Səbinə Əsgərova:

Müğənni Səbinə Əsgərovanın “Qafqazinfo”ya müsahibəsi:

– Səbinə xanım, siz şou-biznesə təhsilli gələnlərdən, yoxsa müğənni olub sonra təhsil alanlardansız?

– Musiqi təhsili almışam, ancaq ali təhsilim yoxdur. Özüm Xalq artisti Samir Cəfərovun tələbəsi olmuşam. Yəqin ki, bilirsiz, onun özü bir məktəbdir. Bu sənətin xırdalıqlarını Samir Cəfərovdan öyrənmişəm.

“Tək başıma “qurd”larla mübarizə aparıram”

– Bəs niyə müğənni olmaq eşqinə düşmüsüz?

– Birdən-birə müğənni olmamışam. Təhsilim var, hər zaman düşünürdüm ki, sənətçi olacam. Bu arenada zəiflər uduzur, güclülər qalır. Şou aləminə daxil olandan tək başıma “qurd”larla mübarizə aparıram. Yəqin ki, zəif deyiləm, zəif olsam “sınar”dım, hər şey xətrimə dəyərdi. Şou-biznesdə təzə ola bilərəm, ancaq həyatda köhnəyəm. Daha doğrusu, həyat dərsi keçmiş bir insanam, xarakterim güclüdür.

– Sizin səsinizi Aygün Kazımovanın qızı İlqarəyə çox bənzədirlər. Hətta, səhv salanlar belə var.

– Hə, düzdü. Amma daha çox Aygün Kazımovanın gənclik illərindəki səsinə bənzədirlər. Mən isə oxşatmıram. İstəmirəm ki, səsim oxşar olsun.

Səbinə Əsgərova:

“Mənim də bir dəstəyim var”

– Qadının əsas güclərindən biri də puldur. İncəsənət aləmində də pulsuz böyük işlər görmək qeyri-mümkündür. Sponsorunuz var?

– Bu, təkcə sizi yox, hamını maraqlandırır. Deyirlər ki, Səbinə kifayət qədər bahalı bəstəkarlar, rejissorlarla əməkdaşlıq edir. Söyləyirlər ki, bu qızın pulu hardan gəlir? Təbii ki, mənim də bir dəstəyim var. Ailəm dəstək olur. Dəstək olmasa işlər görmək qeyri-mümkündür. Bizdə sistem başqadır, maliyyə əsasdır, vacibdir. Hər kəsin zəhmət haqqı verilməlidir. Məsələn, bəstəkar, rejissor yaxşı iş ortaya qoyursa, mütləq ona qonorar ödənilməlidir. Mən 20 ildən sonra da layihələrə pul xərcləyəcəm. Pulsuz batıb gedərəm. Təəssüf ki, bizdə prodakşınlar fəaliyyət göstərmirlər. Varsa da, çox az saydadır. Məsələn, biz onlarla əməkdaşlıq edərdik, layihələrimi reallaşdırardı, işimi qurardı, pulunu da qazanardı.

– Məsələn, sonuncu dəfə təqdim etdiyiniz “Yağ yağışım” klipi üçün bahalı rejissor kimi tanınan Anar Hüseynova müraciət etmisiz. Deyəsən, kisənin ağzını çox açdınız…

– Bir insanın işini bəyənirəmsə, onunla “bazar” açmaq istəmərəm. Uşaq deyiləm, bilirəm ki, məbləğ bölüşdürülür və rejissorun özünə çox az məbləğdə maliyyə qalır. Anar mahnını dinləyəndə klip çəkmək istədiyini dedi. Çox bəyənmişdi. Anara o qədər də böyük məbləğdə pul qalmayıb. Bəlkə də, qalıb. Qiymət açıqlasam onun biznesinə müdaxilə etmiş oluram.

“Onu öz ətrafı məsxərəyə qoydu”

– Pulu çox olan ulduz ola bilər?

– Yox, ola bilməz. Peris Hilton milyarderdir. O geyimlərinə görə ulduzdur, amma müğənni kimi ulduz ola bilmir. Bir mahnı çıxardı, tənqid olundu, öz ətrafı məsxərəyə qoydu. Müğənni pulla tanına bilər, ancaq ulduz və brend ola bilməz. Hər işdə hamıya naxış və bir qaşıq şans lazımdır. Özümü çox adamdan şanslı hesab edirəm.

“Qadının həyatında 10 yox, bir kişi olmalıdır”

Səbinə Əsgərova:

– Reallıq budur ki, bir qədər sənətdə yeni işığı parlayan ifaçılara kişilər xüsusi maraq göstərir. Onlara jest edirlər, hədiyyələr göndərirlər, sevgili olmaq istədiklərini deyirlər. Artıq siz də bu kimi hallara rast gəlmisiz?

– Bu cür təkliflər oldu, amma geri çevirdim. Qadının həyatında 10 yox, bir kişi olmalıdır.

– Deməli, sevgiliniz var…

– Bəli. Əslində bu haqda heç nə danışmamalıyam. Çox istədiyim var, sevdiyim yoxdur.

“O da bilir ki, sevmirəm, çox istəyirəm”

– Deyirsiz ki, sevmirəm, çox istəyirəm. Bu sözlər qarşı tərəfin xətrinə dəyməz?

– Yox, o da bilir ki, sevmirəm, onu çox istəyirəm.

– Niyə insanlar sevməkdən qorxur?

– Yəqin ki, əvvəlki münasibətlərində yarı yolda qalıblar. Kimsə onları qoyub gedib. Kişi özü pul qazanmalıdır, xanımını kraliça kimi yaşatmalıdır. Yaşada bilmirsə, kənara çəkilməlidir. Mənim elə yaşımdır ki, beynimlə sevməyi düşünürəm. Ürəyi kəsib kənara qoymuşam. Sevməyə çox meyilliyəm. Ancaq özümü çərçivəyə salmışam, o çərçivədən çıxmamalıyam.

– Bir övladınız var, ancaq sosial şəbəkədə heç vaxt onunla birgə çəkilmiş foto paylaşmamısız.

– Ailəm yox, mən şou-biznesdəyəm. Qızımın 18 yaşı tamam olar, seçimini edər. Bu sahəyə uyğun seçim edərsə, şou-biznesə daxil olar. İstəmirəm ki, qızım göz qabağında olsun. Uşaqdır, getsin dərslərini oxusun. Təhsil çox önəmlidir.

Səbinə Əsgərova:

– Gözə-nəzərə inanırsız? Bəlkə də, onu gündəmə gətirməmək səbəbiniz budur.

– Çox inanıram. Mənim auram çox təmizdir. Bir nəfər mənə baxsa, başım çox ağrıyacaq. Başqa biri bədəninin ağrıdığını desə, məndə də ağrılar başlayacaq. Yolda bir dilənçi görürəm. Beynimdə tez fantaziyalar qururam, onun bu hala gəlmə səbəbini beynimdə canlandırıram. Onun yaşadığı neqativi öz üzərimə götürürəm. Bu, yaxşı bir hal deyil.

“Ev xanımı heç vaxt ola bilmərəm”

– “İnsan arzuladığı kimi yaşamalıdır”- bu cümlədən çox istifadə edirsiz. Deyəsən, arzuladığınız kimi yaşamırsız.

– Düzdü, arzuladığım kimi yaşamıram. Öz arzularım var, bunu dilə gətirmək olmur. Yüz faizlik ev xanımı heç vaxt ola bilmərəm. O həyatı yaşamışam, ikinci dəfə istəmirəm. Məsələn, sizə bir məsələni danışım, ətrafımda çox problemlər olur. Ancaq ailəmlə bağlı problem yaransa, avtomatik olaraq çökürəm. Yenidən ayaqüstə qalxmağa çətinlik çəkirəm. Ailə mənim həssas yerimdir. Çox möhkəm qadınam, amma ailədə xırda problem varsa, çökürəm.

– Çox mülayim bir xanımsız. Bu arenada mülayimlik keçərli deyil.

– Hər mələyin bir şeytan üzü var. Mənim o biri üzümü görməsinlər. Mənə pislik edənlərlə ölənə kimi düşmənçilik edərəm. Sonda qalib olacam, çünki bürcüm qoçdur. Amma bir söz deyim ki, indiyənə qədər düşmənim olmayıb, yoxdur. Mənim sevmədiyim, münasibəti kəsdiyim insanlar var. Dostlarımız olub ki, münasibət alınmayıb, hər kəs öz yoluna davam edib. Ölənə kimi onlarla dostluq etmək məcburiyyətində deyilik.

Səbinə Əsgərova:

– Dostlarla, sevgiliylə münasibətlər bitə bilər. Bu, normal bir şeydir. Bəs hansı məqamda “bitdi” deyib münasibətə son qoyursuz?

– Kobudluq söyüşə çevrilirsə, münasibətə son qoyuram. Söyüş eşitmək istəmirəm. Söhbət dostluq münasibətlərindən gedir. Ciddi ortamda hərdən söyüşlə danışırlar, bununla heç vaxt razılaşmıram. Sevgi münasibətində də söyüş söymək olmaz. Sevgi elə bir şeydir ki, səhv etsə belə bağışlayırsan.

“Kişinin ya pulu, ya da yaraşığı olmalıdır”

– Nigar Camal açıqlamışdı ki, yaraşıqlı kişilərdən xoşu gəlmir. Siz də belə düşünürsüz?

– Kişi ya çirkin olub pulu gözəl, ya da ki, pulu olmayıb, özü yaraşıqlı olmalıdır. Kişinin ya pulu, ya da yaraşığı olmalıdır. Təsəvvür edin ki, kişinin nə pulu, nə də yaraşığı var. Özünüz fikirləşin. Dərd bir olar, bunda da ikidir. Nigara da qoşuluram, kişidə əsas yaraşıq deyil. Mən sizə bir söz deyim. Kişilər də gözəl qadınlardan qorxurlar. Onlar görürlər ki, heç kim o qıza baxmayacaq, bu səbəbdən sevgili olurlar. Gözəl qadınlar həmişə tək olur.

– Səbəb nədir? Mübarizə aparmağa çəkinirlər?

– Hə, görür ki, əl-ayağı var. Bu, kifayətdir. Kişilər belə sevir. Amma qadında bir şirinlik olmalıdır. Soyuq gözəllərdən kişilərin xoşu gəlmir.

“Bahalı ilə ucuz paltar efirdə eyni görünür”

– Qadın demişkən, xarici görünüşünüzə çox diqqət edirsiz. Geyimləriniz də maraqlı və zövqlü olur. Alış-verişə pul xərcləməklə aranız necədir?

– Əvvələr çox axmaq idim, bahalı geyimlərə, ayaqqabılara pul xərcləyirdim. Daha sonra gördüm ki, bahalı ilə ucuz paltar efirdə eyni görünür. Lap özüm üçün belə bir addım atdım. Bahalı paltarlara pul xərcləmək mərhələsini keçdim. İndi ucuz geyimlərdən də isitfadə edirəm.

– Sonda bir sual vermək istəyirəm. Prodüser Təranə Səmədova ilə işbirliyinə bir neçə aydır ki, başlamısız. Niyə məhz o?

– Səbəbini bilmirəm. Bir yerdə işləyirik. Əməkdaşlıq pozulsa belə, dostluq hər zaman qalacaq. Mənim aləmimdə dostluq başqadır. Ətrafımda məndən istifadə edəcək şəxsləri dərhal yanımdan uzaqlaşdırıram. Bunu hiss edirəm. Dost insanı çox istəməlidir.

loading...