaycan isə Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarının təminatını beynəlxalq zəmanətlə öz üzərinə götürəcək.
Bu gedişatla o arzulanan gün hələ uzaqdadır. İndilikdə “çəpər savaşı” və absurd atəşkəs rejimi davam edir.
Bu müharibədə qalib gəlməyin yeganə yolu savaşdan vaz keçməmək, usanmamaq, onu davam etdirməkdir. Bu, bizə baha başa gələcək, amma Qarabağı itirmək qat-qat böyük itki olar.