Загрузка...

Siyasilər üçün lakmus kağızı

Dünyada müstəqil medianı sevən bir dikttaor belə yoxdur. Birmənalı. Hamısının tənqidçi jurnalistlərdən zəndeyi-zəhləsi gedir.

Heç tənqidçi mediadan xoşu gələn demokrat da yoxdur. Onlar da barələrində yaman yazan qəzetçilərə nifrət edirlər. Əgər bir jurnalist dürüst siyasətçi barədə pis-pis yazırsa, demək, qərəzlidir. Qərəzlidirsə, şanlı demokrat ondan necə xoşlansın?

Sadəcə, tənqid yazan jurnalistlərə münasibətdə diktatorlar və demokrat liderlər arasında bir yekə fərq var. İkincilər tənqidçi jurnalistlərə birtəhər təhəmmül edə bilirlər, birincilər isə onların varlığına, fəaliyyətinə dözə bilmirlər.

Demokratlar tənqidçi jurnaistlərə ona görə dözə bilirlər ki, asılmağa aparılan erməniyə dair lətifədə deyildiyi kimi, “variant çika”. Amma diktatorların jurnalistlərə dözməmək üçün əllərində imkanlar və variantlar olur.

Əslində diktatorlar da, demokratlar da sidq ürəkdən istəyirlər ki, jurnalistlər hər zaman onları tərfiləsinlər, göyə qaldırsınlar.
Ancaq bunu təşkil etmək üçün diktatorların əlində geniş imkanlar varsa, demokratların belə imkanı məhduddur. Üstəlik, demokratlar təbiətcə bir az təvazökar olurlar, tərifə etiraz etməsələr də, onun ifrata varmasına razı ola bilmirlər. Diktatorlarda isə bu problem yoxdur, media onları günəşlə müqayisə etsə də, etirazları olmayacaq, düşünəcəklər ki, bu, sınanmış texnologiyadır, kütləyə yönəldici təsir göstərir, qoy olsun.
Tutaq ki,ortaya bir yeni syasətçi çıxır və hamımız onun şəxsi məziyyətlərindən bixəbərik, nə yuvanın quşu olduğunu bilmirik. Gözümüzü onun ağzına dikirik ki, görək, özü barədə nə informasiya verəcək. Adam danışmağa başlayır və ilk çıxışında mediaya hücum edirsə, onları qərəzkarlıqda, həqiqəti təhrif etməkdə, düşmənçilikdə suçlayırsa, iş tamamdır, adamın adını salın diktatorlar siyahısına.
Gerçək demokratın mediadan zəhləsi getsə də, onunla açıq düşmənçilik etməz, ondan tənqid yazanları yavaş-yavaş, “pişim-pişim”lə neytrallaşdırmağa, öz dürüst fəaliyyəti ilə onların haqsız çıxmasını təmin etməyə çalışar.

Budur, gözümüzün qabağında bir Donald Tramp var. Adam hələ prezidentliyə namizəd olduğu vaxtdan bəri media ilə dalaşır. O, hətta andiçmə mərasimindən sonra keçirdiyi ilk mətbuat konfransında belə xoşu gəlməyən jurnalistləri acıladı, onlarn işlədiyi media qurumlarını düşmən elan etdi.

Elə hesab olunurdu ki, ağır seçki kampaniyasından yaralı çıxmış, barəsində heç vaxt olmadığı qədər pis şeylər yazılmış, danışılmış Trampın hirsi zamanla soyuyacaq və o daha jurnalistlərlə savaşmayacaq.

Amma keçi handa, qaya handa, mister hələ bir az da üstünə qoyub. Onun media ilə münasibətlərinə dair verilən bəd (ingiliscə desək, bad) proqnoz doğrulmaq üzrədir: Trampdan olsa, başda CNN olmaqla barəsində tənqid yazmış bütün televiziya və qəzetləri bağladar.

Bəs o, “demokratiyanın beşiyi” olan ABŞ-ın prezidentidir axı. Nə olsun? Ona qalsa, Hitler də dəqiqlikdə, dürüstlükdə, vicdanlılıqda, ədalətlilikdə ad çıxarmş alman xaqının oğluydu, amma tənqidçi qəzetçiləri tutdururdu da, güllələtdirirdi də.
Yəni bu işin o işə dəxli yoxdur. Adam yüzdəyüz demokratik yolla, xalqın iradəsiilə seçilə bilər, amma aşağı ətrafı kresloya dəyən kimi fikirləşər ki, məni xalq seçib, bunlar məni tənqid edə bilməzlər, deməli, rədd olmalıdırlar.

Zatən indiyədək demokratik yolla, seçkiylə-filanla seçilən, sonradan diktatora çevrilən adamlar çox olub, heç də hamısı tankın belində, silahı çevrilişlə hakimiyyətə gəlməyib. Elə Hitler də seçkiylə gəlmişdi, Mussolini də. Başqaları da var.

Aqronomiyada “Bordo məhlulu” deyilən bir preparat növü var, onun hazır hala gəlməsini lakmus kağızı ilə yoxlayırlar, kağız qızardısa, demək, məhlul hazırdır, üzüm tənəyinə çiləmək olar. Prezidentliyə namizədlər üçün də lakmus kağızı var: media, qəzet, televiziya, sayt və s. Əgər namizəd özü barədə yazılanları oxuyub hirsindən qızardısa, vəssalam, demək, məhlul hazırdır, artıq onu çiləmək olar.